Azərbaycan Kinematoqrafçılar İttifaqı III DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının tərəfdaşı oldu
Oktyabrın 2-dən 6-dək III “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə III DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının rəhbərliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İttifaqın katibi Əli İsa Cabarov qeyd edib ki, sənədli kinonun inkişafı təkcə kinomuz üçün deyil, eyni zamanda cəmiyyətimizin inkişafı üçün də mühüm bir amildir: “Sənədli kino cəmiyyətin sosial həyatının aktiv iştirakçısı olmaqla yanaşı, cəmiyyətin özünü ifadə və mübarizə vasitəsidir. Bəlkə də təkcə sənədli kinomuzda yox, bədii kinomuzda da sənədlilik, həqiqət çatmır. Bu baxımdan Bakıda keçiriləcək Beynəlxalq Sənədli Filmlər Festivalı bizim üçün çox vacibdir”.
Xatırladaq ki, festivala 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır.
Festivalın direktoru İmam Həsənov bildirir ki, DokuBaku-ya bu il Cənubi Amerikadan, Kanada və hətta Yaponiyadan da filmlər daxil olub: “Bu il “Yerli qısa film müsabiqəsi”nə ölkəmizdən 20-dən çox sənədli film təqdim olunub. Bu, sevindirici olduğu qədər də kədərli haldır. Çünki filmlərin çoxu qeyri-peşəkar olduğundan müsabiqəyə daxil ola bilməyib. Bundan başqa, artıq 3-cü dəfədir ki, keçirilən DokuBaku BSFF-a hələ yerli tammetrajlı filmlə müraciət edən olmayıb. Ümid edirik ki, növbəti illərdə sənədli filmlərə olan maraq daha da artacaq və azərbaycanlı rejissorlar tammetrajlı sənədli filmlər ərsəyə gətirib, həm DokuBaku-nun, həm də dünyanın müxtəlif prestijli sənədli filmlər festivallarının əsas proqramında iştirak edən filmlər təqdim edə biləcəklər”.
Qeyd edək ki, festivalın əsas proqramına daxil olan filmlər üç kateqoriyada yarışacaq:
“Ən yaxşı tammetrajlı sənədli film”
“Ən yaxşı qısametrajlı sənədli film”
“Special Jury Mention”.
Bundan başqa, hər bir tamaşaçı səs verməklə, sənədli filmlərin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin nəticələrinə əsasən “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək. Münsiflər heyətinə gəlincə, tərkibdə Almaniya, Niderland, İran, Azərbaycan nümayəndələrinin olduğu bildirilir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı