ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Bəyanatı
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas tərəfdaş və baş sponsor olduğu III ANİMAFİLM Festivalı 14-18 oktyabr 2020-ci il tarixləri arasında baş tutacaq.
Bakıda keçiriləcək festival Azərbaycanın uşaqlarına və gənclərinə həsr ediləcəkdir. Artıq üçüncü dəfədir ki keçiriləcək ANİMAFİLM festivalının əsas məqsədi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi və qanuni əraziləri uğrunda mübarizə apardığı dövrdə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir.
Qeyd edək ki, festivalın təşkilatçıları Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə əyləncə xarakteri daşıyan müsabiqə və müsabiqədənkənar proqramların həyata keçirilməsini və açıq nümayişini doğru hesab etmədiyi üçün onun ləğv edilməsinə dair qərar qəbul etmişdir.
Festival çərçivəsində yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüşlər, qaliblərin elan edilməsi proqramları qüvvədə qalır. Həyata keçiriləcək bu tədbirlər beynəlxalq arenada onlayn olaraq nümayiş etdiriləcəkdir. Bundan başqa, festivalın təşkilatçıları bildirilər ki, cəmiyyətdə uşaqlar sevgi və qayğı içərisində böyüməlidir. Pandemiya və indiki gərgin dövrün uşaqlara vurduğu ziyanın qarşısına almaq, onlara daha çox sevinc bəxş etmək məqsədilə festivalın təşkilatçıları 31 uşaqdan ibarət münsiflər heyəti üçün öyrədici və maraqlı animasiya təlim proqramı təşkil edəcəklər. Hətta gənc azərbaycanlı animasiya həvəskarlarını maarifləndirmək və Azərbaycandakı animasiya sahəsinin inkişafına töhfə vermək məqsədilə 2 günlük stop motion animasiya üzrə intensiv ustad dərsləri də həyata keçiriləcəkdir.
Məlumat üçün bildirək ki, III ANİMAFİLM Festivalının proqramı yaxın günlərdə www.animafilm.az rəsmi internet səhifəsində yayımlanacaqdır.
Festivalın təşkilatçısı “PERİ FİLM” MMC Şirkəti, III ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, Salaam Sinemaya, “Mücrü” nəşriyyatına, “Çinar Yayımları” nəşriyyatına və Toxum.org kraudfandinq platformasına səmimi təşəkkürünü bildirir.
aki.az