Cavanşir Quliyev - 70

22 noyabr Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü, əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yubiley yaşıdır, 70 yaşı tamam olur.

C.Quliyev Şəkidə doğulub. Şəki Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsində, təhsil alıb. Daha sonra Konservatoriyanın bəstəkarlıq fakültəsində təhsilini davam etdirib, görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini bitirib. Tələbəlik illərindən bəstəkarlıqda eksperimentlərinə başlayıb, yazdığı “Birinci Kvartetdə”, gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olub. “Millilik və müasirlik” baxımından yaradıcı mübahisələrə səbəbi olan əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanıb. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görüb.

C.Quliyev 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru kimi çalışıb, 1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri, 1980 — 1998 illərdə Konservatoriyada, 1994 — 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Eyni zamanda 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib.

Musiqi üzərində köklənən yaradıcı yol

Müasir Azərbaycanın ilk hərbi marşının müəllifi Cavanşir Quliyevin keçdiyi yaradıcı yol musiqi üzərində köklənir.

İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edən, ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlədən bəstəkar genişşaxəli fəaliyyəti zamanı dövlət, millət üçün önəımnli olan çox fikirləri nota çevirib, musiqi dilində danışıb.

Ancaq eyni zamanda açıq fikirli olması iləı də həmkarlarından seçilən sənətkar əksər vaxtlarda qadağalrla üzləşib, bu qadağalar onu qorxutmayıb, geri çəkilməyib və eyni formada yoluna davam edib.

Bəstəkar son 15 ildir ki, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsində çalışır. Orda yaşadığı illərdə bir sıra irihəcmli əsərlər yazıb -üç balet – “Oğuznamə”, “Tufan (Nuhun Gəmisi)”, “Kızılırmak”. Eyni zamanda “Dördüncü Simfoniya”, “Necip Fazıl” oratoriyası, bir sıra kamera-instrumental əsərlər, Türkiyə üçün teatr musiqisi, kinomusiqi, mahnılar və sair.

Bəstəkar Mikayıl Müşfiqə həsr etdiyi “Müşfiq ağıları” oratoriyasını özünün  70 illik yubileyinə hədiyyə edib və deyib ki, hər kəs yubileyində şənlik edərkən, o  Müşfiqə ağı söyləyəcək. – Qəbirə qədər çalışmaq- deyən bəstəkar nəhəng bir layihə, “Dədə Qorqud Oğuznamələri” – 12 balet üzərində çalışır, artıq ikisi hazırdır.

70 yaşın sevinci və ya yubiley hədiyyəsi

Cavanşir Quliyevin fəaliyyətində önəmli yerlərdən birini də kino üçün yazdığı musqilər tutur. Fərqli janrlarda çəkilən filmlərə (“Qocalar, Qocalar” (1982), “Qəm pəncərəsi” (1986), “Araqarışdıran”(1987), “Lətifə” (1989), “Haray”(1990), “Girişmə öldürər! (1991),  “Şirbalanın məhəbbəti”(1991), “Fəryad”(1993), ”Cavid ömrü”(2007), “Buta”(2011), “Sübhün səfiri”(2012) və s.) dəvət alan bəstəkar kino ritmini musiqiylə birləşdirərək dolğu bir görüntünün mənzərəsini səsləndirə bilib.

Ömrün müdrik dövrünü yaşayan sənətkar müsahibələrindən birində deyib ki, hər yaş kəsimində həyatın mənası insan üçün dəyişir: “Gənclikdə başqa cür olur, orta yaşda başqa cür, qocalıqda başqa cür. Gəncliyimdə və orta yaş təbəqəsində mənim üçün maraqlı olan şeylər artıq əhəmiyyətini, önəmini itirib. İndi elə yaşdayam ki, bu ərəfədə insan öz həyatının mənasını axtarır. Mən bu dünyaya nəyə gəldim? Missiyam nədir? Nə etdim? Nə etmədim? Bu sualları düşünərkən insan önəmsiz şeylərə vaxt sərf etmək istəmir, əsas işi ilə məşğul olur”.

Hər yaşın öz sevinci, öz qayğısı, öz hədiyyəsi olur. Cavanşir Quliyev xoşbəxt sənətkardır ki,  yubiley yaşında ən gözəl hədiyyəni aldı – Qarabağın işğaldan azad olunma xəbəri…

Bəstəkar deyir ki, illərdir ki, bu günü gözləyirdik, haqq işi uğrunda bir araya gəlmək, həmrəy olmaq gözəl hissdir, bunu yaşadığımız üçün daha da həyəcanlıyıq: “Azərbaycanımızın güclü ordusu var, ön cəbhədə ordumuzun gücü, arxa cəbhədə də biz güclü olmalıyıq. Dünyaya özümüzü sübut etməliyik.  Artıq Qarabağ bizim üçün daha da müqəddəs yer olacaq. Çünki bu yer uğrunda çox qurbanlar verdik, çox mübarizə apardıq, artıq həsrətimizə, göz yaşlarımıza son qoyulacaq”…

Dəyərli bəstəkarımız, biz də öz növbəmizdə sizin sevincinizə şərik oluruq, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından 70 illik yubiley yaşınızı bütün səmimiyyətimizlə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

X.QİYAS