Əbülfəz Qarayev: “Türk mədəniyyətini qorumalı və dünyaya bu mirasın zəngin olduğunu sübut etməliyik”

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyə mətbuatına (“Anadolu”, “İhlas” və “Demirören” xəbər agentlikləri) müsahibə verib.Müsahibədə iki qardaş ölkə arasındakı əlaqələrindən bəhs edərək Azərbaycan mədəniyyətinin Türkiyədə, Türkiyə mədəniyyətinin Azərbaycanda təbliğ olunmasının (heritage.gov.az) vacib olduğunu bildirən nazir, eyni zamanda Ermənistanın işğalı altında olan mədəni irsimizlə bağlı fikirlərini də bölüşüb: “Azərbaycan öz mədəni irsinin mənimsənilməsinə imkan verməyəcək. Bu işdə biz yalnız deyilik, türk dövlətləri də hər zaman yanımızda olurlar. İşğal altında olan Azərbaycan torpaqlarında bərpa adı ilə tarixi abidələrimiz saxtalaşdırılır və təhrif olunur. Türkiyə bu məsələdə hər zaman öz dəstəyini göstərir. Biz UNESCO-da da birlikdə çalışırıq. Birgə zəhmətimiz sayəsində UNESCO siyahısına daxil etdiyimiz irs nümunələrimiz var. Məsələn, Novruz bayramını ümumi miras olaraq təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etdik. Çünki Novruz bizi birləşdirən dəyərdir. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanı Türkiyədə də, Türkmənistanda da, Qazaxıstanda da eyni adla tanınır. Türk xalqlarının bu söz abidəsi də bizi birləşdirir”.

Ə.Qarayev irs nümunələrimizin UNESCO-nun siyahısına daxil olduqdan sonra onlardan daha səmərəli istifadə etməli, onların təbliğatını daha da genişləndirilməsi məsələsini də diqqətə çatdırıb: “Ötən il Bakı şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildi. Biz özümüzü türk mədəniyyətinin ayrılmaz bir hissəsi kimi görürük. Azərbaycan və Türkiyə arasında əlaqələr o qədər dərindir ki, bəzən mədəniyyətlərimizi bir-birimizə tanıtmağı belə unuduruq. Beynəlxalq aləmdə bir millətin iki səsi var. Prezident İlham Əliyev Türkiyəni hər zaman Azərbaycana ən yaxın və qardaş ölkə kimi görür”.

Nazir söhbət əsnasında TÜRKSOY çərçivəsində olan əməkdaşlıqdan da söz açıb: “Bu təşkilat fəaliyyətində bütün türk mədəniyyətlərini birləşdirir. Harada türk xalqı varsa, biz onların da mədəniyyətini qorumalıyıq. Balkanlardan tutmuş dünyanın bir sıra ölkələrində türk mədəniyyətini qorumalı və dünyaya bu mirasın nə qədər qədim və zəngin olduğunu sübut etməliyik”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı