İyunun 11-də “Azərbaycan” CinemaPlus-da rejissor Aleksey Germanın “Müharibəsiz 20 gün” bədii filminin nümayişi keçirildi.
“Müharibəsiz 20 gün” filminin süjetinə görə, hərbi müxbir Lopatin, Daşkəndə ezamiyyətə gəlir, burada həlak olan yoldaşı Rubtsovun ailəsinə baş çəkir, Yeni ili qarşılayır və sevgisini tapır.
Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova bildirdi ki, German 1960-cı illər Sovet kinosunda yaranmış yeni dalğanın nümayəndələrindən idi:
“Stalinin ölümündən sonra bütün ölkədə mülayimləşmə başladı və bu, özünü kinoda da göstərdi. Həmin dönəmdə kinoya gələn gənc nəsil, yaradıcılıqlarında sosrealizm estetikasından imtina etdilər, həyatı, insanları pafosdan, ideologiyadan arındırdılar, psixoloji detallara önəm verərək, kinoya ekzistensial münasibət gətirdilər. Germanın “Müharibəsiz 20 gün” filmini çəkməkdə məqsədi də bu idi, müharibə dövrünün insanını əfsanəviləşdirmədən gerçək obrazını vermək. Rejissor, müsahibələrindən birində deyirdi: “İstərdim ki film, arxa cəbhədə aclıq çəkən, ən pis şərtlərdə yaşayan və cəbhə üçün hər şey edən insanın hekayəsi olsun. Anladıq ki, bizə həqiqi qəhrəman lazımdır. Film ağ-qara çəkilib. Müharibənin rəngi olmur, o ancaq qaradır”.
Nümayişdən sonra moderator, həmin dönəmdə filmin hansı səbəbdən məmurların qəzəbinə tuş gəldiyini açıqladı:
“Bədii Şuranın əsas etirazı, baş rolu Yuri Nikulinin oynaması ilə bağlı idi. Nikulin sirk ustası idi, onlara görə komediya aktyoru dramatik obraz oynaya bilməz, onun belə potensialı yoxdur. Halbuki Nikulun bu filmə qədər ciddi rollar oynamışdı. German onu Tarkovskininin “Andrey Rublyov” filmində görmüşdü, burada Nikulin, rahib rolunu oynayır. Filmin ssenari müəllifi Konstantin Simonov idi. O, böyük nüfuza malik idi, Mərkəzi Komitənin birinci kaitblərinə birbaşa çıxışı vardı. Və o, baş rol seçimində rejissoru dəstəkləyir, onun sayəsində Nikulin bu rolu alır. Hərçənd, Nikulin özü də bu rolu əvvəlcə oynamaqdan imtina etmişdi. Onun fikrincə, o, Lopatin roluna yaramırdı, çünki, temperamenti başqadır, bu rol üçün özünü yaşlı hesab edirdi və daha komik rollar ifa etmək istədiyini deyirdi. Amma German uzun söhbətdən sonra onu razı salır. Filmin Kalininqrad çəkilişlərindən sonra Bədii Şura yenidən Germanı sıxışdırır ki, Nikulin bu rola yaramır, o, filmdə sərxoşa daha çox oxşayır, nəinki hərbi müxbirə. Hətta Germanı hədələyirlər ki, əgər o, Nikulini filmdən çıxarmasa, onun karyerasına son qoyacaqlar. Simonov yenə məsələyə qarışır və deyir ki, Lopatin mənim təxəyyülümün məhsuludur və mən bu rolda məhz Nikulini görürəm. Əgər siz Jdanov haqda film çəksəniz, o rola istədiyiniz aktyoru təyin edə bilərsiniz. Bundan başqa, Bədii Şura vaqonda təyyarəçinin 10 dəqiqəlik monoloquna da etiraz eləmişdi ki, bu kinematoqrafik deyil. Halbuki məhz o epizod, filmin ən kinematoqrafik səhnələrindən biridir”.
Moderator daha sonra qeyd etdi ki, film ekranlara çıxandan sonra müsbət qarşılandı, müharibədə iştirak etmiş kino adamları dedilər ki, film müharibənin real təsvirini, atmosferini dəqiq verib.
Rejissor Elcan Məmmədov filmlə bağlı fikirlərini bölüşdü: “Filmin lentində müəyyən nöqsanlar vardı, amma mən onu hiss etmədim, görmədim. Çünki filmin hekayəsi, rejissor həlli, atmosferi o qədər təsirlidir ki, bu qüsurları görmürsən. German bu filmi hipperrealist, dokumental üslubda çəkib. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür edirəm ki, bu cür qiymətli filmləri bizə böyük ekranda göstərir”.
Başqa bir tamaşaçı, filmdə peşəkar dublyaj məsələsinə toxundu: “Biz filmin yaradıcı heyətindən, aktyorlardan, rejissordan danışırıq. Amma mən, filmi səsləndirən aktyorlarımızın yüksək peşəkarlığını qeyd etmək istəyirəm. Onlara təşəkkür edirəm”. Qeyd edək ki, filmdə əsas obrazları Əli Zeynalov, Səməndər Rzayev, Əminə Yusifqızı və Şəfiqə Məmmədova səsləndiriblər.
Moderator daha sonra bildirdi ki, German Sovet dönəmində filmləri ən çox senzuraya məruz qalan rejissorlardan biri idi: ”Onun 1971-ci ildə çəkdiyi “Yollarda yoxlama” filmi 15 il ekranlara buraxılmadı. Bu filmin qəhrəmanı – Sovet zabiti almanlara təslim olur, onlara işləyir və sonra günahını yumaq üçün partizanlara kömək edir. Məmurların fikrincə, bu film Sovet zabitini nüfuzdan salır, qəhrəmanlğına kölgə salır, konflikt saxtadır və hekayə antisovet təbliğatı daşıyır. Film 15 ildən sonra göstərilir və hətta Fransada “Jorj Sadul” mükafatına layiq görülür. Həmçinin, rejissorun, 1930-cu illər milis orqanlarının fəaliyyətindən bəhs edən “Dostum Lapşin” filminə də Bədii Şura etiraz etmişdi ki, film Sovet hakimiyyətini tənqid edir”.
Germanın yaradıcılığının əsas cəhətlərini vurğulayan moderator qeyd etdi ki, rejissor, işinə münasibətdə son dərəcə pedant yanaşırdı: “Dostum Lapşin” filmini işləyəndə, həmin dönəmdə fəaliyyət göstərən milisləri taparaq onlarla danışmışdı, arxiv materiallarını detalları araşdırmışdı, istintaq proseslərində iştirak etmişdi. Yaradıcılığının digər cəhəti, əsas süjet xəttindən əlavə çoxsaylı mikrosüjetlər, çoxqatlı dramaturgiya, ikinci planlarda, kütləvi səhnələri ustaca işləmək idi. Çoxqatlı dramaturgiya səbəbindən Stalin dövrünün son günlərindən bəhs edən “Xrustalyov, maşını!” filmi 1998-ci ildə Kannda göstəriləndə başa düşlməmişdi, tamaşaçılar zalı tərk etmiş, hətta fitə basmışdılar. Bununla belə, film kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdi.
Qeyd edək ki, “Müharibəsiz 20 gün” Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə göstərilib.
aki.az