Cəmil Fərəcov: Xalq olaraq bu haqlı mübarizədə liderimizin yanındayıq, onunla həmrəyik
Xalq olaraq daima humanizm ruhuna arxalanmışıq, bütün xalqlara humanist düşüncəsilə yanaşmışıq. Yəqin ki, buna bir qədər ara versək yaxşı olar. Öncə müharibə meydanında bir qədər sərt mövqedən çıxış edərək haqqımızı tam olaraq müdafiə edərək torpaqlarımızı işğaldan azad edək, sərhədlərimizi gücləndirək, qonşu ölkələrdən kimlərlə daha yaxından dostluq edəcəyimizə tam əmin olaq, ondan sonra yenidən humanistlik haqqında düşünərik.Təsadüfən söhbəti humanizm üzərində qurmadıq.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Cəmil Fərəcov bildirir ki, bir vaxtlar bütün xalqlar xoşbəxt, sülh şəraitində yaşayırdıq: “Biz çox humanist xalqıq və bütün xalqlara da humanist yanaşırıq. SSRİ dövründə bizim üçün fərqi yox idi, Azərbaycan, rus, erməni qonşu idik, bir məhəllədə böyüyürdük, eyni məktəblərə gedirdik, dosluq edirdik, bir sözlə, sülh şəraitində yaşayırdıq. Ancaq elə bir zaman yetişdi ki, sanki dünya bizə düşmən oldu, haqqlarımız tapdandı, torpaqlarımız işğal olundu, səsimizə səs verən olmadı. Nəhayət illərdir gözlədiyimiz an yetişdi. Hətta mən deyərdim ki, uzun illərdir ki, bu qədər həyəcan yaşamamışdıq. Bu, artıq sözün həqiqi mənasında müharibədir, həm də haqq işi uğrunda olan müharibə. Hər gün cəbhədən yeni xəbərlər gözləyirik. Eşidəndə ki, işğalda olan kənd, rayon fərqi yoxdur, hansısa azad edilib, uşaq kimi sevinirik və hər gün qələbə xəbəri eşitmək istəyirik, artıq buna adət etmişik”.
C.Fərəcov onu da qeyd edir ki, artıq sülh danışıqları mümkün deyil, ona görə də vuruşmalıyıq, mübarizəmizi daha da gücləndirməliyik: “Bu, tarixdə görünməmiş hadisədir. Ermənistanın etdiklərini heç Hitler Almaniyası etməmişdi. Bu necə insanlığa sığar ki, erməni öz meyidlərinə belə sahib çıxmaq istəmir?! Atəşkəs yaradılır, ancaq onlar bu məqamı dəyərləndirmirlər, daha da Azərbaycan tərəfə təcavüzü gücləndirirlər. Yenə də təkrar edirəm, bu tarixdə görünməmiş hadisədir. Buna görə də üzüntülərimiz çoxdur, şəhidlərimiz var, cavan oğlanlarımızı torpağa veririk. Mülki əhalimiz belə öldürülür, bu qədər vəhşiliyə dünya göz yumur. Ancaq Ali Baş Komandan İlham Əliyev, Azərbaycan ordusu bu mübarizədə geri çəkilmək fikrində deyil, israrla torpaqlarımızı azad etməkdə qərarlılıq göstəririlər. Çünki biz illərdir susmuşuq, artıq susmaq fikrində deyilik. Xalq olaraq bu haqlı mübarizədə liderimizin yanındayıq, onunla həmrəyik, qələbə ruhuna köklənmişik. Və QƏLƏBƏ ruhuna köklənməyimiz bizi sabahlara səsləyir. İnanıram ki, qüdrətli Azərbaycan ordusu torpaqlarımızı yaxın günlərdə tam olaraq işğaldan azad edəcək. Qarabağ Azərbaycandır!”
GülQAR