Cəmil Fərəcov – 75
Azərbaycan kinosunun tarixi sənədli kinodan başlayır. Bu baxımdan da sənədli kino ustalaraının müxtəlif dövrləri əhatə edən filmləri milli kino tariximizdə önəmli yer tutur. Belə kino ustalarından biri də Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Cəmil Fərəcovdur, bu gün 75 yaşı tamam olur.
Cəmil Fərəcov 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində, 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsində təhsil alıb.
1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb.
1997-2002-ci illərdə “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002-2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 20062012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.
Fəaliyyəti dövründə çalışdığı müddət ərzində onlarla sənədli filmin (“Azərbaycan məktəbi yüksəlişdə”(1972), “Mikayıl Abdullayev” (1972), “Suvenir” (1972”, “Musaküçə kəndinin sakinləri”(1973), “Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri”(1974), “Qızıl balıqlar”(1975), “Yeraltı əhvalat”(1975), “Azərbaycan”da dəniz səyahəti”(1976), “Həmrəylik məşəli” (1976), “Zamanın əsas yolu”(1977)
“Azərbaycan” dünyanı gəzir” (1984), “Azərbaycan və Nobel qardaşları”(1991), “Neft maşınqayırmasının flaqmanı”(1992), “Azərbaycan kinosu-80”(1996), “Azərbaycan – Alman dostluq əlaqələri”(2007), “Mən Bakını sevirəm”(2014), “Tarixin daş salnaməsi”, (2014), “Əbədiyyətə uçuş” (2019), “Malakanlar” və s.), “Xəzinə (1970), “Ağır şkaf” (1971”! qısametrajlı bədii filmlərin, eyni zamanda “Mozalan” satirik kino jurnalı üçün 30-dan çox bədii və sənədli süjetlərin, xronikal kino jurnallarının rejissoru olub.
Cəmil Fərəcovun yaradıcılığında doğma vətənin tərənnümü, paytaxt Bakının gündən-günə gözəlləşən mənzərəsi, neft şəhərinin sahib olduğu qara qızıl və s. kimi məqamlar üstünlük təşkil edir.
Rejissor 1984-cü ildə çəkdiyi “Azərbaycan dünyanı gəzir” sənədli filmində müxtəlif peşə sahibləri olan 500 nəfər tanınmış azərbaycanlı turistin “Azərbaycan” teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxarmaqla tamaşaçısını əyləncəli və maraqlı səfərə dəvət edir, turistlərin həyatını göstərir. Hətta belə bir mövzuya bir neçə dəfə müraciət edərək hər dəfə yeni söz deyir. Rejissor belə mövzularda öz ssenarisinə güvənir və ssenaridə demək istədiklərini lentə alaraq ekrana köçürməklə peşəkarlıq nümayiş etdirir.
Ümumiyyətlə C.Fərəcovun bir rejissor kimi müraciət etdiyi mövzular müxtəlifdir. Yeri gələndə dəniz səyahəti, bəzən dağların qoynunda yaşayan insanlarımızın həyat tərzi, çox vaxt sadə göründüyü qədər də çox fikri ifadə edən sadə qəhrəmanları ekrana gətirməklə tamaşaçısını onlarla tanış etməyə cəhd edir.
O, yeri gələndə həmkarlarını da unutmur, onların da həyatını filmlərində göstərir. 1996-cı ildə çəkdiyi, Azərbaycan milli kinosunun 80 illiyi ilə əlaqədar kinomuzun salnaməsi səpgisində çəkilmiş və görkəmli kino xadimlərinin yaradıcılığından bəhs edən “Azərbaycan kinosu – 80” sənədli filmində kinorejissor Muxtar Dadaşov “Arşın mal alan” kinokomediyasının çəkilişlərindən söhbət açır. Kinoaktrisa Leyla Bədirbəyli, kinorejissorlardan Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Rasim Ocaqov və başqa sənətkarlar müsahibə verir, kinomuzun gələcəyi ilə bağlı məsələlərdən danışırlar. Biz ekranda kino ustalarından Lətif Səfərovu, Əlisəttar Atakişiyevi, Arif Babayevi, Arif Nərimanbəyovu, Rüstəm İbrahimbəyovu, Eldar Quliyevi və b. görürük.
Qeyd etdiyimiz kimi, fərqli mövzularda söz demək, Cəmil Fərtəcovun yaradıcılığına məxsus keyfiyyətlərdən biridir. Onun vətənpərvər mövzuları da diqqətdən yayınmır. Bu baxımdan “Əbədiyyətə uçuş” və “Malakanlar” sənədli filmləri vətənpərvərlik ruhunda çəkilməklə yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir.
“Əbədiyyətə uçuş” sənədli filmi Milli Qəhrəman Viktor Seryoginə həsr olunub. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında xidmətləri olan, Azərbaycanı öz doğma vətəni kimi sevən V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində növbəti uçuş zamanı erməni silahlı dəstələrinin vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub. Onunla bərabər çalışan, onu yaxından tanıyan həmkarları film boyunca Milli Qəhrəman haqqında öz xatirələrinin bölüşür, onunla bərabər olan uçuşların hər birinin həyəcanını bölüşüblər.
“Malakanlar” filminin əhval-ruhiyyəsi bir başqadır. Dünya şöhrətli sənətkarlarımızdan olan Rəşid Behbudovun “Azərbaycanım” adlı möhtəşəm mahnısı ilə başlanan sənədli filmin Müslüm Maqomayevin ifasındakı “Azərbaycan mahnısı ilə bitməsi, bir ölkənin, bir xalqın böyüklüyünü, qüdrətini göstərməklə yanaşı, bütün dünayaya səmimi şəkildə qucaq açmasını da canlı olaraq sübut edir. Təxmini hesablamalara görə, ölkəmizdə malakan icmalarının bütün üzvlərinin ümumi sayı 500 nəfərə qədərdir. Bütün bunları nəzərə alan rejissor mövzuya böyük həssaslıqla və sevgiylə yanaşıb. Belə ki, Azərbaycanda malakanlar üçün yaradılan şərait, onlara olan gözəl münasibət, malakan adət-ənənəsi, onların Azərbaycan adət-ənəsinə olan marağı, hətta dilimizə olan hörmətləri, bizim dildə mükkəmməl səviyyədə danışmaları və s. diqqəti çəkir. Ən önəmlisi isə kənd həyatının gözəlliyini, mənzərəsini və bütün bunların insan zəhmətinə ehtiyacı olmasını geniş şəkildə qabardıb.
Xalqlar arasında dostluğa böyük önəm verən rejissor deyir ki, biz çox humanist xalqıq, bu baxımdan da bütün xalqlara da humanist münasibət bəsləyirik.
Humanist düşüncəli, səmimiyyəti ilə həmkarları arasında xüsusi hörmətə layiq olan, zövqlü rejissor kimi tanıdığımız Cəmil Fərəcovu yubiley yaşı münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından təbrik edir, sağlıqlı həyat, uzun ömürlər arzulayır, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
X.QİYAS