Kino Evinin tamaşaçıları “Plaskart”la Rusiyaya səfər etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunan “Plaskart” filminin təqdimatına onlarla tamaşaçı axını var idi.

Anşlaqla keçən sənədli filmin Bakı premyerasını açan rejissor Əli İsa Cabarov bildirdi ki, film bu günkü Rusiyanın geniş panoramasını açıb göstərir: “Filmin ilk 20 dəqiqəsi Rusiya və rusiyalıları idillik təsvir edir,  ancaq sonrakı kadrlarda ənənəvi Rusiya cəmiyyətinin problemləri özünü bütün çılpaqlığı ilə göstərir”.

Filmin təqdimatından sonra müzakirələr daha da canlandı və rejissor ona ünvanlanan suallara cavab verərək qeyd etdi ki, məqsədi heç də, “rusofil” və ya “rusofob” film çəkmək olmayıb: “7 gün plaskartla səfər edərkən kamera önündə olan insanları olduğu kimi çəkmək istədim və belə də etdim”.

Yeri gəlmişkən, plaskartda çəkiliş aparmağın spesifikliyi səbəbindən filmdə səsi də rejissor Rodion İsmayılov özü yazıb. Belə ki, öncə qəhrəmanlarla tanış olub, onlarla söhbət edib, daha sonra isə qəhrəmanları kamera önündə səmimi etirafa hazırlayıb və bundan sonra çəkiliş prosesinə başlayıb.

Əli İsa Cabarov rejisorun Rusiya cəmiyyəti üçün bu gün çox aktual olan Krım müharibəsi haqda mövzunun sərnişənlərlə söhbətdə toxunulmaması səbəbini soruşdu.  R.İsmayılov cavab olaraq bildirdi ki, “Bu məsələ ilə bağlı situatsiya aydındır, sərnişinlərlə müxtəlif mövzular üzərinə söhbət edərək filmi ana mövzudan uzaqlaşdıra bilərdim”.

Daha sonra rejissor “Hələ çəkilişə hazırlıq vaxtı, hətta sərnişinlərlə söhbət zamanı belə öz-özümə sual verirdim ki, “filmin qəhrəmanı kimdir?”. Montaj vaxtı bu sualını cavabını artıq tapmışdım-filmin qəhrəmanı Rusiyadır” dedi.

Kinorejissor Nizami Abbas və Mübariz Nağıyev müzakirələr zamanı filmin hər kadrının həqiqət olduğunu, səmimi və qurama səhnələrin olmadığını söylədilər.

Rejissor sənədli kinoda müəllifin hadisələrə müdaxilə edib qəhrəmanları provokasiyaya cəlb etməyin mümkün olduğunu  bildirdi, amma bu filmdə belə fənddən istifadə etməyib: “Bu filmdə qəhrəmanlar olduğu kimi görünməliydilər, müəllif müdaxiləsi olmadan.

Kinoşünas Sədaqət Kamal filmdə Vladivostoka çatdıqca hər dayanacaqda temperaturu göstərən tablonun təsadüfi olmadığını qeyd edib: “Sanki rejissor, çöldə temperatur aşağı düşdükcə plaskartdakı insanların ürəyinin daha isti , daha açıq olduğunu göstərib”.

Yazar Ülviyə Heydərova üç il Rusiyada yaşadığını və bir qayda olaraq plaskartqatarlarla vətənə gəldiyini yazıb, filmdə o zamanlar şahidi olduğu atmosferi dəqiqliklə təsvir olunduğunu və Rusiya mühitinin dəqiq göstərildiyini bildirdi.

Müzakirənin sonunda aparıcı rejissorun yadına Fyodr Tütçevin “Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək olmaz” (Умом Россию не понять, Аршином общим не измерить) misralarını xatırlatdı və “Filmi çəkərkən Rusiyanı anladınızmı”sualını verdi. Rejissorun cavabı maraqlı olduğu qədər də sərt idi-Bu filmə qədər də bir məsələni tam olaraq anladım-İnsanları gözəldi, rəhbərləri idbar”.

Son olaraq qeyd edək ki, dünyanın ən uzun dəmir yolu boyunca səyahət edən  “Moskva-Vladivostok”qatarının plaskart  sərnişinlərinin 7 günlük yol hekayəsi olan “Plaskart” filmi onlarla beynəlxalq sənədli film festivalının müsabiqə iştirakçısı olub, Avstriya, Fransa, İtaliya və Bolqariyada keçən festivalların “ən yaxşı sənədli film” nominasiyasında qalib olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqı