Hüseyn Cavid İsmayılov vəfat edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rəssam-animator Hüseyn Cavid İsmayılov 16 iyul 2021-ci il tarixində dünyasını dəyişib.

Hüseyn Cavid İsmayılov 11 sentybar 1951-ci ildə Bakı şəhərində anadan olub. “Azərbaycanfilm” və “Azanfilm” studiyalarında çalışıb.

İlk dəfə 1971-ci ildə yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılan, geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş “Tülkü həccə gedir” animasiya filmində rəssam kimi çalışıb. Hikmətli bir əhvalat üzərində qurulan, qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışan filmdə belə bir fikir ön plana çəkilir ki, düşmən çox məharətlə cildini dəyişə bilər. Nəticə etibarilə də gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail olar. İlk animasiya filmi, ilk mövzu gənc rəssamın yaradıcılığında böyük rol oynayır.

1977-ci ildə o, şair Əli Kəriminin eyniadlı şeri əsasında mətnsiz çəkilən “Daş” filminin rəssamlarından biri olur. Dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağıran kinolent fəlsəfi fikirlər üzərində qurulub.

O da təsadüfi deyil ki, Hüseyn Cavid İsmayılovun yaradıcılığında fəlsəfi fikirlər üstünlük təşkil edib. Onun 1990-cı ildə rəssamı olduğu,  Azərbaycan xalq nağıllarının motivlərindən istifadə olunaraq çəkilən “Güzgü” filmində həyat güzgüsündə xeyir və şər qüvvələrin qarşı-qarşıya durmasından bəhs edir. Bu multiplikasiya filmi fantasmaqoriyadır. Xeyir baş verə biləcək bəlanın qarşısını alır. Təmizlik rəmzi olan xeyir, yəni su, çirkabı yuyub aparır…

Rəssam-animator eləcə də rəssam kimi çalışdığı digər animasiya filmlərində (“Tülkü həccə gedir” (1971, animasiya filmi) – ikinci rəssam, “Cırtdanın yeni sərgüzəşti” (1973, animasiya filmi) – multiplikasiya rəssamı, “Dınqıl, sazım, dınqıl” (1976, animasiya filmi) – fazaçı rəssam, “Daş” (1977, animasiya filmi) – ikinci rəssam, “Xoruz” (1977, animasiya filmi) – ikinci rəssam, “Toplan və kölgəsi” (1977, animasiya filmi) – multiplikasiya rəssamı, “Sonrakı peşmançılıq” (1978, animasiya filmi) – multiplikasiya rəssamı, “Arzunu yarat” (1979, animasiya filmi) – multiplikasiya rəssamı, “Toral və Zəri”(1979, animasiya filmi) – multiplikasiya rəssamı, “Xeyir və şər”(1980, animasiya filmi) – ikinci rəssam, “Meşəyə insan gəlir” (1980, animasiya filmi) – fazaçı rəssam, “Cırtdan-pəhləvan haqqında” (1981, animasiya filmi) – ikinci rəssam, “Uşaq və külək” (1982, animasiya filmi) – dekor rəssamı, “Akvarium” (1983, animasiya filmi) – ikinci rəssam, “Cırtdan-pəhləvan haqqında” – II film (1983, animasiya filmi) – ikinci rəssam, “Uçan zürafə” (1983, animasiya filmi) – ikinci rəssam, “Sehrli naxışlar” (1984, animasiya filmi) – fon rəssamı, “Təqib” (1984, animasiya filmi) – ikinci rəssam, “Balaca çoban” (1985, animasiya filmi) – ikinci rəssam, “Humayın yuxusu” (1985, animasiya filmi) – ikinci rəssam, “Talada ev” (1986, animasiya filmi) – ikinci rəssam, “Yeni il əhvalatı” (1986, animasiya filmi) – ikinci rəssam, “Əks-səda doğuracaq”(1987, animasiya filmi) – ikinci rəssam, “Lovğa fil balası” (1987, animasiya filmi) – ikinci rəssam və s.) mövzuya hakim olaraq filmü zərində çalışmağı əsas götürüb.

HAŞİYƏ: Rəssamın ailəsinin dediyinə görə, Hüseyn Cavid İsmayılovun atası repressiya qurbanlarındandır, görkəmli şair Hüseyn Cavidlə birgə həbsdə olub. Və şairin xatirəsini əziz tutduğu üçün oğlunun adını Hüseyn Cavid qoyub.

Sənətini sevən, rəssam-animator kimi müxtəlif mövzularda çəkilən animasiya filmlərində rəssam kimi öz sözünü deməyi bacaran Hüseyn Cavid İsmayılovun vəfatından kədərlənir, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından mərhumun yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

 

 

 

aki.az