“Biləsuvar” filminin Azərbaycan premyerası Kino Evində

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Biləsuvar” tammetrajlı bədii filminin nümayişi olacaq. Ssenarisi və rejissorluğu Elvin Adıgözələ məxsus olan film Karakteres (Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan) – prodakşnlarının birgə istehsalıdır.

Filmin prodüserləri Etienne de Ricaud,  İntiqam Hacılı və İradə Bağirzadə, operatoru Oktay Namazovdur.

Filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev, Ruslan İsmayılov və başqaları çəkiliblər.

Yeri gəlmişkən, “Biləsuvar” filmi Asiyanın ən böyük film festivalı hesab olunan, hər il payızda Koreya Respublikasının Busan şəhərində keçirilən 25-ci Busan Beynəlxalq Film Festivalının rəsmi proqramında,  “New Currents” bölməsində iştirak edib.

Qeyd edək ki, Elvin Adıgözəl 2010-cu ildə çəkdiyi “Dumanda” adlı qısametrajlı filmi  “START” kinofestivalının juri mükafatına layiq görülüb. Onun “Buqələmun” filmi 2013-cü ildə Azərbaycan kino sənəti tarixində ilk dəfə LOCARNO beynəlxalq film festivalının yarışma siyahısına daxil olur. “Qaranlıqdan reportaj” bədii filmi 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalının əsas bölməsində iştirak edib.

Bundan başqa, rejissorun “Biləsuvar” filmi isə XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında müsabiqənin “Tammetrajlı bədii filmlər” kateqoriyasında yer almışdı. Bu il keçirilən “Kinoşok” ( Rusiya) Beynəlxalq Film Festivalında “Biləsuvar” filmi “ən yaxşı ssenari” nominasiyasında qalib olub.

aki.az