Əbülfəz Qarayev: “Böyük şəxsiyyətlərimiz haqqında ssenari təklif etsələr, biz onun çəkilişinə mütləq şərait yaradacağıq”

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamında Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılmışdır.

Mədəniyyət naziri Əbülfəz Qarayev APA agentliyinə verdiyi müsahibəsində bildirib ki, martın 1-də hörmətli cənab Prezident və hörmətli Mehriban xanımın mədəniyyət xadimləri ilə təşkil edilən görüşü Azərbaycanda mədəniyyətin müxtəlif sahələrini qısaca da olsa əhatə etmək imkanı verdi. Cənab Prezidentin verdiyi tapşırıqlara əsasən uzun fasilədən sonra kino sahəsinə vəsait ayrıldı. Uzun fasilədən sonra deyəndə ki, ümumiyyətlə iki il çətin vəziyyətdə idik. Bəzi filmlərin çəkilişləri dayandırılmışdı. Lakin bildirmək istəyirəm ki, ayrılan həmin 5 milyon manatın hara xərclənəcəyi də məchul idi. Çünki hansı film çəkiləcək, nə cür çəkiləcək, kim tərəfindən çəkiləcək, bunlar hamısı qeyri-müəyyən idi. Buna görə biz xüsusi komissiya yaratdıq. Komissiya müstəqil və tanınmış kino xadimlərindən ibarət idi. 250-ə qədər ssenari qapalı şəkildə oxundu və iki ay bundan öncə artıq komissiya 20 filmi seçdi. Biz də həmin vəsaitlə o filmlərin çəkilməsinə qərar verdik. Üç filmin çəkilişinə artıq başlanılıb. Digər filmlərin də hazırlığının ilkin mərhələsindəyik. Onları çəkəcək rejissorlar da artıq müəyyənləşib, avans da verilib. Qalan pul isə büdcədə durur, növbəti illərdə film çəkilişlərinə sərf edəcəyik”.

Dövlət sifarişi ilə çəkiləcək filmlər hansı mövzuları əhatə etməsindən danışan nazir, qeyd edib ki, filmlər daha çox vətənpərvərlik, mənəviyyat kimi mövzuları, bugünkü Azərbaycanın sosial problemlərini və bu gün gedən prosesləri əhatə edir: “Bir neçə uşaq və cizgi filminin çəkilməsi də nəzərdə tutulub. Bunlar hamısı o mövzulardır ki, bu gün Azərbaycan cəmiyyətinə lazımdır. Biz komediyaya üstünlük vermirik. Çünki özəl prodakşnlar onsuz da komediya filmləri çəkir. Dövlətin işi bu prosesi istiqamətləndirməkdən ibarətdir. İstiqamətləndirmənin məntiqi hansısa senzura şəklində yox, yaradıcı fikrin cəmiyyətə lazım olan mövzulara yönləndirilməsinə xidmət edir. Dövlət ona görə filmlərə vəsait ayırır ki, gənc nəsil tərbiyə olunsun, insanlarımızda vətənpərvərlik hissi oyansın, vətənimiz uğrunda mübarizə aparmış şəxslər tanıdılsın”.

Mədəniyyət naziri Azərbaycanda çəkilən serialların səviyyəsinin nə qədər qənaətbəxş olmasından da bəhs edib: “Bizim serialların hamısı haqqında danışa bilmərəm, çünki baxmağa vaxtım olmur, ancaq bir neçə dəfə bəzi serialları izləmişəm. Mənə elə gəlir ki, problemlər bir az süniləşdirilmiş şəkildə təqdim olunur. Hesab edirəm ki, burda da yaradıcı kollektivə peşəkarlar yol göstərməlidirlər. Ona görə də cənab Prezidentlə görüşdə təklif olundu ki, televiziyalarda Bədii Şura yaradılsın. Bu Bədii Şuralar da tanışlıqlar üzərində qərar verməməlidir və bu şuraların seriallar barədə söz demək hüquqları olmalıdır. O zaman serialların səviyyəsi də tarazlaşa bilər”.

“Nəsimi ili” ili çərçivəsindən görülən işlərdən danışan nazir bildirib ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi fikri vaxtı ilə də qaldırılmışdı. Lakin Suriya dövlətinin, yerli əhalinin də fikri odur ki, Nəsiminin məzarı artıq müqəddəs ocağa çevrilib. Nəsiminin məzarının abadlaşdırılması ilə bağlı dövlətlərarası müzakirə aparılıb. “Nəsimi” filmini bərpa etdik. Ümumiyyətlə tarixi şəxsiyyətlər haqqında bir neçə film çəkilib.

Bizim kino və ədəbiyyat ustadlarına müraciət edirəm, əgər böyük şəxsiyyətlərimiz haqqında ssenari təklif etsələr, biz onun çəkilişinə mütləq şərait yaradacağıq. Baxmayaraq ki, bu cür filmlərin çəkilişinə çox böyük vəsait tələb olunur”.

Son olaraq qeyd edək ki, 2020-ci ildə yaradıcı sənayenin formalaşdırılması önəmli məsələ olaraq Mədəniyyət nazirliyinin diqqətində olacaq. Daha çox regionlarda mədəniyyət xidmətləri təşkil olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı