Gündüz Abbasov - 90
Bu gün görkəmli aktyor, xarakterik obrazların mahir ifaçısı Gündüz Abbasovun dünyaya gözaçdığı gündür, 90 yaşı tamam olur.
Azərbaycan filmlərində yaratdığı bənzərsiz obrazlarla çoxsaylı tamaşaçıların sevgisini qazanan, ölümündən sonra belə unudulmayan Gündüz Abbasovun istedadı aktyorluqla yekunlaşmırdı. 90 illik yubileyində onun yaradıcılığından geniş danışaraq oynadığı rolları təhlil xarakterində diqqətinizə çatdıracağıq.
RƏSSAM, YAZIÇI, TƏRCÜMƏÇİ, İDMANÇI, AKTYOR…
Gündüz Abbasov Bakı Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib, peşəkar şəkildə rəssamlıqla və yazıçılıqla məşğul olub. Tələbəlik illərindən ədəbi yaradıcılıqla məşğul olmuş, hekayələr yazmış, tərcümələr etmiş aktyor, 50-60-cı illərdə bir çox kitabın rəssamı olub, üç kitabı, yüzlərlə hekayəsi, felyeton və məqalələri nəşr olunub. Kitablarından biri o dövrdə səs salmış “Papasının qızı”, ikincisi satirik-yumoristik hekayələrinin toplusu olan “Canlı körpü”, üçüncüsü isə rəssam Səttar Bəhlulzadəyə həsr etdiyi “Qanadlar” kitabıdır. O da təsadüfi deyil ki, kitabın üstündəki ağ saçlı rəssamı da özü çəkib. Ümumiyyətlə isə aktyor kitablarındakı illüstrasiyaların hamısını özü çəkib. Bundan başqa, dünya ölkələrinin yazıçılarının əsərlərini, dublyaj üçün ssenariləri yüksək səviyyədə dilimizə tərcümə edib.
G.Abbasov 50-ci illərin ikinci yarısında Azərbaycan Dövlət Radiosunda “Gənclik” redaksiyasının baş redaktoru olub, efirə gedən verilişlərin senarisini özü yazıb. “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyib. 20-yə yaxın əsəri tərcümə edib ki, onlardan sonuncusu Kristina Nöstlingerin “Lollipop” povestidir. Onun tərcümə etdiyi müəlliflərdən Anatoli Aleksin, Aleksey Tolstoyun və Çandar Krişanı qeyd etmək olar. Eyni zamanda peşəkar idmançı kimi fəaliyyət göstərən aktyor, respublika voleybol komandasının üzvü, daha sonra kapitanı kimi beynəlxalq yarışlara da qatılıb. Geniş fəaliyyəti ilə diqqəti çəkən, xalqın yaddaşında aktyor kimi qalan Gündüz Abbasovun kinodakı fəaliyyəti tamam fərqli şəkildə xarakterizə olunmalıdır.
BÖYÜK KİNOYA GƏLİŞ VƏ YA KİNODA DEBÜT
İlk dəfə 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr olunmuş, “Sovet pəhləvanı” adlı qısametrajlı bədii filmdə əsas qəhrəmanın kiçik dostu, balaca çoban rolunda oynayan Gündüz Abbasovun böyük kinoya gəlişi 1958-ci ilə təsadüf edib.
O, 1958-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 20-dək filmdə maraqlı rollar oynayıb. “Bir qalanın sirri” film-nağılında Elşən obrazında, “Aygün” (Elyar), “Bizim küçə”(Rasim), “Leyli və Məcnun”(Zeyd), “Telefonçu qız”(Mehribanın atası), “Vulkana doğru”(Uzun), “Dədə Qorqud”(Bəybura), “Qərib cinlər diyarında”(İblis), “Babək”(Pərvinin babası), “İşarəni dənizdən gözləyin”(şair), “Qəm pəncərəsi”(kəndli), “Alman klinikasına şəxsi səfər”(milyonçu Lioznov), “Doğma sahillər”(Bəndalı kişi), “Yuxu”(Hidayət kişi) və s.
Filmlərdə yaratdığ obrazlar onun aktyorluq fəaliyyətinin, yaradıcılığının ən maraqlı səhifələri hesab olunur. Aktyorun oynadığı obrazlara diqqət edək: İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi “Onun böyük ürəyi” bədii filmində prokuror Rəcəb obrazını çəkiləndə onun 28 yaşı var idi. Film üç dövrü əhatə edir: Böyük Vətən müharibəsindən (1941-1945) əvvəl, müharibə illəri və müharibədən sonrakı dövr. Aktyor filmdə qəhrəmanını əvvəlcə 20 yaşını, sonra isə 40 yaşını canlandırır.Prokuror Rəcəbin xarakterindəki bütövlük, onun insani keyfiyyətləri – vətənpərvərliyi, dostluqda sədaqətliyi, məhəbbətdə möhkəmliyi filmboyu özünü büruzə verir. Rəcəb obrazı Gündüz Abbasovu tamaşaçı auditoriyasına sevdiridi.
Həsən Seyidbəylinin quruluşunda çəkilən “Telefonçu qız” filmindəki Mehribanın atası rolu aktyorun ən sevimli ekran işlərindəndir. Epizodik rolu məharətlə ifa edən aktyor ata rolunu yaratdığı bütün surətlərdən tamamilə fərqləndirib.
Anarın çəkdiyi “Qəm pəncərəsi” filmində qoca Kərbəlayı rolunda oynayır. Kərbəlayı obrazı kasıb kəndlilərin ümumiləşdirilmiş obrazı kimi təqdim edilir və aktyorun ifasında gözəl misallar çəkən bir ağsaqqal kimi dünya görmüş bir insan xarakterini ortaya qoyur.
Ceyhun Mirzəyevin quruluş verdiyi “İşarəni dənizdən gözləyin” tarixi-inqilabi filmində G.Abbasova çox maraqlı bir rol təklif olunur- şair rolu. Əslində bu personajın prototipi dövrünün böyük mütəfəkkiri, şair Məhəmməd Hadidir və aktyor şairin daxili aləminə nüfuz edərək, onunzəngin mənəviyyatını üzə çıxarır.
Səməd Vurğunun “Aygün” poeması əsasında ekranlaşdırılmış eyniadlı film-poemada tamaşaçılar məhəbbət üçbucağı ilə qarşılaşırlar. Əmirxan evdən küsüb gedəndən sonra Aygün körpəsi ilə tək qalır ki, bu vaxt Elyarın(G.Abbasov) qəlbində ülvi hisslər oynayır. Elyarın sevgisini hiss edən qadın onu cavabsız qoyur, analıq hissinin müqəddəsliyini qoruyub saxlayır.
“Kitabi Dədə-Qorqud” dastanı motivləri əsasında çəkilmiş “Dədə Qorqud” filmi milli kino tariximizdə önəmli ekran əsərlərindən hesab olunur. Filmdə Gündüz Abbasov maraqlı bir surəti –oğul atası Bəybura obrazını yaradır. Oğlunun başına gətirilən bəlalar atanı sarsıdıb, onu kor edib. Ümidini itirməyən ata oğlu ilə görüşəcəyinə inanır və onun oğlu Beyrəklə görüşüfilmin ən maraqlı səhnələrindən biridir. Aktyorun həmin təsirli səhnədə keçirdiyi hisslər, həyəcan dolu sevinc inandırıcı şəkildə tamaşaçıya çatdırılıb.
AZƏRBAYCAN KİNOSUNUN NAĞIL QƏHRƏMANI
Aktyor sənətinin zirvə nöqtəsi yəqin ki, onun oynadığı obrazda yaddaşlara həkk olunmasıdır. Çünki istənilən aktyor onlarla rol oynasa da baxırsan ki, bir obrazla xatırlanır. Bəlkə də aktyorun bütün yaradıcılığı bir obrazda öz əksini tapır və ya bir obrazda bütün rolların fikrini cəmləyir. Əlbəttə ki, bu sirli-müəmmalı bir məqamdır, sözlə ifadə ediləsi mümkün deyil.
Gündüz Abbasov da o aktyorlardandır ki, bir obrazda bütün yaradıcılığını əhatə etdi. “Bir qalanın sirri” filmindəki Elşən obrazını nəzərdı tutduğumuzu yəqin ki, anladınız. Elşən obrazı Azərbaycan kinosunun nağıl qəhrəmanı olmaqla yanaşı, bizlərin də uşaqlıqdan xəyalını canlandırıdığmız nağıl qəhrəmanıdır. Həmin nağıl qəhrəmanı ki, xeyirlə şərin mübarizsində mütləq qələbə çalaraq könlümüzü qazana bilib və illər keçsə də bu inam, ümid itmir,əksinə daha çox qəhrəmanların gəlişinə ehtiyac duyuruq, çünki xeyir-şərin mübarizəsi bitməyib və dünya durduqca da bitməyəcək.
“Bir qalanın” filminin əsas süjet xəttini kəndləri, obaları susuz qoymuş zalım hökmdar Simnar xana qarşı aparılan mübarizə təşkil edir. Həkim Eldostu, Usta, Kamran baba, Elşən, Mətanət çətinliklər içində olan xalqa kömək etmək üçün çalışırlar.
G.Abbasovun yaratdığı Elşən güclü xarakterə malikqəhrəmandır. O qüvvətlidir, lakin həkim Eldostu ona oxumağı, bilikli olmağı təklif edir. Gücünə, mərdliyinə arxalanan Elşən sonda anlayır ki, düşmənə qalib gəlmək üçün güc kifayət deyil, eyni zamanda elmli və bilikli olmaq vacibdir.Filmdə insan əməyi və zəkasının qüdrəti, çətinliyə qalib gəlməsi Elşənin simasında canlı birsurətdə göstərilib. Tamaşaçı onu məhz belə rollarda görüb, bəyənib.
Yeri gəlmişkən, Gündüz Abbasovun kino üçün kəşf olunmasında onun xarici görünüşü, ekran üçün uyğun olan fakturası böyük rol oynayıb. Və ilk filmdən peşəkarlıq nümayiş etdirməsi də rejissorların diqqətindən qaçmayıb.
GÜNDÜZ ABBASOV: QANQAL OLUB GÖZƏ GİRMƏ, BƏNÖVŞƏ OL, AXTARSINLAR
Aktyor, rəssam, yazıçı, idmançı kimi geniş xidmətləri olan Gündüz Abbasov gördüyü işlərdən böyük zövq alıb, hətta qarşlıq gözləmədən…Və həmişə deyərmiş ki, qanqal olub gözə girmə, bənövşə ol, axtarsınlar.
Azərbaycan kinosunda 30-a yaxın rol, “Mozalan”da da 20-dən çox obraz canlandırıb. Qəzet və jurnallarda, dövlət radio və televiziyasında 100-dən çox reportaj hazırlayıb. Hətta İsi Məlikzadənin ssenarisi əsasında çəkilən “Güllələnmə təxirə salınır” filminin ssenarisini redaktə edib,əsasən də Bakı şivəsi üzərində işləyib. Hətta filmin adını belə dəyişib: “Güllələnmə ləğv olunur” deyə yazıb. Bəlkə də ona görə ki, əsərin sonunda Xan ölür və güllələnmə təxirə salına bilməzdi, güllələnmə məhz elə ləğv olunmalıydı.
Qeyd edək ki, aktyorun kinodakı uğurları nə qədər çox olsa da, uğursuzluqlar da ondan yan keçməyib.
Məsələn, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasov (Gündüz Abbasovun atası) “Babək” kinossenarisini yazıb və filmin quruluşu rejissor işi Hüseyn Seyidzadəyə tapşırılıb. Moskvafilmin çəkilişinə icazə verməyib və bir çox illər sonra “Babək” tamamilə başqa ssenari üzrə çəkilib. Yəqin ki, ilk ssenaridə Babək rolu Gündüz Abbasov üçün nəzərdə tutulub. Bundan başqa, Koroğlu” filmində baş rolu ifa etməli imiş. Ona Moskavadan(filmin əsas çəkilişləri Mokvada pavilyonda lentə alınıb) gələn dəvət teleqramı gizlədilib. Rejissor H.Seyidzadə aktyordan cavab almadığına görə Koroğlu roluna Əfrasiyab Məmmədovu təsdiq edib. Bir məqamı da unutmayaq ki, həmin ərəfədə Gündüz Abbasov “Bir qalanın sirri” filmində Elşən obrazını yaradırdı və yəqin ki, paralel şəkildə hər iki filmdə çəıkilsəydi o zaman Elşən obrazı bu qədər dolğun alınmazdı.
Gündüz Abbasov bu barədə “Öz artistlərimizə qiymət verək” adlı müsahibəsində deyib: “Radioda Gənclər şöbəsində işləyirdim, günlərin birində xəbər gəldi ki, rejissor Əlisəttar Atakişiyev “Bir qalanın sirri” filmini çəkir və məni də sınağa dəvət edir. Getdim və gördüm ki, Elşən roluna məndən savayı Əfrasiyab Məmmədov və Sarı Süleymanın oğlu İbrahim də namizəd idilər. Belə oldu ki, məni çəkəsi oldular. Kəlbəcərdə, Şamaxıda, 3-4 ay leninqrdadda pavilyon çəkilişləri oldu. Mən Leninqrdadda çəkilişlərdə olanda burada Hüseyn Seyidzadə “Koroğlu” filmini çəkməyə başlayır. Mən cavanlıqda cüssəli idim, Koroğlu roluna fotosınaqdan keçmişdim. Hüseyn Seyidzadə mənim və Tamara Kokovanın adına teleqram vurub kinosınaq çəkilişinə çağırır. Əlisəttar Atakişiyev professional qısqanclıq göstərib teleqramı bizdən gizlədir – qorxur ki, gedərik, “Bir qalanın sirri” filmi yarımçıq qalar. Mən Əfrasiyabnan dost idim, Leyla xanımın də xətrini istəyirəm, amma “Koroğlu” alınmadı”.
Bir məqam daha, hazırlıq işləri aparılan “Şah İsmayıl” filmində aktyor Şah İsmayıloluna sınaq olunsa da, filmin istehsalı baş tutmayıb. Qazandığı uğurların yanında bir neçə uğursuzluğun olması onun sənətkarlığına, şəxsiyyətinə xələl gətirməyib, əksinə xarakterini daha da gücləndirib.
90 illik yubileyində Gündüz Abbasovu xatırlamaqla onun bir yaradıcı kimi yadda qaldığını, illər keçsə də unudulmadığını və gələcək nəsil üçün örnək sənətkar olduğunu bir daha yada salmaq istədik.
Azərbaycan kinosunun Elşənini, Rəcəbini, Zeydini, Bəyburasını, milyonçu Lioznovunu, Bəndalı kişisini və daha neçə obrazların mahir ifaçısı Gündüz Abbasovu yubiley yaşında böyük sevgiylə yad edir – SƏNİ UNUTMADIQ USTAD – deyirik.
X.QİYAS