Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlunun 65 yaşı tamam olur

“Şairlər ilahi varlığı vəsf edir. Sənətin mənbəyi, mənşəyi ilahidən gəlir. Şairlər, ümumiyyətlə isə yaradıcı insanlar Allah tərəfindən seçilmiş insanlardır. Necə ki, müqəddəs kitablar vəhynən xüsusi insanlara, peyğəmbərlərə gəlirdi, eləcə də sənət ilahi tərəfindən seçilmiş insanlara gəlir. Müqəddəs kitabda da yazıldığı kimi şairlər seçilmiş insanlardır, peyğəmbərlərdən sonra Allaha ən yaxın insanlar hesab olunur”. Bu fikirlər 10 yanvar 2020-ci ildə 65 yaşın zirvəsinə yüksələn Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, əməkdar incəsənət xadimi, şair, ssenarist Baba Vəziroğluna aiddir.

B.Vəziroğlu Azərbaycan Dövlət Universtitetində Jurnalistika fakultəsində, daha sonra Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb və şair etiraf edir ki, Moskva təhsil sistemi onun həyatında, cəmiyyətdə və ədəbiyyatda mövqe qazanmasında böyük rol oynayıb.

Təhsilə, mütaliəyə, daima özünü inkişaf etdirməyə önəm verən şair Bolqarıstanda ali təhsil kursları, Bolqar dili ədəbiyyatı və tərcüməsi ali kurslarını da bitirib.

B.Vəziroğlu deyir ki, bütün ömrüm boyu da oxuyuram: “Bu gün də oxuyuram, rəsmi statuslu bir yerdə oxumasam da Baba Vəziroğlu institutunu oxuyuram. Həmin institut gündə neçə kitab tövsiyə edirsə o kitabları da oxuyuram. Hələ də özümü ya şagird, ya da tələbə hiss edirəm. Maddi qidalar kimi hər gün o mənəvi qidanı mən almasam özümü ac hesab edirəm”.

Doğrudur ki, hər yaşın öz hesabatı olur, ancaq bir məqam da var ki, qaynar həyat yolu keçən, hər günü istər fəaliyyəti ilə, istər yaradıcılığı ilə dolu-dolu yaşayan şairin özünə hesabat verməyə da vaxtı olmaz. Şair Baba Vəziroğlu da o şəxslərdəndir ki, özünün-özünə hesabatı sadəcə gördüyü işlərə nə dərəcədə qane olmasıyla əlaqədar ola bilər.

Ədəbi fəaliyyətə 1976-cı ildə başlayan şair, həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış etməyə başlayıb.

Uzun illər teleşirkətdə aparıcı işləyib, “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor, Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor, “Yurd” jurnalında məsul katib, “İstedad” jurnalında redaktor kimi çalışıb.

Şairin 1000-dən artıq şeirinə mahnı bəstələnib: “Jurnalistika fakultəsində, I kursda təhsil aldığım zaman bəstəkarlardan Firəngiz Babayeva, Oqtay Rəcəbov ilə tanış olmuşdum. İlk mahnımı ölməz sənətkarımız Şövkət Ələkbərova oxumuşdu. Bəlkə də mənim uğurlarım elə ordan başladı ki, mənim mahnılarımı böyük sənətkarlar ifa ediblər. Sonra bu davam etdi. Demək olar ki, dövrümdə yaşayan bütün bəstəkarlarla mahnı yazmışıq. Bütün böyük sənətkarlarla işləmişəm. Şövkət Ələkbərova, Rübabə Muradova, Akif İslamzadə, Mirzə Babayev, Flora Kərimova, İlhamə Quliyeva, Alim Qasımov, Arif Babayev və digər bir çox böyük sənətkarlarımızla birgə çalışmışıq”.

Baba Vəziroğlunun ssenarist kimi fəaliyyəti nəticəsində isə “Haradan başlanır vətən”, “Elegiya” sənədli filmlərinin, eləcə də “Həsən Seyidbəyli”, Rəşid Behbudovu tərənnüm edən “Yeri boş qalan adam”, Həsən Turabovun ömür yolunu işıqlandıran “Sənsiz və ya ömrün son axşamı”, bəstəkar Oqtay Kazımova həsr olunmuş “Beş nəğməlik ömür” və digər sənədli filmlər yaranıb.

Yaradıcılığı boyu özünü ifadə etməyə üstünlük verən və bunu şerlərində də əks etdirən Baba müəllim bildirir ki, insanın ən böyük rahatlığı ruhunun ifadəsidir, özünün ifadəsidir: “Bu, təkcə şairlərə aid deyil. Özünü ifadə edə bilmirsənsə, hisslərini rahatlaya bilmirsənsə, həyat səninçün bitmiş sayılır. Allah hərəyə bu mənada bir missiya verib. Qələm əhlinə də özünü ifadə kimi poetik düşüncə verib. Özünü ifadə edə bilməyəndə mənasızlaşırsan”.

Ədəbi yaradıcılığında sevgiyə, hər doğan günə, açılan sabaha, xoşbəxtlik kimi nisbi anlayışlara geniş yer verən şair şerlərindən birində bunu belə ifadə edir:

Dünyanı sevmişəm, könül vermişəm,
Hər doğan səhərə, hər açan gülə.
Xoşbəxt olmaq üçün dünyada bəlkə,
Yaxşı ki, çox şeyi bilmirəm hələ.

Doğrudan da kamillik ucalığına yüksələn insan nə qədər çox öyrənirsə, qane olmur, nə qədər çox bilirsə, yenə də özünü məlumatsız, bilgisiz hesab edir, nə qədər çox sevirsə, yenə də sevgi axtarışında olur və daha nələr hamısı bir yaradıcının daima yaradıcılıq axtarışında olmasından xəbər verir.

Baba Vəziroğlu üçün həyatda ən böyük kriteriya inamdır: “İnam olmasa, yaratmaq mümkün deyil. İnam ailəni də qoruyur, dövləti də, cəmiyyəti də. Allaha sevgi də inamdan yaranmalıdır. Şair inanmasa, yarada bilməz. Vacib deyil sən yazdıqlarını şəxsən yaşayasan. Sən bu cəmiyyətdəsən, deməli, ətrafda baş verənləri görmək, müşahidə etmək, şahid olmaq imkanın var. İnsanın genində milyon illik keçmiş, gələcək var. Normal yaradıcı insan yaddaşının, geninin dərinliklərinə varis ola bilir. Dərin, mürəkkəb yaradıcılıq onda yaranır. Rəssam var ki, yuxularını rənglərin dili ilə təsvir edir. Yaradıcılıq budur…”

Baba Vəziroğlunun 65 illik yubileyində, bir çox müsahibələrindən əldə etdiyimiz fikirləriylə onun olduğu kimi görünən və göründüyü kimi olan şəxsiyyətini təsvir etməyə çalışdıq.Yeni yaşınız xeyirli olsun Baba müəllim.

Azərbaycan Kinematoqrafçılar İttifaqı sizə 65-ci yubiley yaşınızda yeni-yeni yaradıcılıq uğurlarına imza atmanızı arzulayır.