Çingizin Rəsulzadənin xatirəsinə sənədli kinomuzun parlaq nümunələrindən ibarət proqram keçirildi

Noyabrın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində mərhum rejissor Çingiz Rəsulzadənin xatirəsinə ithaf olunmuş sənədli film gecəsi keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından olduğu V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində keçirilən tədbirdə mütəxəssislər tərəfindən Azərbaycan sənədli filmlərinin ən yaxşı nümunələri hesab edilən  5 film nümayiş olunub. Rejissorlar Zaur Məhərrəmlinin “Köç”, Xamis Muradovun “9 dəqiqə”, Nizami Abbasın “Sərhəd”,  Teymur Bəkirzadənin “Dissonans” və Mirsadıq Ağazadənin “Altıaylıq” filmlərinin nümayişinin moderatorluğunu kinoşünas Aygün Aslanlı edib.

1972-ci ildə Bakıda doğulan və ilk akademik təhsilini rəssamlıq üzrə alan mərhum rejissor haqda danışarkən kinoşünas deyib ki, o, Çingiz Rəsulzadəni universitet vaxtlarından tanıyırmış: “Yəqin ki, burda olanların hamısı bilir ki, Çingizin ilk təhsili rəssamlıq olub və kinoya daha sonra gəlib. Yadımdadır ki, biz universitetdə oxuyanda, Çingiz bizim kinoşünaslıq dərslərimizə gəlirdi, bizimlə birlikdə filmlərə baxırdı. Konkret desəm, Çingiz  Ayaz Salayevin dərslərinə gəlirdi. Ayaz müəllim universitetdən çıxana qədər Çingiz həmişə onun dərslərində iştirak edirdi. Yanılmıramsa, elə Ayaz müəllimin gedişindən sonra Çingiz Moskvaya oxumağa getdi”.

Rejissor Əli İsa Cabbarov həmkarı haqda danışarkən deyib ki, bir gün Çingiz Rəsulzadənin xatirəsinə ithaf olunan tədbirdə çıxış edəcəyi heç vaxt ağlına gəlməzmiş: “Çingiz nizam-intizamı, səliqə-səhmanı, qalstuklu adamların hazırlanmış mətnlərini xoşlamırdı. Ona görə bu gün mən də hazırlaşmamışam. Sadəcə olaraq indi gözlərimi yumub, onu yadıma salacağam və həmin şeyləri sizinlə bölüşəcəm. Çingizin vəfat xəbərini eşidəndə, doğrusu, kədərlənmədim. Sonra bunun səbəbini özüm üçün izah etdim. Çünki məncə, sən o vaxt kədərlənirsən ki, sanki dünyasını dəyişən insana borclu qalırsan. Məsələn, öz-özünə deyirsən: “Ona yaxşılıq edə bilərdim, amma etmədim”, “Onun xətrinə dəydim, kaş ki, belə etməzdim”. Elə alındı ki, son dövrlərdə Çingizlə bizim yaxşı bir işbirliyimiz oldu. Bu mənada mən də rahat idim və özümü nələrdə isə ittiham etmirdim. Halbuki, Çingizi bir neçə dəfə Facebookda blok etmişəm (gülür.İ.A.L.) və sonra blok siyahısından çıxarmışam. Onun xasiyyəti təbii ki, rəvan deyildi, hərdən acidilliyi də vardı”.

Əli İsa Cabbarov Çingiz Rəsulzadənin “Kuklalar” filmini necə kəşf etdiyini də izləyicilərlə bölüşüb: “Sizə “Kuklalar” əhvalatını danışmaq istəyirəm. Kino adamları arasında xəbər yayıldı ki, bir filmdə problem var. Həmin vaxt 2006-2007-ci illərdir, biz də istəyirik ki, tammetrajlı film çəkək. Birdən o (mərhum rejissor Çingiz Rəsulzadə nəzərdə tutulur. İ.A.L), haradan isə gəldi, ona çəkməyə film verdilər. Təbii ki, bu ərəfədə biz də özlüyümüzdə ona qəzəbliyik ki, bu kimdir? Bu hardan gəldi ki, buna film verdilər? Sonra mən “Butafilm”də oturmuşdum. “Kuklalar”ın diskini qoydum, filmin 3 dəqiqəsinə baxdım, sonra çevirdim, beş dəqiqəsinə baxdım, sonra filmin bir hissəsinə də baxdım. Bu dinlədiyiniz musiqi (Tədbirin fonunda səslənən film musiqisini nəzərdə tutur. İ.A.L) filmin əsas leytmotivlərindən biridir. Beləcə, heç filmə tam baxmadan – sonradan premyerada filmin tam versiyasına baxdım – başa düşdüm ki, bu, kinodur! Bu, böyük hərflərlə kinodur! Və bu filmi çox incə qəlbə sahib bir insan çəkib. Baxın, siz indi fonda musiqi eşidirsiniz, bu dinlədiyiniz musiqidə akordlar necə vurulur? Musiqi o qədər həzindir ki, sanki ifa edən barmaqlarını klaviaturaya vurmağa ehtiyyat edir. Hiss edirsən ki, bu, incə bir insanın jestidir. Çingizin filminin arxasında da sanki bu musiqidəki kimi kövrək, incəqəlbli bir insanın durduğu hiss olunurdu. Mən heç vaxt Çingizin gözlərindən yaş gəldiyini görməmişdim. Amma bu filmlə mən onun ürəyini kövrək bir qəlb kimi sevdim. Daha sonra “Butafilm”in direktoru Vidadi Rüstəmov da bu filmə baxdı – o da Montində böyüyüb- dedi ki, bu film mənim uşaqlığımdır: “Bax, mən də belə olmuşam. Biz məhəllədə uşaqlarla oynayırdıq, görürdük ki, mitinqlər gedir. Görürdük ki, ilk qaçqınlar gəldi, biz onlarla dalaşırdıq. Daha sonra uşaqların yarısı həmin mitinqlərə getdi, yarısı şəhid oldu, yarısı Rusiyaya köçdü”. Vidadi film haqda bu fikirləri bildirdi, sonradan biz onunla bu filmin nüsxələrini çoxaldıb, onları paylaşmağa başladıq. Elə bilin ki, biz bu filmin fan klubunun üzvləriyik. Bu filmin təbliğində sıravi insan kimi bizim çox böyük rolumuz olub. Bir məsələni də qeyd edim, bayaq Aygün xanım dedi ki, Çingizin az filmi var. Çingizin Kinematoqrafçılar  İttifaqının keçirdiyi müsabiqədə qalib olduğu tammetrajlı “Alagöz” layihəsi var. Doğrudur, o layihə də başıbəlalıdır. Amma ümid edirəm ki, həmin ssenari də, ondan başqa bir ssenarisi var, onların hər ikisi də reallaşacaq”.

Kinoşünas Aygün Aslanlı çıxışında həmçinin, 49 yaşında vəfat edən Çingiz Rəsulzadənin Azərbaycan kinosunda haqqını ala bilməyən rejissor kimi qaldığını dilə gətirib: “Yanılmıramsa, Çingizin bir qısametrajlı bədii filmi, bir sənədli filmi,  bir də ilk və yeganə tammetrajlı bədii filmi “Kuklalar” var. Məşhur “Kuklalar”… Həm bədii keyfiyyətinə görə müsbət mənada məşhur, həm də məmur senzurasının qurbanı olduğuna görə mənfi mənada məşhur “Kuklalar” filmi. Çox heyif ki, biz hələ də Youtube-da filmin orijinal versiyasına baxa bilmirik. 2-3 gün əvvəl mən yenidən “Kuklalar”ı axtarışa verdim, gördüm ki, hələ də final səhnəsi senzuralı hissədir. Çingiz Rəsulzadə Azərbaycan kinosunda haqqını ala bilməyən rejissordur. Təəssüf ki, vəfat etdikdən sonra onlara nələr isə həsr etdiyimiz Çingiz kimi başqa insanlar da var. Amma halbuki, onlar yaşadıqları müddətdə layiq olduqları haqqı ala bilsəydilər… Nə isə, bu hissələrə girməyək məncə”.

Tədbirdə Çingiz Rəsulzadə haqda xatirələrini bölüşən aktrisa Şəlalə Şahvələd qızı ilkin tələbəlik illərində rejissorla yaxın dostluq etdiklərini qeyd edib: “Çingizlə birinci tanışlığımız 1995-ci ildə olub. Mən aktyorluqda birinici kursda oxuyurdum, o isə rəssamlıqda 5-ci kursda idi. Mən də onunla birlikdə Ayaz Salayevin  kino dərslərinə gedirdim. Sonra Çingiz universiteti bitirdi. Biz dostluq edirdik, birlikdə gəzməyə gedirdik. Çingizin geyim tərzi fərqli idi. Həmişə üst-üstə geyinirdi. Kuala kimi idi (gülür İ.A.L.). Bir dənə də papağı vardı, üzərində gül şəkli. Rəssam olduğuna görə, əlində həmişə kağızlar olurdu. O kağızlar bəzən Çingizin əlindən yerə düşərdi, sonra o, nəfəsini dərib, kağızları götürərdi”.

Aktrisa tələbəlik illərindən təxminən10 il sonra Çingiz Rəsulzadə ilə yenidən qarşılaşmasını belə xatırlayıb: “Mən bu 10 ildə heç bir kastinqdən keçə bilmirdim. Ümumiyyətlə, əsəbləşirdim, heç “Azərbaycanfilm” kinostudiyasına getmək belə, istəmirdim. Həmin vaxt növbəti kastinqlərdən birinə getmişdim. Dedilər ki, Moskvadan rejissor gəlib, film çəkəcək. İçəri girəndən sonra Çingizə “Buyurun, nə soruşacaqsınızsa, soruşun” dedim. Əlavə də elədim ki, “Siz, ümumiyyətlə, bu kastinqi formal olaraq, göstərməlik edirsiz, yoxsa, necə?” Çingiz bir az karıxdı, hətta kəkələyərək dedi ki, “Anlamadım, məgər, elə də olur?” Mən də cavab verdim ki, bəli, olur, siz bilmirsiz ki? Nə isə… Sonra elə oldu ki, kastinqdən keçdim və baş rollardan birinə mən çəkildim.

Çingiz məndən yaşda təxminən 7-8 yaş böyük idi. Amma o özü 6 yaşlı böyük bir adam idi. Çox qəribə insan idi. Əli İsa onu lap yaxından tanıyırdı və onun haqda kifayət qədər danışdı. Çingizlə sonuncu söhbətimiz 2018-ci ildə oldu. Onda da film çəkmək istəyirdi. Çox təəssüflər olsun ki, alınmadı. Mən onun ölümünə çox təəssüflənirəm, heç inana da bilmirəm. Amma ən azından yaddaşımda çox gözəl, çox maraqlı insan kimi qaldı. Mən hələ də hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm. Çingizlə bağlı maraqlı xatirələrim çoxdur, amma qorxuram kövrələrəm. Ona görə danışmaq istəmirəm.  Demək nə qədər çətin olsa da, Allah Çingizə rəhmət etsin”.

Rejissor Əli İsa Cabbarov həmkarı haqda danışarkən Çingiz Rəsulzadənin qətiyyən diplomatik adam olmadığını da qeyd edib: “Çingiz adamı çox rahat özündən çıxara bilən biri idi. O, şapalaq kimi sözü insanın üzünə çırpa bilərdi. Təbii ki, onun kimi birisi məmurlarla heç bir formada yola gedə bilməzdi. Bəlkə də Çingiz kinoya indi gəlsəydi, universiteti indi bitirmiş olsaydı, onun üçün bir az rahat olardı. Amma o vaxtlar çox çətin, konfliktlərin çox olduğu vaxtlar idi. Diplomatiyası olmayan insanlar üçün bu, çox çətindir. Çingizin həyatına nəzər salarkən, “Onun bioqrafiyasından hansı ibrəti almaq olar?” – deyə düşünürsən. Çingiz əsla sənətinə və özünə xəyanət etmədi. O, öz yaradıcılığına, istedadına xəyanət etmədi. Bu cəhətdən o, bir nümunədir. Başqa bir tərəfdən isə Çingiz ona görə nümunədir ki, sənətçi yəqin ki, həm də bir az siyasətcil, ölçüb-biçən olmalıdır. Və yaxud da ki, heç olmamalıdır. Elə şapalaq kimi sözü açıq deməlidir. Sadəcə olaraq bilməliyik ki, Azərbaycan kinosunda bir Çingiz Rəsulzadə nümunəsi var”.

Əli İsa Cabbarov çıxışında Çingiz Rəsulzadənin özündən sonra nələri qoyduğundan da danışıb: “Mən düşündüm bu haqda. Şərqdə insandan sonra nələrin qaldığı ilə bağlı “Uşaq, ev, ağac” deyimi var. Mən fikirləşdim ki, Çingizin həyatının nəticələri nələrdir? Çingiz işini-gücünü atıb, çox çətinliklə bir bağ evi tikdi. Bu, çox gərgin bir proses idi, o, bütün günü ustaların əlində avara qalmışdı. Hətta mən düşünürəm ki, bu da onun sağlamlığına mənfi təsir göstərdi. Bütün hallarda, Çingiz özündən sonra bir bağ qoydu. İndi o bağ kimə qalacaq? Onun öz əzizlərinə, yaxınlarına. Çingiz çox gözəl bir film çəkdi. İndi heç o filmin düz-əməlli bir HD nüsxəsi də yoxdur. Amma buna rəğmən, bu film minlərlə insanın ürəyinə toxunub, onları kövrəltməyi bacarıb. Çingiz özündən sonra bunu qoydu. Özündən sonra gözəl bir sənədli film qoydu. Və Çingiz həyatda heç kimə pislik etmədi, heç kimə badalaq vermədi. Bundan gözəl nə ola bilər ki? Bu, gözəl bir həyat yekunudur. Ruhu şad olsun, qəbri nurla dolsun!”

Filmlərin nümayişinə keçməzdən öncə kinoşünas Aygün Aslanlı Çingiz Rəsulzadə haqda düşüncələrini belə yekunlaşdırıb: “Bir neçə gün əvvəl rejissor Teymur Daimi ilə söhbət edəndə, ondan “Niyə film çəkirsən?” – deyə soruşdum. Teymur təxminən Qaracaoğlanın məhşur “Desəm, öldürərlər, deməsəm, ölləm” ifadəsinə uyğun “Çəkməsəm, ölləm!” cavabını verdi. Məncə, Çingiz də bir az çəkə bilmədiyi üçün öldü. Arzu edirəm ki, hamı istədiyini çəkə bilsin. Nə etmək istəyiriksə, bunu edə bilək. İstəklərimiz bizim içimizdə qalıb, dərdə çevrilməsin və insanlar haqda daha yaxşı, daha çox danışa biləcəyimiz tədbirlər olsun”.

Rejissor Çingiz Rəsulzadəyə ithaf olunan anım tədbiri yuxarıda adları sadalanan sənədli filmlərin nümayişindən sonra yekunlaşıb.

İzolda Ağayeva Lalə