Aydın Kazımzadə - 80

Fevralın 18-də kinoşünas Aydın Kazımzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan tədbir kinoşünasın yaradıclığını əhatə edib.

Yubiley yaşından göründüyü kimi də A.Kazımzadə böyük həyat təcrübəsinə malik olmaqla yanaşı, böyük yaradıcılıq yolu keçib. İxtisasca jurnalist olan A.Kazımzadə təhsilini bitirdiyi 1963-cü ildən etibarən də kinematoqrafiya sahəsində çalışıb.

Yubilyar deyir ki, jurnalistika fakültəsini bitirdikdən sonra “Kino” qəzetində işləyib və bununla da həyatını kinoya bağlayıb: “Ən yaxın dostlarım görkəmli kinematoqrafçılar Muxtar Dadaşov, Məmməd Əlili, Rza Təhmasib, Ağarza Quliyev, Əlisəttar Atakişiyev və b. idi. Yaşca məndən çox böyük olan bu insanlardan çox şey öyrənmişəm”.

Kino sevgisi o qədər böyük olub ki, Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını da bitirib.

Bəlkə də Azərbaycanda onun qədər kino bilgisi olan çox azdır. O səbəbdən ki, kinoşünas böyük bir kinematoqrafçı ordusunun içində böyüyüb, onların yaradıcılığını illərdir işıqlandırır, bir sözlə canlı əfsanələri görməklə, onların sənətini öyrənməklə özü də əfsanə kinoşünasa çevrilib.

Aydın Kazımzadə tükənməz enerji ilə çalışaraq Azərbaycan kino salnaməsini zənginləşdirib. Onun qələmə aldığı kitablar kinematoqrafçıların keçdiyi həyat yolundan bəhs etməklə yanaşı, eyni zamanda kino üçün mövcud olan problemlərin qabardılaraq, yada salınaraq həll edilməsinə də xidmət edib.

Ömrünə iki dövrü yaşamaq düşən kinoşünas SSRİ dövrünün təzyiqlərinə məruz qalan filmlərimizdə həmin problemi necə qabardıbsa, müstəqillik dövrünün insanlarımıza bəxş etdiy azadlıqdan da bəhs etməyi unutmayıb.

A.Kazımzadə qeyd edir ki. müstəqillik bizim kinoya ən böyük xoşbəxtliyi – azadlığı verdi: “Sənətkarlarımızın əl-qolu, dili açılıb. Əgər Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmində sətiraltı mənalarla fikrini deyirdisə, bu gün Elçin Əfəndiyev “Hökmdarın taleyi”ndə Azərbaycan xalqının taleyini olduğu kimi göstərir. Yaxud Cavad xanın adını çəkəndə, adamın dilini kəsirdilər. Amma bu gün biz “Cavad xan” filmini çəkdik və hər şeyi olduğu kimi göstərdik”. Budur qələmin, qələm əhlinin gücü, həqiqəti olduğu kimi göstərmək…

Aydın Kazımzadə məhz o kinmeatoqrafçıllardandır ki, sözün gücünə inanıb, gördüklərini yazmağı bacarıb və kino tarixində bilmədiklərimizi üzə çıxarıb. O da təsadüfi deyil ki, Azərbaycan  kino tarixinin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktının üzə çıxarılması, eyni zamanda ulu öndər Heydər Əliyev tərəfindən cərəncamla 2 avqustun Kino Günü elan edilməsi, animasiya kinosunun yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi məhz Aydın Kazımzadənin adı ilə bağlıdır. Onun gərgin əməyi, araşdırması nəticəsində bütün bu faktlar üzə çıxıb.

Onu da qeyd edək ki, Azərbaycan kinematoqrafçılarının taleyi artıq onun həyatının bir hissəsinə çevrilib. Kinematoqrafçılar haqqında yazdığı məqalələr, elmi-publisistik yazılar, kitablar, ensiklopediyalar böyük zəhmətin məhsulu olmaqla yanaşı, eyni zamanda kinosevərlərin masa üstü kitabına çevrilib.

Böyük zəhmətlər hesabına gələn həmin kitablardan bir neçəsini diqqətinizə çatdırırıq. “Sənədli filmlərin ssenariləri”, “Kino sənəti məsələləri”, “Azərbaycan kino sənərtində ədəbi əsərlərin təcəssümü”, “Kinorejissor Nazim Rza İsrafiloğlu”, “Azərbaycan kino tarixi oçerkləri”, “Azərbaycan kinematoqrafçıları”, “Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu”, “Rasim Ocaqov”, “Bizim “Azərbaycanfilm”, “Kamil Nəcəfzadə”, “Heydər Əliyev və kinemotoqraf , “Üzeyir Hacıbəyov və kino”, “Kinematoqraf Kənan Məmmədov” və s. Hələ qarşıda neçə-neçə çap olunacaq kitablar var ki, həmin kitablarda yeni-yeni araşdırmalarla tanış olacağıq. Bunun üçün yubilyarı 80 illik zirvə yaşı münasibətilə təbrik edir və tezliklə işıq üzü görməyə haızrıaşan həmin kitabları oxucuıların ixtiyarına təqdim etməyi arzulayırıq. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyilə həyata keçirilib.

Hörmətli Aydın müəllim!

Sizi 80 illik yubiley yaşınız münasibətilə səmimi qəlbdən təbrik edir, sağlam ömür və yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı