Kino Məktəbinin tələbələrinin filmləri Beynəlxalq Festivalın müsabiqəsində
Azərbaycanda qısametrajlı filmlərə marağı artırmaq, gənc kinematoqrafçıları belə filmlər çəkməyə həvəsləndirmək, onların kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan yaratmaq üçün yaradılan Bakı Beynəlxalq Qısa Filmlər Festivalı bu il də kinosevərlərin diqqət mərkəzində dayanacaq.
Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bu il festivalın keçirilmə tarixlərində, qaydalarında və formatında dəyişiklik edilib. Belə ki, builki 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 10-15 dekabr, 2020-ci il tarixində start götürür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin kütləvi tədbirlərin keçirilməməsi qərarına sadiq qalaraq festival zamanı müsabiqə filmlərinin nümayişi, ustad dərslər də daxil olmaqla keçirilən bütün kütləvi tədbirlər onlayn reallaşmaqdadır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbələri Azər Allahverdiyevin “Üç yol”, Elnur Rzayevin “Quyu” filmləri Beynəlxalq Festivalın müsabiqəsində iştirak edəcək.
Azər Allahverdiyevin quruluş verdiyi “Üç yol” filmi, şəhərdən uzaqda yaşayan, həyatlarından narazı olan üç dostun bir araya gələrək şəhərə köçmək istəyindən bəhs edir. Bir tanışları onlara şəhərdə iş və qalmağa yer vəd edərək küllü miqdarda pul alır, lakin sonrakı prosesdə aradan çıxır. Film boyu qəhrəmanların düşdüyü vəziyyət və bu vəziyyətdən çıxmaq cəhdləri diqqət mərkəzində dayanır.
Elnur Rzayevin psixoloji dram janrında çəkdiyi “Quyu” filminin hekayəsi ucqar bir kənddə su axtarışı məqsədilə quyu qazılması ritualı üzərində qurulub.
Baş rolları Tofiq Seyidov və Vüsal Rzasoyun oynadığı filmin çəkilişləri Naxçıvanın Şərur rayonunun Həmzəli kəndində aparılıb. Filmin rejissoru Elnur Rzayev, operatoru Kino Məktəbinin tələbəsi Azər Allahverdiyevdir
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun rəhbərliyilə fəaliyyət göstərən Kino Məktəbində təhsil üç istiqamət üzrə aparılır – “Kinorejissorluq”, “Kino dramaturgiya”, “Animasiya”.
Kino məktəbinin yaradılmasında əsas məqsəd isə gənclərin kinematoqrafiyaya marağının yüksəldilməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanmasıdır.
aki.az