Lətif Səfərov – 100

Azərbaycan kinosunda öz dəst-xətti, üslubu ilə seçilən rejissorlar olub ki, onların quruluş verdiyi filmlər daima düşündürür, tərbiyəvi xarakterə malikdir və ən önəmlisi isə illər keçsə də hər zaman baxılır. Kinonu həyatın özü hesab edən, kinoya yeni nəfəs gətirən, 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının yaratmaqla, sədr kimi fəaliyyətilə özünü kino tarixinə yazdıran, az ömür yaşamasına baxmayaraq çox – SÖZ – deyən və özündən sonra gələn yeni nəsil kinematoqrafçılara da davamçı rolunu oynamaq imkanları yaradan, rejissor, ssenarist Lətif Səfərovun 100 yaşının tamam olmasına sayılı günlər qaldı. Və bu ərəfədə rejissorun çəkildiyi və çəkdiyi filmlərin tarixini araşdıraraq, silsilə məqalələrlə, “LƏTİF SƏFƏROV-100” rubrikası ilə aki.az saytının oxucularının görüşünə gəlməyi planlaşdırdıq. İlk olaraq yazdığımız, onun yaradıcılığını əhatə edən bu məqaləni oxumanızı tövsiyə edirik.

8 YAŞLI KİNEMATOQRAFÇININ “GİLANQIZI”NDA İLK UĞURLU ADDIMI

Lətif Səfərovun kinoda ilk böyük işi “Bəxtiyar” tammetrajlı filmi olsa da, hətta bu filmi çəkənə qədər bədii fimlər rejissoru adını almasa da, o vaxta qədər qaynar iş sistemi keçmiş, kino deyilən möcüzəli aləmin bütün sirli dünyasına hakim olmuşdu. Lətif Səfərovun kinoya gəlişi “Gilan qızı” filmi ilə başlayıb.

1927-ci il…Qarabağın cənnət Şuşasında doğulan qəhrəmanımızın sənətə biganə qalması mümkün olan iş deyildi. Və günlərin birində bir qrup kinematoqrafçı qədim Şuşa şəhərinə səfər edir, şəhərin mənzərəsinə heyran qalırlar.1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından bəhs olunan “Gilan qızı”adlı filmin bir sıra natura obyektlərini çəkmək üçün Şuşanın mənzərəsini seçən rejissor Leo Murun 8 yaşlı Lətifi görməsi və filminə çəkməsi təsadüf ola bilməzdi. Məhz o gün Lətifin həyatı tamamilə dəyişdi, bəlkə də daha da rəngləndi, daha da sorli-soraqlı olmağa başladı. Və həqiqət ondan ibarət idi ki, məhz o gün Azərbaycan kino tarixinə milli ruhlu rejissor kimi düşən Lətif Səfərovun sənət taleyinin başlandığı gün idi…

HAŞİYƏ: İllər sonra Lətif Səfərov xatirələrində bu barədə deyib: “Hər şey elə həmin gün başlandı. Əgər onlar bu şəhərə gəlməsəydilər, həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım, insanları müalicə edərdim, müəllim olsaydım, insanlara bilik öyrədərdim və s. Görünür mənim qismətimə kinematoqrafiya yazıldı. Etiraf edim ki, kino dünyasında özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm, çünki məhz burda bütün peşələrdən olan adamlara xidmət edirəm. Getdikcə bunu daha dərindən dərk edirəm və məsuliyyət hissim daha da artır”.
Ən maraqlısı isə ondan ibarətdir ki,“Gilan qızı”nda rejissor assistenti kimi çalışan rejissor Mikayıl Mikayılov az yaşlı qəhrəmanın kamera qarşısında olan məharətini bəyəndiyi üçün onu 1930-cu ildə quruluş verdiyi filmində baş qəhrəmanın roluna dəvət edir və filmi də məhz onun şərəfinə “Lətif” adlandırır.

Yeri gəlmişkən, “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə həsr olunub. Balaca qəhrəmanın taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi öz əksini tapıb.

Uşaq yaşlarından kamera qarçıında dayanan Lətif ardıcıl olaraq “Gilan qızı” filmində Gülgül, “Lətif” filmində Lətif rollarını, eyni zamanda “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir.

SƏNƏTİN SİRLƏRİNİ ÖYRƏNMƏK, TƏCRÜBƏ QAZANMAQ VƏ PEŞƏKARLIQ NÜMAYİŞ ETDİRMƏK

Lətif Səfərov əslində uşaq dünyasını yaşamadan böyüyənlərdəndi. Həyat onu tez böyüməyə, bəlkə də az ömrə bütün dünyanı sığdırmağa vadar edib. Bütün bunları hələ uşaq ağlı ilə dərk edən Lətif, kinoda atdığ ilk addımlardan başa düşür ki, kinematoqrafçı kimi yetişmək üçün çox öyrənməli, çox çalışmalıdır.

1937-ci il…Məhz həmin ildə studiyada dublyaj şöbəsi fəaliyyətə başlayır.

Lətif Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” və s. bədii filmlərin Azərbaycan dilində səsləndirilməsində rejissor köməkçisi, eyni zamanda aktyor kimi iştirak edir.

“Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir və çalışdığı sənətkarların hər birinin (Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov kimi sənətkarların) zəngin təcrübəsini öyrənirdi.

1939-cu il…Gəncə Pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirən L.Səfərov təhsilini davam etdirmək məqsədilə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur. 1947-ci il “Çağırışa cavab” adlı kinooçerk çəkir. 1949-cu ildə çəkdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür. O, sadəcə ümidverici tələbə deyildi, eyni zamanda uşaq yaşlarından  kamera qarşısında dayanan, çəkiliş prosesini izləyən və öyrənən, eyni zamanda bütün bunları həyata keçirən peşəkar rejissor idi.

1950-ci il…Kinorejissor Qriqori Kozintsev tələbəsi Lətif Səfərov haqqında xasiyyətnamə yazır: “Yoldaş Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla”qiymətlə ekranlara buraxılmışdır. Yoldaş Səfərov Lətif istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 07.04.1950”.

MOSKVADA KEÇİRİLƏN KİNO İŞÇİLƏRİNİN ÜMUMİTTİFAQ MÜŞAVİRƏSİNDƏ

Tez bir vaxtda hamı tərəfindən tanınmaq, ürəyin istədiyin ixtisasa sahib olmaq, müəllimlərin tərəfindən dəstəklənmək və işlə təmin olunmaq, bütün bunlar varsa, başqa nə arzulamaq olar ki, demək istərdik…Bəlkə də hər şey adi qaydasında davam edə bilərdi, əlbəttə göz önündə  olan haqsızlıqlara hamı susmasaydı… Belə bir deyim var: Haqsızlığı gördüyün halda susmaq özü ən böyük haqsızlıq hesab olunur. Müşvirədə hamının susduğunu görən Lətif Səfərov, elə hamının yerinə danışmalı olur…

1952-ci il…Moskvada kino işçilərinin ümumittifaq müşavirəsi keçirilirdi. Bu müşavirədə Azərbaycan kinematoqrafçılarının bir qrupu iştirak edirdi, Lətif Səfərov da onların arasında idi. Və elə bir an gəldi ki, danışmaqdan başqa çarə olmadığını anladı və tribunaya qalxaraq, böyük cəsarətlə çıxış etməyə başladı: “Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt?

Rejissor sənət dostlarını bir olmağa çağırırdı: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”. Bu fikirlərdə birlik arzusu, öz işinə böyük həvəs göstərmək qabiliyyətilə yanaşı, eyni zamanda asılı vəziyyətdə olan bir respublikanın heç olmasa haqqlarına sahib çıxmağa olan bir çağırış var idi. Əslində bu bir  inqilab idi, kinematoqrafçının sadəcə kino sahəsində olan problemləri qabartmaqla kütləni ardınca aparmaq həvəsi idi…Və bu kütlə ayağa qalxardısa, o zaman bütün sahələrdə mövcud olan problemlər qabardırlardı ki, nəticə etibarilə də Azərbaycan, SSRİ deyilən bir birliyə qarşı üsyan elan edə bilərdi. Sovet düşüncəsi belə idi, sovet ideologiyası belə qurulmuşdu: Danışan susdurulmalı idi…

AZƏRBAYCAN KİNOSUNDA YENİ NƏFƏS, DÖNMƏZ XARAKTER

Cəsarətli çıxışdan sonra əlbəttə ki, maneələr olur, ancaq Lətif Səfərov bütün maneələrə baxmayaraq yoluna davam edir, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə (“Bakı və bakıllar”, “Bərəkətli torpaq”, “Azərbaycan sərhədçiləri”, “Bakılılar”, “Ordenli Azərbaycan”, “Çağırışa cavab” və s.)quruluş verir. Daha sonra isə “Sevimli mahnı” (Bəxtiyar”), “Qızmar günəş altında”, “Leyli və Məcnun”, filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirir.

Xatırladaq ki, Lətif Səfərovun rejissor kimi çəkmək istədiyi, hətta çəkilişinə hazırlıq  apardığı filmlər olsa da, sonda həmin filmlər digər rejissorlara tapşırılıb.

1958-ci il…Kino düşüncəsi, knodakı problemləri qabartmaq, deyəsən  işə yaramışdı. Çünki məhz 1958-ci ildə rejissor Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçilir və iş həyatına eyni ahənglə davam edir. Ola bilsin ki, vəzifə ilə onu susdurmaq istəyiblər və ya əksinə kino üçün iş görmək istəyi nəzərə alınaraq ona geniş şərait yaradılıb. Ancaq Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri olmaq, belə bir vəzifə daşımaq onun xarakterini dəyişmir, əksinə daha çox mövcud nöqsanlara qarşı səsini ucaltmasına daha geniş şərait yaradır.

1961-ci il…Moskvada keçirilən ümumittifaq konfransda yenə də ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr…Əgər bütün kinematoqrafçılar cəsarətli olsaydı, yəqin ki, kinodakı problemlər zamanında öz həllini tapardı. Təssüflər olsun ki, Lətif Səfərov düşüncəsində olan knematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində olub. Bu dəfə də öz çıxışında kinematoqrafçının həyatını düşünürdü: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz, çünki kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər? Daha başqa cür yaşaya bilmərik, daha belə olmaz. Yaradıcı adam ya kinematoqrafiyadan getməlidir, ya da kinoda söz demək gücünü göstərməlidir. adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub,  o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək olmaz, ona zaman tanımaq lazımdır”. Bu çıxışdan sonra ona qarşı daha çox təzyiqlər olub, gözlənilməz zərbələr alıb. Ancaq rejissorun dönməz xarakteri, böyük sənətə doğru inamla irəliləyişi, sənət iddiası, ona yolundakı bütün maneləri aşmaqda kömək edib. İlk bədii filmini çəkdiyi dövrdən təzyiqlərə məruz qalsa da, taleyin gözlənilməz zərbələrinə məruz qalsa da, heç bir vaxt heç kimin qarşısında əyilmədi,  sənətə xəyanət etmədi. Əslində bu dönməz xarakter həyatın hər üzünü görmüş Lətif Səfərovda elə uşaqlıq illərindən formalaşmışdı. SSRİ dövründə-ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışlar etmək və belə çıxışları edənin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək o qədər də çətin deyildi.

43 İLLİK ÖMRƏ SIĞAN ARZULAR VƏ YA SONUN BAŞLANĞICI

1963-cü ildə Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayı keçirilir. Qurultayda ittifaqın sədrliyinə Lətif Səfərov deyil, Həsən Seyidbəyli seçilir. Rejissor cəsarətli çıxışlarının qurbanı olur və göz görə-görə çətinliklə yaratdığı Kinematoqrafçılar İttifaqından uzaqlaşdırılır. Bu addım bilərəkdən atılır, çünki, Lətif Səfərovun həyatı kino ilə bağlı idi, o, kinodan ayrı yaşaya bilməzdi…Onun vaxtsız ölümü də bunu bir daha təsdiqləyir. Ancaq rejissorun ömrünü azaldanlar, onun bu gözəl dünyamızdan vaxtsız getməsinə şərait yaradanlar bir şeyi unudurdular, Lətif Səfərov kimilər ölmür, onların yaradıcılığı bir həyat boyu örnək olur və illər keçsə də yaradıcllığı hər zaman araşdırlır, necə ki, ölümündən 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu məqalə ilə araşdırılaraq oxuculara təqdim olunur…

Kinoda öz səsi, öz nəfəsi, öz yozumu olan rejissor haqqında bu məqalənin hazırlıq prosesində onun haqqında, filmləri haqqında bir çox xatirələrə rast gəldik, onlardan bəzilərini təqdim edirik.

Filologiya elmləri doktoru Abbas Zamanov xatirələrindən:“Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayınca filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Prinsipial, inadkar və son dərəcə çılğın idi…”

1954-cü il…Yazıçı Nikolay Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda “Bəxtiyar” filmindən bəhs edərək  yazırdı:

“Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir… Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi (“Bəxtiyar” filmi nəzərdə tutulur) olmayacaqdır”. 18 iyun 1954-cü il”.

1957-ci il…Bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində : ““Qızmar günəş altında” filmi haqqında fikirlərini söyləyib. “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir… Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”.

Tofiq İLK