14 dekabr Rəşid Behbudovun və Rac Kapurun doğulduğu gündür
Bu gün milyonların sevimlisi, iki böyük sənətkarın, istər musiqi, istərsə də kino dünyasının ustadları, ölkələrinin təbliğatını bütün dünyada işıqlandırmış Azərbaycanın qüruru Rəşid Behbudovun və Hindistan kinosunun qurucusu Rac Kapurun dünyaya göz açdığı gündür.
Rəşid Behbudov 14 dekabr 1915-ci ildə, Rac Kapur 14 dekabr 1924-cü ildə doğulub.
Eyni gündə, fərqli illərdə, müxtəlif ölkələrdə dünyaya göz açan hər iki sənətkarın keçdiyi ömür yolunda oxşar cəhətlər çoxluq təşkil edib.
Vətəndaş mövqeyi, milli qürur, mənsub olduğu xalqın mədəniyyətinin təbliği və s. oxşarlıqlar onları ömrün ən gözəl illərində qarşılaşdırıb və hər iki müsbət güclər birləşərək dünyaya sevgi yayıb, dünyanın işıqlı günlərinin sayını çoxaldaraq gələcək üçün bünövrə qoyublar. Ən önəmlisi isə hər iki sənərkarı bütün dünyaya tanıdan sadəcə bir film olub.
Rəşid Behbudovun 1945-ci ildə çəkildiyi, baş rolunu ifa etdiyi “Arşın mal alan” filmi, Rac Kapurun 1951-ci ildə rejissoru olduğu və baş rolunu oynadığı “Avara” filmi bütün dünyada tanındı, sevildi və hər iki ifaçını ustad səviyyəyə yüksəltdi. Əslində o vaxta qədər onlar böyük bir sənət yolu keçmişdi və gördükləri işlərin hər biri sənət nümunəsi hesab olunurdu. Ancaq məhz adlarını çəkdiyimiz filmlər, əlıbəttə ki, filmlərdə olan millilik ruhu dünya xalqları üçüb böyük maraq doğurmuşdu.
Maraqlı məqamlardan biri də odur ki, onların arasında olan yaş fərqi iki böyük sənətkarın uzun illərə dayanan dostluğuna mane olmayıb.
Rəşid Behbudovun dünyada tanınması 1945-ci ilə təsadüf edirsə, Rac Kapur ondan bir neçə il sonra dünyaya səs salıb və bu kimi şöhrət hissləri də onların dostluğuna mane olmayıb.
Rəşid Behbudov nə qədər böyük istedada malik olsa da, şöhrəti dünyaya səs salsa da, çox sadə və təvəzökarlığı ilə seçilib, eyni zamanda Rac Kapur da böyük bir şöhrətin, geniş imkanların müqabilində sadəliyi ilə örnək olub.
Və hər iki sadə insan iki ölkənin, Azərbaycan və Hindistan arasında güclü dostluq bağının qurulmasında, qarşılıqlı mədəniyyətin təbliğində böyük rol oynayıb. Necə ki, Azərbaycanda Hindistan filmləri, musiqisi təbliğ olunubsa, eləcə də Hindistanda Azərbaycan kinosu, musiqisi təbliğ edilib. Bu baxımdan onların birgə ifa etdiyi mahnılar Azərbaycan-Hindistan dostluğunun bariz nümunəsi olub.
1988-ci il Rac Kapurun ömrünün son ili hesab olunur.
Haşiyə: Deyilənlərə görə, Rəşid Behbudov dostunun ağır xəstə olduğunu eşidincə Bombeyə yola düşüb. Onların görüşü Kapurların evində baş tutub. Rac Kapur hind qonaqpərvərliyindəki qaydalara uyğun olaraq ayağa qalxıb hörmətli qonağını qarşılaya bilmədiyi üçün çox təsirlənib və dostluğa verdiyi dəyərə görə, bəlkə də ömrün son günlərində onu yad edən dostunun vəfasına görə, Rəşid Behbudovun əlindən öpüb.
2 İyun 1988-ci ildə Hindistan üçün ağır itki ili kimi yadda qalıb…
Hindistan kinosunun kralı hesab olunan Rac Kapur 63 yaşında gözlərini əbədi olaraq dünyaya yumur.
9 iyun 1989-cu il Azərbaycan da eyni itkini yaşayır…
Azərbaycan musiqi ustadı Rəşid Behbudov 73 yaşında gözlərini əbədi olaraq yumur.
İllər keçsə də hər iki sənətkarın yoxluğu bilinmir, çünki onlar gördükləri, əmək verdikləri nümunələrlə yadda qalıb, onların yaradıcılığı daima araşdırlır, öyrənilir, musiqiləri dinlənilir, filmləri baxılır və zaman keçdikcə bu, daima təkrar olunacaq. Çünki onlar tarix yazdılar…
Rəşid Behbudov və Rac Kapuru doğulduqları bu gözəl gündə böyük sevgiylə, ehtiramla yad edirik…
X.QİYAS