Firəngiz Qurbanova: “Yeni nəsil animasiya rejissorları yetişdirəcəyik”

Milli kinomuzun  tarixinə nəzər salsaq o zaman görərik ki, Azərbaycanda cizgi filmlərinin yaranma tarixi  ötən əsrin 30-cu illərinə təsadüf edir. “Azərbaycanfilm”in işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan (1933-cü ildə) lazımi materialları alıb gətirmişdilər. Bu illər ərzində nələr çəkildi və çəkilən çizgi filmləri nə qədər qənaətbəxş idi, onu demək çətin olsa da, önəmli olan odur ki, Azərbaycanda daima kinonun bu növü ilə məşğul olan sənətkarlar olub, onlardan biri də rejissor, rəssam, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.

O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra böyük sənərkarlarla bərabər çalışmağa başlayıb: “İlk dəfə 1979-cu ildə ilk animasiya filmimi eksperiment kimi çəkdim və daha sonra davam etməyə başladım”.

HAŞİYƏ: Firəngiz Qurbanova “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb, «Birlik» studiyasına rəhbərlik edib. Bir çox bədii filmlərin-“Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon”, “Ad günü” və s. quruluşçu rəssamıdır. Eyni zamanda “Seans”, “Bulud niyə ağlayır”, “Anam ağacda” və s. cizgi filmlərin quruluşçu rəssamı və rejissorudur.

Son dövrlər animasiya kömpüter qrafikasının geniş yer almasına diqqət çəkən Firəngiz xanım qeyd edir ki, cizgi animasiyasının 3D animasiyadan üstünlüyü personajın xarakerinin tam dolğunluğu, bütün incəlikləri  ilə açılmasıdır: “Sizin qeyd etdiyiniz kimi bu cür filmlər hazırda çox geniş yayılıb və sürətlə inkişaf edir. Amma mən cizgi animasiyasının tərəfdarıyam. Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Kinematoqrafçılar İttifaqı nəzdində açılmış Kino Məktəbinin animasiya qrupuna da məhz rəssamlıq bacaran tələbələri qəbul edirik. Çünki mənim üçün əsas şərt “çəkərək düşünmək” prinsipidir. Özüm də elə işləyirəm, əlimdə karandaş çəkirəm, xarakter haqda düşünürəm, onun vizual həllini axtarıram”.

F.Qurbanova bildirir ki, Kino Məktəbinin animasiya qrupunun ümidverici tələbələr var: “Belə tələbələrin olması məni çox sevindirir. Sadəcə olaraq bu tələbələrlə çalışmaq, onların qabiliyyətini daha da inkişaf etdirmək lazımdır. İnanıram ki, Kino Məktəbi olaraq bunun öhdəsindən gələcəyik və yeni nəsil animasiya rejissorları yetişdirəcəyik”.

Son olaraq qeyd edək ki, F.Qurbanova çox seriyalı cizgi filmi layihəsi üzərində işlədiyini bildirib. Azərbaycan nağıllarının motivləri üzərində qurulacaq filmlər animasiya serialı kimi nəzərdə tutulub: “88-ci ildə yaratdığım “Birlik” studiyasında istehsalı nəzərdə tutulan animasiya filmi üzərində Kino Məktəbinin tələbələri təcrübəli peşəkarlarla bir yerdə çalışacaq. Onlar həm dərs keçəcək  həm də təcrübə qazanacaq. Çox şadam ki, Rüstəm müəllim istehsalla tədrisin birləşdirilməsi  təşəbbüsümüzü dəstəklədi və aidiyyatı orqanlara layihənin dəstəklənməsi üçün Kinematoqrafçılar İttifaqı adından artıq müraciət də olunub”.