Bu gün kinorejissor Mübariz Nağıyevin doğum günüdür

28 noyabr kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Mübariz Nağıyevin dünyaya göz açdığı gündür.

M.Nağıyev Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini bitirib. Sonralar təhsilini Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunda davam etdirib.

Qeyd edək ki, xarici dillərə olan həvəsi, eyni zamanda təşkilatçılıq qabiliyyəti onun Rabitə Nazirliyində yeni açılan beynəlxalq şöbədə fəaliyyətinə şərait yaradıb. Ancaq  sənət sevgisi heç bitməyib. Rejissor bu barədə müsahibəsində deyib: “Başqa sahədə işlədiyim dövrlərdə də mütəmadi olaraq tamaşalara, filmlərə baxdım, dünya kinosunu izləməyə başladım. Bir də başa düşdüm ki, mən savadlı və zövqlü tamaşaçıyam. Zövqü formalaşdırmaq lazımdır, zövq insana anadangəlmə verilmir. Heç fitri istedad da hamıda olmur”.

Mübariz Nağıyev təvazökarcasına özünü sənədli film rejissoru hesab etmədiyini bildirir: “Bu, böyük fədakarlıqdır və sənədli kino ilə məşğul olan insanlara böyük rəğbətim var. Mən daha çox oyun filmlərinə, başqa sözlə desək, bədii filmlərə bağlı insanam, mənə aktyorla işləmək daha rahatdır. Amma iş elə gətirdi ki, sənədli kinoda da işləmək mənə nəsib oldu. Bildiyiniz kimi “Azərbaycanfilm” kinostudiyası ilə yanaşı, “Yaddaş” sənədli filmlər studiyası, “Salnamə” studiyası, “Mozalan”, “Debüt”, “AzAnfilm” kimi dövlət studiyaları var. 2000-ci illərin ortalarında dövlət sifarişi ilə “Yaddaş” sənədli studiyasında xalq rəssamları haqqında silsilə filmlər çəkilməliydi. Mənə təklif olunanda doğrusu, çox maraqlandım. Çünki elə adamları çəkəcəkdim ki, bunlar rəngkarlıqda sözünü demiş böyük sənətkarlar idi”.  Təəssüf ki, indi onların heç biri həyatda yoxdur”.

Rejissor həmin ərəfədə  Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Oqtay Sadıqzadəyə həsr olunmu sənədli filmlər çəkib.

Ümumiyyətlə mübariz Nağıyev rejissor kimi daha çox düşüncələrdən çıxış edərək eyni metrajda, eyni mövzuda olan filmlərin bir-birinə bənzəməməsinə çalışır.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiy bir çox filmlərdə ssenarist, rejissor, montaj rejissoru kimi çalışıb.

“Rəssam ömrünün palitrası.Xalq rəssamı Böyükağa Mirzəzadə”(2006-cı il-sənədli film), “Arzularını çəkən rəssam”(2007-ci il-sənədli film), “Rənglərin sehrli dünyası”(2007-ci il, sənədli film), “Ömrün rəngləri,Xalq rəssamı Oqtay Sadıqzadə”(2007-ci il, sənədli film), “Şuşa-Azərbaycan”(2010-cu il, sənədli film), “Naməlum dahi(2019-cu il, qısametrajlı bədii film), “Şəkinin naxışları”(2019-cu il, sənədli film) və s. filmlər rejissorun yaradıcılığında mühüm yer tutur.

Azərbaycan Kinematioqrafçılar  İttifaqı adından, daima məhsuldar çalışan rejissoru doğum günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı