Ənvər Həsənov - 70
Azərbaycan Kinematoqrafçılar İttiifaqının üzvü, Xalq artisti Ənvər Həsənovun anadan olduğu gündür, 70 yaşı tamam olur. Aktyor 70 yaşın zirvəsində olduğu eyni ildə həm də “Azərbaycanfilm” kinoinostudiyasında fəaliyyətə başlamağının da 55 ilini tamamlayır. Səmərəli fəaliyyət yolu keçən aktyorun bəxti onda gətirib ki, bu illər ərzində ustadlarla tanış olub, onlarla bərabər çalışıb, ən önəmlisi isə Adil İsgəndərov kimi milli ruhlu sənətkarın tələbəsi olub və ömrünün sonuna qədər də onun tələbəsi olaraq qalmağına söz verib.
Ə.Həsənov deyir ki, sənətə olan həvəsinin, sevgisinin yaranmasında, hətta tükənməz olmasında məhz Adil İsgəndərovun rolu böyük olub: Xoşbəxtəm, ona görə ki, böyük rejissorumuz Adil İsgəndərovla 3 filmdə tərəf müqabili olmuşam. Mən Ədil İsgəndərovun sayəsində Ənvər Həsənov oldum, aktyor və rejissor kimi püxtələşdim. Bu gün kinostudiyada özümü onun davamçısı hesab edirəm”.
Böyük kino xadimləri ilə tərəfmüqabil olmaq və ya hər obraza fərqli yanaşma
1965-ci ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışan aktyor çox sayda filmə çəkilib və bəzilərində ikinci rejissor kimi çıxış edib.
Azərbaycanın ən güclü rejissor, aktyor, rəssam və bəstəkarları ilə bərabər çalışıb – rejissorlardan Adil İsgəndərov, Tofiq İsmayılov, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Arif Babayev, aktyorlardan Məmmədrza Şeyxzamanov, Həsən Məmmədov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Muxtar Maniyev və neçə-neçə böyük kino xadimləri ilə tərəfmüqabil olub.
Aktyor bildirir ki, hazirda onların böyük əksəriyyətinin dünyadan köçməsi, onun üçün həqiqətən də faciədir, ancaq onunla təskinlik tapır ki, onların hər biri ilə bağlı xoş xatirələri var və bu xatirələri heç bir şeyə dəyişmək olmaz.
1966-cı ildən etibarən bir neçə filmdə epizodik rola çəkilən aktor, sonralar “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və digər filmlərə də dəvət alır və bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradır.
Ancaq tamaşaçıların yaddaşında daha çox Murad, Cəlal və Şahbaz obrazı ilə qalır. Bəlkə də ona görə, aktyorun gənclikdən doğan çılğınlıqla hər üç obraza yanaşma tərzi, təbii ifa və ya elə həyatın içindən olan insan psixologiyasından irəli gəlirdi bu sevgi….
İçərişəhərli Murad, komsomol Cəlal, qarabağlı Şahbaz bəy…
Hər üç obraz yaş baxımından uyğun ola bilər, yaraşıqlı olmaq, sevgi baxımından da eyni ola bilər, ancaq fərqli dövrün, fərqli insanları olduqları üçün yanaşma tərzi də müxtəlifdir.
Uşaqlığın son gecəsi filmi (1968-ci il)
Filmdəki Murad obrazı aktyorun karyerasında dönüş nöqtəsi olub, demək olar ki, öz həyatını oynayıb: “Muradın taleyi hardasa mənim taleyimlə bağlıdır. Mən də Murad kimi İçərişəhərdə böyümüşəm, onun kimi çılğın, dəcəl olmuşam. 1966-cı ildə Arif Babayevin quruluş verdiyi “İnsan məskən salır” filmində II rejissor olaraq çalışdım və beləliklə də Arif müəllimlə yaradıcı əməkdaşlığımız başladı. O dövrdə yaradıcı proseslərin qaynarlığı bir başqa idi, təsəvvür edin ki, kinostudiyada o qədər qaynar fəaliyyət var idi, hamı da böyük həvəslə çalışırdı ki, bu səmimiyyət də birbaşa çəkilən filmlərə öz təsirini göstərirdi. Filmin ədəbi ssenarisi Maqsud İbrahimbəyova məxsusdur, ancaq kino-ssenarini Arif müəllim işlədi və Murad obrazını mənə uyğun şəkildə dəyişdi” deyir Ənvər müəllim.
“Yeddi oğul istərəm” filmi (1970-ci il)
Tofiq Tağızadənin quruluşunda çəkilən filmdə sınaq çəkilişlərinə onlarla aktyor dəvət olunub. Cəlal obrazına, bu rolun sonuncu sınaq çəkilişlərinə Ənvər Həsənov da dəvət edilib.
Aktyor deyir ki, filmin çəkilişləri Qobustan, Fatmai, Mərdəkan, Şağan, Buzovna kəndlərində və kinostudiyanın həyətində qurulmuş pavilyonda aparılıb və filmdə onun üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Əslində həmin səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Belə ki, Cəlal dağa, dərəyə çıxır, qayalıqları keçir, neçə yerdən qaçır və həmin vəziyyətdə dayanır Gəray bəyin qarşısında və başlayır monoloqunu deməyə. Qobustanda çəkilən epizodda Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi.
O çəkilişdən sonra bir həftə işə çıxmayan Ənvər Həsənov etiraf edir ki, çox çətin səhnə idi və bir müddət özünə gələ bilməyib.
“Dərviş Parisi partladır (1976-cı il)
Qarabağın XIX əsrin ortalarındakı tarixindən bəhs edən “Dərviş Parisi partladır” filmində fransız botanik müsyö Jordanın Azərbaycana gəlişi, ölkəmizin təbiətinə, insanların qonaqpərvərliyinə vurğunluğu əks olunur. Film Qarabağda, Şamaxıda ekranlaşdırılıb. Hətəmxan ağanın qonaqlarına atları nümayiş etdirdiyi, müsyo Jordanın “İldırım”ı (Şahbazın atı) görmək istədiyi yer Şamaxıda lentə alınıb. “Şahbazın “Firəngistan”a yola salındığı səhnəni kinostudiyanın pavilyonunda çəkilib.
Aktyor deyir ki, o vaxtlar idmanla məşğul olduğu üçün atla bağlı səhnələrdə çətinlik çəkməyib. Belə ki, kinostudiyada ola-ola idmanla məşğul olub, hətta 6-7 idman dərəcəsi də alıb: “Tale elə gətirmişdi ki, institutda oxuyanda bizim Əlikram müəllim “Qobustan” rəqs ansamblını yaratmışdı. 3 il ərzində “Qobustan”da məşq etdim, rəqslərə getdim. Mən artıq püxtələşmişdim, rəqs təcrübəm vardı. Ona görə “Dərviş Parisi partladır”da rəqslə bağlı da hər hansı çətinliyim olmadı”.
Ənvər Həsənovun çəkildiyi bütün filmlərin timsalında məhz yuxarıda qeyd etdiyimiz 3 obrazla tamamlamaq, əlbəttə ki, bu rolların tamaşaçı tərəfindən daha böyük maraqla izlənməsindən irəli gəlir.
Azərbaycan Kinematiqrafçılar İttifaqının İdarə Heyəti adından tamaşaçı yaddaşında Cəlal, Murad, Şahbaz kimi kimi qalan və illər keçsə də eyni sevgi ilə qarşılaşan görkəmli aktyorumuzu 70 illik yubiley yaşı münasibətilə böyük sevgi ilə təbrik edir, “DAİMA VAR OLUN GÖZƏL İNSAN” deyirik.
Xədicə QİYAS