Emin Abbasov - 40

15 dekabr rejissor Emin Abbasovun anadan olan günüdür, 40 yaşı tamam olur.

E.Abbasov “Həzrəti Yusif”, “Sınıq qəlb”, “Həzrəti Süleymanın səltənəti” serial  və s.  filmlərin dublyaj rejissoru və prodüsseri, “SineSalam” studiyasının direktorudur.

2010-cu  ildə dublyaj edilən “Həzrəti Yusif” serialı xüsusilə yüksək  peşəkarlıqla,  güclü  dublyaj aktyorları ansamblının yaradılması və texniki kamilliyiilə seçilir. Təsadüfi deyil ki,  Yusif  adı 10  ilə  yaxındır Azərbaycanda  oğlan uşaqlarına qoyulan ən populyar addır.

Rejissor film üzərində işi xatırlayaraq deyir: “Yaradıcı kollektivin hamısını da təbrik edirəm ki, birlikdə bu filmin dublyajını ərsəyə gətirdik. Bu film çox ecazkar filmdir və dünyada görünməmiş marağa səbəb olub. Filmin motivləri Qurani-Kərimdəki “Yusif” surəsindən götürülüb. Bu filmi dublyaj etməkdə məqsədimiz bu olmuşdur ki, insanların müxtəlif zərərli audio-video məhsulların, serialların qarşısında halal və paklıq gətirən film təqdim edilsin. Mən çox sevinirəm ki, bu məqsədimiz alınıb. Filmin nümayişi başlayandan sonra aramsız təşəkkür zəngləri gəlməkdə davam edir. Bu zənglər bizi daha da ruhlandırır ki, gələcəkdə bu işlərimizi, belə filmlərin dublyajını davam etdirək”.

Onun rəhbərlik  etdiyi “SineSalam” studiyası Azərbaycanda dublyaj  işinin peşəkarlıq və bədii səviyyəsinin qalxmasında  xüsusi rol oynayır. Bundan başqa, studiyanın yeni dublyaj aktyorlarının, rejissorlarınıın  yetişməsi işində böyük xidməti  var. Studiyanın məhsulları İran telekanallarında nümayiş olunmaqla qardaş  dövlətin azərbaycanlı əhalisində ədəbi azərbaycan dilinin yüksək səviyyədə inkişafında da müsbət rol oynayır.

Rejissor bildirir ki, bu qədər zəhmətlərdən sonra tamaşaçı rəyi bizi çox qane edir: “Tamaşaçılar “Çox sağ ol”u elə ürəkdən deyirlər ki, mənim üçün bundan gözəl şey yoxdur”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq  bu təşəkkürlərə qatılır, rejissoru yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

aki.az