Kino Evində Namiq Ağayevin “Ol” filminin təqdimatı keçiriləcək
1990-cı illərdə kuklalara nağıl danışdıran rejissor kimi tanınan Namiq Ağayev sonralar müxtəlif layihələrə imza atdı, ancaq son illərdə quruluş verdiyi “Ol” filmi ilə sanki bütün stereotipləri sındırdı…
Tragikomediya janrında çəkilən “OL” filmində iki qardaşın taleyindən bəhs edir. Rejissor bildirir ki, “Ol!” Allah təalanın kəlamıdır, eyni zamanda yaşa deməkdi: “Bu söz insana yaşamaq üçün, gələcəyə doğru davam etmək üçün pozitiv enerji ötürür, güc verir. Buna görə filmin adı “Ol” adlanır. Daima irəliləmək lazımdır.Tamaşaçı bu filmdən pozitiv enerji alacaq. Onsuz da dərdləri kifayət qədərdir. İstəmədik, bir də bizim filmə baxanda fikrə getsinlər. Ümumiyyətlə kino mənim üçün sosial sənət növüdür. Bütün kütlələrə xitab etməlidir. Filmi hər kəs başa düşməlidir”.
Xatırladaq ki, filmin ssenari müəllifi Namiq Ağayev, Fikrət Məmmədov, quruluşçu rejissoru – Namiq Ağayev, operator Ramin Asimoğlu, prodüserlər – Fariq Cəfərov, Rəşad Cəfərovdur.
Rollarda iştirak edirlər: Tuncer Salman, Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və b.
Tamaşaçıların diqqətinə çatdıraq ki, “Ol” filmi 6 sentyabr (saat 19.00) Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.