Aran Film Yaradıcılıq Mərkəzi təqdim edir
Kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislərlə bir araya gələrək fəaliyyət göstərən Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Həmin ildən etibarən onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edərək onların təqdimatını təşkil edib. Artıq Aran Film Yaradıcılıq Mərkəzi qısametrajlı bədii filmlərin istehsalına da başlayıb.
Onu da qeyd edək ki, Azərbaycanın mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atan yaradıcılıq mərkəzində hazırda bir çox yeni filmlərin tədimatına hazırlıq işləri gedir.
Mərkəzdən aldığımız məlumata görə, həmin filmlərdən violençel ifaçısı, professor Nəzmiyyə Abbaszadənin yaradıcıığına həsr olunan filmin çəkilişləri yekunlaşdırılıb. Filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, operatoru Əminə Həsənli, filmin direktoru Nicat Məmmədovdur.
Tanınmış dirijor Cavanşir Cəfərov haqqında çəkilən “Danışan əllər” sənədli filmi isə onun həyat və yaradıcılığı üzərində qurulub. Artıq filmin montaj işləri bitib. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Anar Seyidov, direktoru Qənirə Qurbanlı, məsləhətçi Əziz Qarayusiflidir.
Çəkilişləri yekunlaşdırılan “Ömrün ağ səhifələri” adlı sənədli filmi pambıqçı Şamama Əliyevaya həsr olunub, onun həyat və əmək fəaliyyəti filmdə öz əksini tapıb. Tezliklə təqdim olunacaq ekran əsərinin ssenari müəllifi və rejissoru Yasəmən Quliyeva, operatoru Əminə Həsənli, inzibatçısı Yağmur Firuzdur. Hər üç filmin bədii rəhbəri Tahir Tahiroviç və prodüseri İqbal Məmmədəliyevdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı