Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində İmam Həsənovun sənədli filmi müzakirələrə səbəb oldu
30 avqust AKİ-nin Kino Evində rejissor İmam Həsənovun quruluşunda “Müqəddəs inək” sənədli filminin təqdimatı oldu.
…Lahıcda yaşayan, müasir düşüncəli, dünya ölkələrinin yaşayış tərzini izləyən bir fermer Avropadakı mal-qara haqqında eşidir və düşünür ki, əgər Avropadan heç olmazsa bir baş inək alsa, onu yaxşı bəsləsə, nəticə etibarilə bu inək çoxlu bala, bol süd verə bilər. Bu bolluq içində də ailənin maddi vəziyyəti yaxşılaşar. Kəndin ağsaqqalları inəyin gətirilməsininə qarşı çıxırlar və hadisələr də bundan sonra daha həyəcanlı şəkildə cərəyan etməyə başlayır…
“Müqəddəs inək”, mövzu baxımından təşkilatçıların dediyi kimi, tamaşaçıların marağına səbəb oldu.
Tədbirin aparıcısı Əli İsa Cabarovun filmin estetikası ilə bağlı verdiyi “Film sənədlidir, yoxsa bədii” sualına, müəllif heç bir epizodun qurama olmadığını və sənədli kino prinsiplərinə uyğun çəkildiyi cavabını verdi.
Rejissor Vaqif Azəryar tamaşaçıların qəhrəmanların nitqindəki süniliklərini anladıqlarını, amma xarici tamaşaçılar filmə tərcümədə baxdığına görə bunu hiss etmədiklərini qeyd etdi.
“Sənədli ya bədii” mövzusunu davam edən aparıcı Q. Aleksandrovun məşhur “Xəzərlilər” sənədli filmində A. Hitlerin Xəzər dənizi xəritəsi əks olunan tortda Bakının üzərinə faşist svastikası sancması səhnəsinin rejissor quraması olduğunu bildirdi: “Bu fəndi rejissor tarixi bir hadisəni Hitlerin nəyin bahasına olur olsun Bakını ələ keçirmək məqsədi olduğunu vizual ifadə etmək məqsədi ilə edib. Sənədli kinoda belə bədii kino gedişləri qəbulediləndir”.
Çexiya Respublikasının Azərbaycandakı səfiri Daniel Putik film haqda təəssüratlarını bölüşərkən filmin mövzusunun təkcə Azərbaycana aid olmadığını və konservatorlarla yeniliyin mübarizəsi hər bir ölkəyə məxsus problem olduğunu qeyd etdi.
İranlı fotoqraf Paşa Hədiyya filmin mövzusunu Z. Freydin ətraflı araşdırdığı “Totem və tabu” olduğunu bildirdi.
Kinorejissor Kəmalə Musazadə özünün sənədli kinoda təcrübəsindən danışaraq qeyd etdi ki, qəhrəmanların evinə girib onları sərbəst qaydada çəkmək rejissor üçün çətin məsələdir və İmam Həsənov bu məsələnin öhdəsindən uğurla gəlib.
Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitunun direktoru Moris Rufin film haqda təəssüratlarını qeyd edərkən bildirdi ki, dəfələrlə Lahıcda olduğuna baxmayaraq bu filmdə yeni bir dünya ilə, yeni bir Azərbaycanla tanış olduğunu bildirdi.
Rejissor onu da qeyd etdi ki, sənədli filmin çəkilişlərinə iki ildən artıq vaxt sərf ediblər və bu müddətdə qəhrəmanlar kameraya öyrəşiblər.
Təqdimatda filmin çəkilişlərinin baş verdiyi Lahıc kənd sakini də iştirak edirdi. O filmdəki hadisələrin təbii və sakinlərə hörmətlə çəkildiyini qeyd etdi.
Filmin rejissoru və ssenaristi İmam Həsənov, operatoru Sərvər Cavadov, prodüserləri isə Andrea Popesku və Stefan Klusdur. Sənədli film Amsterdamda IDFA “First Appearance Competition”, Torontoda Hot Docs – “World Showcase”, Praqada “One World” və daha bir neçə beynəlxalq festivallarda nümayiş olunub.