“Apokalipsis bu gün” filminin bəstəkarı Con Lennon ola bilərdi

Rejissor Frensis Ford Koppola filmə musiqi bəstələmək təklifi ilə məşhur musiqiçi Con Lennona məktub vasitəsilə müraciət etmişdi.
Faroutmagazine.co.uk saytı xəbər verir ki, bu yaxınlarda arxivdən tapılan sənədə görə, 1977-ci il mart ayında prodüsser, ssenarist və rejissor Frensis Ford Koppola əfsanəvi “Bitlz” kvartetinin üzvü Con Lennona “Apokalipsis bu gün” filminə musiqi bəstələmək təklifi edibmiş.  İki yüksək səviyyəli peşəkarın bir layihədə çalışması böyük bir əks-səda doğura bilərdi. Təəssüf ki, Lennon başqa layihədə məşğul olduğundan bu iş birliyi alınmır. Filmin büdcəsi hesablanmış məbləği kəskin şəkildə aşır. Və Koppola layihəyə özünün 30 milyon dollarını yatırır. Bu məbləğə rejissorun evi və şərabçılıq istehsalatı da aid olur.  Çəkilişin əvvəlində rejissorun krediti 7%, sonuna yaxın isə 29%-ə bərabər olur.
Cənub-Şərqi Asiyada baş verən müharibə dəhşətinin dəqiq təsvir olunduğu “Apokalipsis bu gün” filmi, Uolter Març, Mark Berger, Riçard Baqs və Natan Bokserin əməyi sayəsində  “Ən Yaxşı Səs” kateqoriyasında mükafat qazanıb.
Fotojurnalist rolunu canlandırmış aktyor Dennis Hopper çəkilişləri “cəhənnəm əzabı” ilə müqayisə edir və müsahibələrin birində “özümü əsl müharibədə zənn etdim” deyə şərh vermişdi. Bəzi məlumatlara görə, aktyorların və çəkiliş heyətinin böyük əksəriyyəti alkoqolizm, narkotik düşkünlüyü və tropik xəstəliklərə qarşı ciddi mübarizə aparırdılar.
Çəkiliş zamanı cərəyan edən “Olqa” tayfunu da kinematoqrafçıların işinə ciddi əngəl törədib. Belə ki, 1976-cı il mayın 26-da başlamış təbii fəlakət çəkiliş heyətini film istehsalatını tam dayandırmağa məcbur edir.
Bu məqamları nəzərə alsaq, Lennonun layihədən boyun qaçırması təəccüb doğurmur.  Bir çoxlarının fikrincə, Lennon çəkiliş zamanı yarana biləcək çətinlikləri öncədən hiss etmişdi.
Rejissorun musiqiçiyə yazdığı, və aldığı cavab məktubunun mətnlərini sizə təqdim edirik:

“Əziz Con,

Biz heç vaxt görüşməmişik, amma mən həmişə sizin gördüyünüz işlərin heyranı olmuşam.
Mən hazırda Filippində “Apokalipsis bu gün” filminin çəkilişləri ilə məşğulam. Artıq 8 aydır ki buradayam və bu prosesin daha bir neçə ay çəkməsi mümkündür. Daim vulkan təhükəsi, mineral bulaqları və gözəl vəhşi təbiəti olan bir yerdə yaşayıram. Çox istərdim sizinlə sizə uyğun vaxtda və məkanda görüşək, şam yeməyi stolu arxasında musiqidən, filmlərdən və sizə təklif etmək istədiyim gələcək layihələrdən danışaq.
Hörmətlə, Frensis Koppola”

“Əziz Frenk,

Sizin təklifiniz üzərində biraz düşünəndən sonra belə qənaətə gəldim ki, iş cədvəlimin gərgin olması ucbatından sizin layihədə iştirak edə bilməyəcəyəm.
Sizə ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Con Lennon
aki.az