Kamera silahımızdır
YAXIN TARİX
Mövzumuz peşə ləvazimatı ilə silahı eyni vaxtda istifadə etməyi bacaran insanlara – cəbhə operatorlarna həsr olunub.
Kinooperator, kinorejissor, əməkdar incəsənət xadimi, filmoqrafiyasında “Azadlığa gedən yollar”, “Azadlıq elçisi”, “Batalyon”, “İlk komandir”, “Laçının son günləri” və bir sıra digər filmlər olan Nizami Abbas bizimlə söhbətində qeyd etdi ki, kinokamera ilə bərabər silah da götürməyə onu zaman ruhlandırıb, dövr sövq edib. Hərbi kinooperator olması 1988-ci ildə, Meydan Hərəkatından başlayıb. Mitinqlərin birinci günü meydana əliboş gəlib. Kinostudiyaya qayıdıb “Yaddaş”ın rəhbəri Zaur Məhərrəmova meydandakı əhval-ruhiyyədən danışıb və sabah kameranı götürüb çəkməyə gedəcəyini bildirib. Meydan hadisələrinin ilk görüntüləri studiyada aşkarlanandan sonra başda “Azərbaycanfilm” kinostudiyasının ilk dəfə olaraq təyinatla deyil, kollektivin seçimi ilə direktoru olan Ramiz Fətəliyev olmaqla kinostudiyanın bütün heyəti Azadlıq Meydanındakı “Abşeron” və “İnturist” mehmanxanalarında məskunlaşıb. Meydan Hərəkatını kinostudiyanın 5 operatoru çəkirmiş: Zaur Məhərrəmov həm operator, həm də rejissor olaraq, operatorlar Köçəri Məmmədov, Rafael Salamzadə, Bağır Rəfiyev və müsahibimiz.
Nizami Abbas: “89-cu ildə artıq Dağlıq Qarabağ və ətraf rayonların əhalisindən ov tüfənglərinin alınması prosesi başlamışdı. Mən də ezamiyyət vərəqəsi-filan gözləmədən oralara gedib çəkilişlər etməyi özümə borc bildim. Köçəri Məmmədov başda olmaqla rejissor Tofiq Məmmədov, operatorlar Sərdar Vəliyev, Xankəndində əsir düşən, sonradan azad edilən Elxan Əliyev “Salnamə” studiyasının çəkiliş qrupu da o illərdə baş verənləri çəkirdi. Ayrı-ayrı studiyalarda çalışan kinooperatorlar kimi çəkdiklərimizi “Salnamə”yə təhvil verirdik, orda aşkarlanıb arxivdə saxlanılırdı”.
ZEYNƏB XANLAROVANIN KAMERASI
Nizami müəllim televiziyadakı həmkarlarından bəhs etməyi də unutmur. Söyləyir ki, Azərbaycan Televiziyasının bütün kameraları müsadirə olunmuşdu. Az.Tv-dən yeganə olaraq bu hadisələri birinci olaraq lentə alan ilk hərbi telereportyor rəhmətlik Seyidağa Mövsümlü olub. Ona öz şəxsi kamerasını Zeynəb Xanlarova veribmiş ki, Bakıda və bölgələrdə baş verənləri əbədiləşdirə bilsin.
CƏBHƏ LÖVHƏLƏRİ
Nizami Abbas könüllü yollandığı I və II Qarabağ Müharibəsinin xatirələrini həyəcansız danışa bilmir. Xatirələri isə Kərkicahan kəndində Daxili İşlər Nazirliyinin “Makarov” tapançasından başqa heç bir silah-sursatı olmayan “Dinamo” cəmiyyətinin idmançılarının Xankəndində separatçılarla mübarizədəki əzmi, Şuşa bayalyonunun komandiri Ramiz Qənbər və digərləri ilə birlikdə “Qarabağa yardım komitəsi”nin üzvü kimi oranın əhalisinə kömək etməsi, maşınlarının daşa basılması, bir müddət sonra müharibəyə yollanması, Laçın batalyonunda Arif Paşayevlə bir çox hadisələrin şahidi olması ilə bağlıdır. Laçından qayıdandan sonra Müdafiə Nazirliyinin nəzdindəki analitik-informasiya mərkəzində rəsmi fəaliyyətə başlayıb. Bu Mərkəzdə müsahibimiz, Seyidağa Mövsümlü və bir də Az.Tv-nin Qarabağ üzrə müxbiri Tahir Qarayev, onların həvəskar operator həmkarları və bir də hərbi müxbirlər – indi general olan Hüseyn Mahmudov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi olan Vaqif Dərgahlı, ” Səhər” qəzetinin müxbiri Şamil Sabiroğlu, Fikrət Qafarov, Babək Quliyev, Etibar Şirinov və başqaları müharibənin bədii və sənədli xronikasının əsasını qoyurmuşlar. Operatorlar cəbhədə 1 silah, 2 nəfər və 1 kamera şəraitində işləyirmiş. Bir-birindən aralı dayanırmışlar ki, birinin başına bir iş gəlsə, çəkilən kadrları xilas etməyə o birinin imkanı olsun. Təbii ki, hər bir ekstremal vəziyyətdə olduğu kimi hərbidə də daha artıq dərəcədə soyuqqanlılıq və peşəkarlıq tələb olunur. Təəssüf ki, bütün bu hadisələri kinokameranın yaddaşına köçürməyə peşəkar operatorlar can atmayıblar, həvəskarlar arasında silahla kinokameranı eyni anda götürənlər çoxluq təşkil edib.
LAÇININ İŞĞALININ GÖSTƏRİLMƏYƏN TƏRƏFLƏRİ
Laçın alayının tərkibində olan hərbi kinooperator kimi Nizami müəllimin xatirələri fərqliliyi ilə seçilir: “Laçının işğalı ilə bağlı təsəvvürümüz heç də yalnız rayonu göstərişlə qoyub-qaçan hərbçilərlə bağlı olmamalıdı. Qubadlı ilə Laçının arasında bir qəsəbə var idi, orda sovet qoşunları dayanırdı. Çayın bu biri tərəfi isə Ermənistan idi. Sadə camaat nə baş verdiyini və nələrin baş verəcəyini hiss edir və anlayırdı. Gorusdan Laçına sovet maşınlarının karvanı keçəndə böyüklü-kiçikli, qadınlı-kişili hər kəs yola çıxıb maşınların yolunu kəsməyə çalışırdı. Başa düşürdülər ki, o maşınların Laçından Şuşaya, Xankəndinə üz tutması hansı dəhşətli məqsədi daşıyır. Şuşadakı silah-sursatımızın miqyasını görəndə təəccüblənmişdik. O qədər hərbi texnikamızın cüzi faizi hərbi əməliyyatlarda istifadə olundu nədənsə… Ona görə də effekti olmadı. Həm Laçın camaatında, həm də orda döyüşən hərbçilərdə kifayət qədər əzmkar ruh var idi və biz o kadrları lentə almışıq. Laçın batalyonunda “Cin Mübariz” ləqəbli döyüşçü var idi, onun elədiklərini bir alay eləməzdi. Laçının hərbi sənədləri bizim maşında çıxdı rayondan. Laçından çıxanda bir yaşlı kişinin köhnə bir maşın təkərinə dirsəklənib oturduğunu gördük. Soruşduq ki, hamı köçüb gedib sən niyə getmirsən? Cavab verdi ki, mənim dərdimi xəbər almayın, uşaqlarımın yarısı bu tərəfdədi, yarısı o biri tərəfdə. Ətrafına da çoxlu qarışqalar yığışmışdı. Seyidağaya dedim ki, bu torpağı tərk etməyən bir bu qocadı, bir də bu qarışqalar. Seyidağa bu epizodu elə o cür obrazlı ruhda lentə aldı. Laçın çox köməksiz vəziyyətdə qalmışdı. Üstəlik döyüş gedə-gedə Arif Paşanın alay komandiri vəzifəsindən uzaqlaşdırılması haqqında əmrin verilməsi tamamilə yolverilməz hal idi. Sakinləri rayonlardan köçürməyə yük maşınlarının əvəzinə döyüş qüvvəsi göndərmək olmazdımı? Hətta Laçının girişində Arif Paşa şlaqbaum qoydurmuşdu ki, yük maşınları rayona buraxılmasınlar və sakinlər bölgəni tərk etməsinlər. Amma müqavimət və hücum üçün əlavə qüvvə göndərilmədiyinə görə qadınların, uşaqların, yaşlıların əsir düşmək təhlükəsi yaranmışdı. Şuşanın işğalından əvvəl isə bir çox hərbçiləri məzuniyyətə buraxmışdılar. Bakıda rastlaşırdım onlarla….”
“DÖYÜŞ MEYDANINA GETMƏYƏ YENƏ DƏ HAZIRAM”
Nizami Abbas: “II Dünya Müharibəsi zamanı nə qədər kinooperator hərbi qərargahın tərkibində bütün müharibəni keçib və əvəzsiz kadrlar lentə alıblar. Belə də olmalıdır. Bizdə də indi hərbi vəziyyətdir. Amma nədənsə prosesdən kənarda qalmışıq. Bir dəfə bir hərbi əməliyyat zamanı Tərtər bayalyonunun komandiri Milli Qəhrəman Elman Hüseynov ratsiya ilə Vəzirlə əlaqə saxlamağa çalışırdı. Birdən anladı ki, Vəzir düşmənə o qədər yaxındı ki, ona cavab verə bilmir. Dərhal hücum əmri vermişdi və biz ermənilərin 35 nəfər canlı qüvvəsini məhv edib 2 tank və 1 BMP-sini ələ keçirmişdik. Birdən böyürdən bir erməni tankı çıxdı. Onu da deyim ki, muzdlu döyüşçülər gərgin anlarda döyüş meydanını qoyub qaçırdılar. Qarşı tərəflə üz-üzə ermənilərin özləri qalırdı. Həmin anda Vəzirin erməni tankını qumbaraatan silahla vurmağını çəkmək istəyəndə kameranın işləmədiyini aşkar etdim; zərbədən donmuşdu, düz bir saatdan sonra işlək vəziyyətinə qayıtdı. İmitasiya etməli oldum Vəzirin erməni tankını vurmasını”.
Nizami müəllim bu günlərdə də Müdafiə Nazirliyinə məktub yazıb müraciət edərək yaradıcı heyətlə birlikdə Dağlıq Qarabağ və ətraf rayonlarda baş verənləri tarix üçün əbədiləşdirməyə hazır olduğunu bildirib. Cavab məktubu “çox sağ olun, Allah razı olsun” məzmununda olub. Müraciətini bu söhbət vasitəsilə təkrar bildirdi və çəkiliş prosesinə başlamağını gözlədiyini vurğuladı.
Nizami Abbas: “Biz çox istərdik ki, bu müharibədə peşəkar operatorlar kənarda qalmasınlar. Allah bizim xalqımıza yar olsun, ordumuza güc versin. Bizim xalq doğrudan çox insanpərvər xalqdı. Amma bu o demək deyil ki, torpağına göz dikəni yerində oturtmamalıdı. Cəbhədə olduğum müddətdə dəfələrlə gördüm ki, bizim əsgərlər qaçıb-getməyə macal tapmayan erməniyə heç bir təcavüz etmədən sərbəst buraxıblar ki, Ermənistan tərəfə çıxıb getsin. Gedə bilməyən əlsiz-ayaqsız erməni qocalarını Qırmızı Xaç Komitəsinə təhvil vermişik. Laçın batalyonunda Bakıdan gəlmiş bir xanım var idi. Qardaşı şəhid olmuşdu, orduya yazılmışdı ki, bu acısını ovuda bilsin. Bayaq haqqında danışdığım “Cin Mübariz” bir dəfə bir erməni tutub gətirmişdi. O xanıma dedi ki, güllələyib öldürə bilər onu. Xanım bunu etmədi. Çünki bizim xalqda cılız qisasçılıq hissi yoxdur”.
Söhbətimizin sonunda Nizami müəllimə Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalında azad edilməsinin kinosalnaməsini yaratmağı arzuladıq…
UZAQ TARİX
Kann festivalının mükafatının (1954), “Dənizi fəth edənlər” və “Xəzər neftçiləri haqqında dastan” filmlərinə görə Lenin Mükafatının (1960) sahibi, Türkmənistanın əməkdar incəsənət xadimi (1948), Azərbaycan SSR xalq artisti (1982) kinooperator və kinorejissor Cavanşir Məmmədov (1915-1997) 1941-1945- ci illər Böyük Vətən Müharibəsi illərində cəbhədəki şücaətinə və Vyananın alman faşistlərindən azad edilməsinin kinoinikasına, “Vyana” filminə görə “Qırmızı Ulduz” Ordeni ilə təltif edilmişdi. “416-cı”, “Budapeşt” filmləri Böyük Vətən Müharibəsinin ön cəbhəsinin, “Dənizi fəth edənlər” və “Xəzər neftçiləri haqqında dastan” ekran əsərləri isə Bakı neftinin alman faşizmi üzərində qələbədəki müstəsna rolunun sənədli və bədii kinosalnaməsidir. Sənətkarın qızı, əməkdar mədəniyyət işçisi Almaz Cavanşir aki.az saytına müsahibəsində onu tanıyanlar arasında atasının işini-peşəsini hədsiz sevən və həm də çox cəsarətli adam kimi xarakterizə olundunuğun dedi. II Ukrayna Cəbhəsində Ukraynanın, Avstriyanın, Macarıstanın, Çexoslovakiyanın alman faşistlərindən azad edilməsinin iştirakçısı olduğunu qeyd edərək maraqlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Tolbuxinin dəstəsinə təyin olunubmuş ki, hərbi əməliyyatları lentə alsın. Hücum əmri veriləndə Cavanşir Məmmədov əsgərlərdən irəli yüyürərək faşistlərə hücum mövqeyi tutubmuş. Buna görə Tolbuxin onu yollayan komandirə zəng vurub iradını da bildirib, deyib ki, operator çəkiliş aparmalıdır, özünü güllənin qabağına atmamalıdır, yoxsa mən onun təhlükəsizliyinə cavabdeh ola bilməyəcəm.
Uzun müddət hesab edilirmiş ki, hərbi operatorların sayı cəmisi 258 nəfər olub. Lakin araşdırmalar nəticəsində aşkar edilib ki, Böyük Vətən Müharibəsinin cəbhələrində 308 operator, və asissent, 107 inzibati kino işçisi, rejissor, səs rejissoru həyatlarını təhlükəyə ataraq peşəkar və vətəndaş borclarını yerinə yetiriblər.
Mərkəzi Kinoxronika Studiyasının cəbhə operatorları qrupunun, ssenari müəllifi Malts Albertin və quruluşçu rejissorlar Leonid Varlamov, İlya Kopalinin ərsəyə gətirdikləri «Разгро́м немeцких войск под Москво́й» (1942) sovet sənədli filmi kino tarixinə Amerika Kino Akademiyası “Oskar”ın “Ən yaxşı sənədli film” nominasiyasında Birinci mükafata layiq görülməsi ilə düşüb.
Yuliy Rayzmanın 1945-ci ildə hərbi kinooperatorların kinoxronikaları əsasında çəkdiyi və alman xronikasını montaj etdiyi “Berlin” filmi isə bir il sonra Beynəlxalq Kann Kinofestivalının açılışını daha da əlamətdar edib, tamaşaçılar və kino tənqidçilərinin rəğbətini qazanaraq “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Birinici beynəlxalq mükafata layiq görülüb.
P.S. Ərazi bütövlüyümüzə və kino uğurlarımıza inam arzusu ilə…
Samirə Məmmədli