Ələsgər Ələkbərov-110

Azərbaycan teatrının qüdrətli aktyoru, milli kinomuzun pafoslu qəhrəmanı Ələsgər Ələkbərovun 110 yaşı tamam olur.

Ə.Ələkbərov Bakıdakı Realnı Məktəbdə(1918), Bakıdakı Teatr Texnikumunda(1927-1930) təhsil alıb. İlk fəaliyyət illəri Türk İşçi Teatrından başlayıb, bir neçə il Tiflis Azərbaycan Teatrında, daha sonra  Gəncə teatrlarında davam edib. 1933-cü ildən öz yaradıcı taleyini Milli Dram Teatrına bağlayıb və bu teatrın səhnəsində önəmli obrazlar oynayıb. Aktyorun  Vaqif (“Vaqif”) və Otello (“Otello”) rolları, bəlkə də onun sənət dünyasının ən dəyərli nişanələridir.

Teatr tarixindən belə məlum olur ki, aktyor öz təbiətinə uyğun olan yeri məhz rejissor Adil İsgəndərovun monumental səpkili tamaşalarında tapıb. Rejissorun quruluşunda hazırlanan “Həyat” (Akif və Süleyman), “Xanlar” (Xanlar), “Fərhad və Şirin” (Fərhad), “Nizami” (Əbdək), “Cavanşir” (Cavanşir), “Aydın” (Aydın), “1905-ci ildə” (Salamov), “Türkiyədə” (aparıcı müəllif), Şekspirin “Otello” (Otello) vəs. tamaşalarında öynadığı obrazlar silsiləsi ilə özünəməxsusu ifa nümayiş etdirib.

Teatr tənqidçilərinin fikrincə, Ələsgər Ələkbərov o aktyorlardandır ki, teatr aləminə olan sevgisini, hörmətini tamaşaçı auditoriyasına da öyrətməyi bacarırdı. Tamaşaçılar onun kimi sənətkarların sayəsində  teatrın necə ciddi, yüksək sənət olduğuna əmin olurdular.

Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Qartal qanadlı sənətkar” məqaləsində deyib: “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik əsərlərdə, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır”.

Azərbaycan teatrı üçün önəmli olab belə bir aktyorun sadəcə teatrda qalması, onu çərçivədə saxlamaq demək olardı. Və yaxşı rejissorlar onu kino üçün kəşf edə biliblər və yaxşı ki, Ələsgər Ələkbərov kinoda yaratdığı obrazlar silsiləsi ilə tarix yaza bilib.

Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daja sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. O, “Fətəli xan” filmində baş qəhrəman obrazı ilə sübut etdi ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.

“Ögey ana” filmindəki Hüseyn dayı – kəndin ağsaqqalı obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, “Qara daşlar” filmindəki İsmayılzadə rolu daha ciddi xarakterə malik insandır.

Əslində sadaladığımız bu obrazlar qalereyası aktyorun daxili dünyasına sirayət edən və eyni zamanda daxili dünyası ilə birləşdirərək oynadığı rollardır.

Ümumiyyətlə Ələsgər Ələkbərovun yaradıcılığında kino sənətinin xüsusi  yeri olub. Kino tənqidçiləri onun yaratdığı obrazları xarakterizə edərkən qeyd ediblər ki, aktyorun rolları klassik aktyor sənəti məktəbinin gözəl ənənələrinin yaşatmaqla yanaşı, eyni zamanda hər aktyora müəssər olmayan yaxşı kino texnikasına malikdir.

Leyla Bədirbəylinin xatirələrindən: “Bəzən həyatda bir adamı yalnız görən zaman yada salır, xatırlayırsan. Lakin elə insanlar da olur ki, onları təkcə bir dəfə görür, amma uzun illər, hətta ömrün boyu unutmursan. Ələsgər Ələkbərov belə şəxsiyyətlərdəndir. O, tam mənasında səhnə üçün, sənət üçün doğulmuşdu. Bu mahir aktyoru səhnədə bir dəfə görən heç zaman unutmurdu”.

1962-ci il…“Böyük dayaq” filmində Rüstəm kişi obrazı…xasiyyətcə sərt, bəlkə bir az da qısqanc olan, ailənin yumruq kimi bir olması tərəfdarı olan, yeri gələndə özündən çıxaraq səsini yüksəldən, ancaq nə olur olsun vicdanın öndə gəldiyinə inanan, işində, xalqa, dövlətə can yandıran bu adam çox tələbkardır. Bəlkə də aktyor elə özünü oynayırdı, axı onun da xasiyyəti də sərt və tələbkar olub. Aktyorun Həsən Məmmədovla olan tərəfmüqabil işində-ata-oğul münasibətləri də səmimiyyət üzərində qurulub.

Xatırladaq ki, “Böyük dayaq” filmindəki sillə səhnəsi quraşdırma olmayıb, həqiqidir. Bunu mərhum Həsən Məmmədov deyib. Hətta onu da deyib ki, ssenaridə belə bir səhnə var idi, hətta Ələsgər müəllim çəkilişdən əvvəl əlini göstərərək “bunun zərbəsinə dayana biləcəksən” deyə soruşub”. Cavabında narahat olmayın, dedim. Yəni, necə istəyirsiniz, elə də vurun. Ələcgər Ələkbərov heç də narahat olan aktyorlardan deyildi, əksinə Həsən Məmmədovu obraz  üçün hazırlayıb, bu da o demək idi ki, həmin səhnənin təbii çıxması üçün zərbəyə hazır ol. Aktyorun oynadağı filmlərdəki obrazlar, istər “Uzaq sahillərdə” filmindəki, Ferrero, istərsə də bəhs etdiyimiz digər filmlərdəki( “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Fətəli xan” və s) rollar yaddaqalandır, düşündürücüdür, obrazların xarakterini bütün müsbət və mənfi cəhətlərini tam aça bilib. Onun aktyor kimi qüdrətli olmağının səbəbi, bəlkə də sirri də sadəcə budur-Obrazın daxili dünyasına baş vurmaq…

53 illik ömür yaşayan aktyorun istər teatarda, istərsə də kinoda gördüyü işlər hər zaman xatırlanır, nümunə göstərilir. Bu bir daha onu göstəriri ki, Ələsgər Ələkbərov yaradıcıllığı hələ neçə-neçə aktyor nəslinin yetişməsində məktəb rolunu oynayacaq…

Azərbaycan Kinematoqrafaçılar İttifaqı