Kinematoqrafçılar İttifaqının Kino Evində növbəti təqdimat keçiriləcək

”Müqəddəs inək” adlandırılan filmdəki hadisə Azərbaycan kəndlərindən birində cərəyan edir. Film dəyişikliklərlə adət-ənənələrin balansını saxlamağa çalışan bir qəhrəmanın hekayəsini anladır.

Sənədli filmin qəhrəmanı Lahıcda yaşayan, müasir düşüncəli, dünya ölkələrinin yaşayış tərzini izləyən, orda baş verənlərə maraq göstərən bir fermerdir. Günlərin birində o, Avropadakı məhsuldarlığı ilə seçilən inək cinsi  haqqında eşidir və bu onda maraq yaradır. Düşünür ki, əgər Avropadan heç olmazsa bir baş inək alsa, onu yaxşı bəsləsə, nəticə etibarilə bu inək çoxlu  bala,  bol süd verə bilər. Bu bolluq içində də ailənin maddi vəziyyəti yaxşılaşar. Hətta hələ inəyi almadan onun adını  “Madonna” qoyur. Qəhrəmanımız kəndin ağsaqqalları ilə məsləhətləşərək bu arzusunu həyata keçirməyi qərar alır.

“Müqəddəs inək” sənədli filminin yaranma ideyası rejissorun AzTV-də çalışdığı illərə təsadüf edir: “AzTV-də çalışdığım zaman belə bir informasiya eşitdim: Azərbaycanda kəndlərdən birinə Avropadan inək gətirmişdilər. Bu, mənim diqqətimi çəkdi. İdeya və mövzu var idi, amma konflikt yox idi. Mövzuyla bağlı kənddə ağsaqqallarla danışanda onlar dedilər ki, bizə Avropadan inək-filan lazım deyil. Ola bilər inək gözəl görünür, yaxşı süd verəcək, amma bizimkilər ondan daha yaxşıdır. Və bu konflikt diqqətimi çəkən kimi ssenarini yazdım. Layihə Gürcüstanda keçirilən “Est of Documentary “ müsabiqəsindən keçdi. Best Pitch-ən yaxşı təqdimat aldı”.

Qeyd edək ki, film Amsterdamda IDFA “First Appearance Competition”, Torontoda Hot Docs – “World Showcase”, Praqada “One World” və daha bir neçə beynəlxalq festivalın rəsmi müsabiqə iştirakçısı olub.

Sənədli filmin ssenari müəllifi və rejissoru İmam Həsənov, quruluşçu operatoru Sərvər Cavadov, prodüserləri Andra Popesku, Veronika Janatkova, Stefan Kloosdur.
Tamaşaçıların diqqətinə: “Müqəddəs inək” filmi 30 avqust (saat 19.00)  AKİ Kino Evində nümayiş olunacaq.