AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ İDARƏ HEYƏTİNİN YENİ TƏRKİBİ TƏSDİQ OLUNDU

Mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin konfransı keçirildi.

Konfransı açıq elan edən AKİ katibi, rejissor Əli İsa Cabbarov öncə Xalq yazıçısı Rüstəm İbrahimbəyovu 1dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlərlə bağlı ümumi məlumat verdi.

İlk söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq yazıçısı Anar Rzayevə verildi.

A.Rzayev öz çıxışında ittifaqın sədrliyinə Xalq artisti Rasim Balayevin namizədliyinin irəli sürüldüyünü qeyd etdi açıq səsvermə ilə seçki keçirilməsini təklif etdi. Xalq yazıçısının təklifi konfrans iştirakçıları tərəfindən qəbul olundu və açıq səsvermə ilə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçildi, eyni zamanda AKİ İdarə Heyətinin əvvəlki tərkibi saxlanılmaqla, yeni tərkibi təsdiq olundu:

Anar Rzayev(Xalq yazıçısı)

Rasim Balayev(Xalq artisti)

Firəngiz Qurbanova(Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi)

Cəmil Fərəcov(Kinorejissor, Əməkdar incəsənət xadimi)

Baba Vəziroğlu(Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi)

Əli İsa Cabbarov(Kinorejissor, prodüser, ssenarist)

Oleq Səfərəliyev(Kinorejissor)

Ziya Şıxlinski(Kinorejissor)

Əsəd Əsədov(Səs operatoru, Əməkdar mədəniyyət işçisi)

Nizami Abbas(Rejissor, Əməkdar incəsənət xadimi)

Tahir Tahiroviç(Rejissor)

Həmidə Ömərova(Xalq artisti)

Şükufə Yusupova(Xalq artisti)

Lalə Əfəndiyeva(Prodüser, “Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru)

Mirbala Səlimli(teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi)

Cavid İmamverdiyev(Rejissor, ssenarist, prodüser)

Məbud Məhərrəmov(Xalq artisti)

Qulu Məhərrəmli( Filologiya elmləri doktoru, professor)

Nadir Bədəlov(Sənətşünas, ssenarist)

Rövşən İsax(Rejissor),

Fatimə İbrahimbəyova(MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser.

Qeyd edək ki, konfransda kinorejissor Elxan Qasımov, AKİ katibi, Xalq artisti Həmidə Ömərova, Əməkdar mədəniyyət işçisi Rahib Azəri, AKİ İdarə heyətinin üzvü, Xalq artisti Məbud Məhərrəmov, aktrisa Zülfiyyə Qurbanova, kino tənqidçisi Sədaqət Kamal çıxış etdi.

Elxan Qasımov öz adından və görkəmli səs mühəndisi Əsəd Əsədovun adından çıxış edərək Rasim Balayevi dəstəklədiklərini bildirdi və hər dəstəyə hazır olduqlarını xüsusilə qeyd etdi.

Məbud Məhərrəmov İbrus Teatrının fəaliyyətinin bərpa olunmasının vacibliyini qeyd etdi. Zülfiyyə Qurbanova Azərbaycan Kinematoqrafçılar İttifaqının gənc aktrisalara, aktyorlara olan dəstəyini, festivallarda iştirak etmələri üçün yaratdığı şəraitdən danışaraq öz təşəkkürünü bildirdi.

Sonda söz Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayevə verildi.

R.Balayev uzun illər Rüstəm İbrahimbəyovla birgə addımladığı yoldan bəhs  edərək hazırda daha böyük məsuliyyət yükünün üzərinə götürdüyünü bildirdi. Onu da xüsusilə qeyd etdi ki, öncə tərəddüd etməsinə baxmayaraq artıq bütün tərəddüdlərinə son verib və inanır ki, yeni başlayan mərhələdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olaraq üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacaq.

AKİ sədri qeyd etdi ki, 1990-cı illərdən ittifaqın birinci katibi olub: “Rüstəm İbrahimbəyovla dostluğumuz 30 ildən çox idi, amma 23 il birlikdə işləmişik. Təxminən onun dəsti-xəttini, onun nəyə daha çox diqqət yetirdiyini bilirəm. Kino məktəbi və digər məsələlər…Çalışacam ki, həmin o xətti özü kimi də olmasa özüm bacardığım kimi davam etdirim. Təbii ki, kollektivin böyük köməyi olacaq”.

AKİ-nin yeni sədri ona göstərilən bu diqqətə görə, konfrans iştirakçılarına öz təşəkkürünü bildirdi.

aki.az