Məmmədsəfa Qasımov - 60

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, teatr və kino aktyoru   Məmmədsəfa Qasımovun 60 yaşı tamam olur.
TANITIM: M.Qasımov 25 iyul 1960-cı ildə Şabran rayonunda anadan olub. 1977-1980-ci illərdə Bakı Mədəni-Maarif texnikumunda, 1980-1984-cü illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra bir müddət Şabran Mədəniyyət evində çalışan aktyor, 1985-ci ildən fəaliyyətinə  görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında, Tədris Teatrında davam etdirib, hazırda Yuğ Teatrının aktyorudur. Pedaqoji fəaliyyətlə də məşğul olan aktyor Mədəniyyət və İncəsənət Universitetinin professorudur, 2018-ci ildə Xalq artisti adına layiq görülüb.

M.Qasımov onlarla obrazlar silsiləsi yaratmasına, müxtəlif xarakterlərin həyatını canlandırmasına, tamaşaçılar tərəfindən böyük maraqla qarşlanmasınba baxmayaraq heç bir vaxt olduğu yerə qane olmayan sənət adamlarından biridir.

Müsahibələrinin birində “Bir ömür aktyor olmağa bəs etmir” deyən aktyor, eyni zamanda qeyd edir ki, aktyor sənəti sonsuzluğa gedən bir yoldur, bu sənətdə olanlar isə sadəcə ona toxunaraq ömürlərini başa vururlar: “Bu dünya bir pəncərədir, hər gələn baxıb gedər” ifadəsində olduğu kimi, hər bir aktyor da bu sənətdə nəyəsə toxunub gedir. Aktyor sənəti amansız olduğu qədər də, bəxt, tale ilə də bağlıdır. Ola bilər ki, Allah sənə aktyor üçün lazım olan hər bir şeyi versin, amma peşə bəxti verməsin. Bu peşə bəxti olmadısa, sən heç nə edə bilməzsən. Ona görə mən də Allahın verdiyi ömürdə, bu sonsuzluğa gedən sənətdə nəyəsə toxunmaq istəyirəm”.

Məmmədsəfa müəlimin dediyi kimi, bu sənətdə uduzmaq şansı 99 faizdir. Xoşbəxt o insanlara ki, məhz seçdiyi aktyor sənətində uğurlu yol qət etməyi bacarır, öz dəst-xəttini yaradır.

Dəyərli aktyorumuz o sənət adamlarındandır ki, çətin olduğu qədər də şanslı bir yolla irəliləməyi bacarıb. Bəlkə də bütün görkəmli rejissorlarımızın hər biri ilə çalışıb və bir aktyor kimi rejissorlarla hesablaşmağı, rejissor istəyinə uyğun obrazı yaratmağı bacırır, ancaq bir şərtlə ki, onun da aktyor kimi düşüncəsi, hissi, duyğusu həmin obrazda özünü tapsın.

İstər teatr, istərsə də kino tarixindən də məlumdur ki, əksər aktyorlarımız parallel olaraq həm teatrda, həm də kinoda çalışıb.Nəticə etibarilə hər ikisində aktyor ifa nümayiş etdirir. Ancaq fərqli tərəfinə baxarsaq, görərik ki, teatrın canlı səhnəsi ilə, kinonun kamera önündə obraz yaratmaq bir-birindən kəskin surətdə fərqlənir və hər aktyor bunun öhdəsindən məharətlə gələ bilmir.

Məmmədsəfa müəllim üçün aktyor elə aktyordur, istər teatrın canlı səhnəsində, tamaşaçı varlığını hiss edərək hər hansı bir xarakteri yaratmaq, istərsə də kamera qarşısında, necə deyərlər, bir dəmir parçasının önündə sadəcə bir nöqtəyə baxaraq obraza daxil olmaq… Hər iki halda peşəkarlıq nümayiş etdirmək əsasdır.

O, qeyd edir ki, aktyor filmdə teatrdan qazandıqlarını xərcləyir və hər bir aktyorun da istəyi var ki, filmdə işləsin.
Məmmədsəfa müəllimin kino yaradıcllığı bir başqa duyğu yükü üzərində köklənib. Təbii ifa, obraza bağlılıq, xarakterin müsbət tərəfinə köklənmək, yüksək əxlaqi keyfiyyətlərə arxalanaraq rolun daxili aləmini açıb tamaşaçıya çatdırmaq və ən önəmlisi, özündən əvvəl kinoda sözün həqiqi mənasında SÖZ demiş ustadların davamçısı olduğunu hiss edərək məsuliyyətli yanaşmayla aktyor gücündən istifadə etmək və daha nələr, nələr…Bir aktyor üzərinə bu qədər yükü necə ala bilər, bu mümkündürmü?! Zənnimcə bu sualın cavabları onun obrazlarında saxlanır.

Aktyor ilk dəfə 1994-cü ildə görkəmli rejissor Tofiq Tağızadənin quruluş verdiyi  “Köpək” filmində baş rolda oynayıb. Flm iş axtaran bir qrup insanın aldadılaraq qul kimi işlədilməsi, köpək kimi zəncirə vurularaq məzlum hala düşməsi, onların faciəsi haqqındadır. Və filmdə belə bir fikir var ki, insanoğlu, hansı şəraitə düşməsindən asılı olmayaraq, nə kimi çətinliklərlə üzləşməsinə baxmayaraq insan olaraq qalır. Onun filmdəki rolu ailəsini sevən, bu yolda özünü oda-közə vuran müsbət bir qəhrəmandır.

1995-ci ildə Gülbəniz Əzimzadənin quruluşunda çəkilən “Ümid” filminə dəvət alır. Qarabağ müharibəsindən bəhs olunan filmdəki  hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir gün  ərzində cərəyan edir. Mənəvi problemlərə toxunan müəlliflər film vasitəsilə demək istəyirlər ki,  xalq başının üstünü almış bəlalardan qurtarmaq üçün özündə mütləq qüvvə tapacaq.

Filmdə boyunca qardaşının axtarışına başlayan aktyor burda da müsbət qəhrəmanlardan birini canlandırır. Bir sözlə, rejissorlar Məmmədsəfa müəlimi xarakterinə uyğun müsbət rollara dəvət edirdilər.

Ancaq aktyor deyir ki, onun üçün mənfi-müsbət obraz yoxdur, sadəcə insanın yaşam şərtləri var: “Bu insan belə yaşayır, bu insanın xisləti belədir. Sən də rolda o insan olmalısan. Əgər bunu bacarırsansa, obrazı özününküləşdirə bilirsənsə, o rol alınacaq”.

Yəqin ki, rejissor Oqtay Mirqasımov “Ovsunçu”(2002) filmində mənfi obraz olan Qıvrımsaç roluna uyğun aktyoru axtararkən o qədər də fikirləşməyib, həmin rola M.Qasımovu təsdiq edib. Filmdə 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən və bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən danışılır. Bu filmdən 5 il sonra Ramiz Həsənoğlunun çəkdiyi “Cavid ömrü”(2007) filmində iblis obrazını üç pesonajda yaradan aktyorun ifasını sadəcə seyr etmək lazımdır. Xarakterdən xarakterə dəyişən, ancaq xislətiylə eyniliyi saxlayan bu rollarda aktyor müsbət rollar səviyyəsində dayanmağı bacarmışdı. Sonralar Oqtay Mirqasımovun “Günaydın, mələyim”(2008), Ramiz Fətəliyevin “Hökmdarın taleyi”(2008), İlqar Safatın çəkdiyi “Sahə”(2010), Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya”(2011), Elxan Cəfərovun “Dolu”(2012) və s. filmlərində çəkilən aktyor hər dəfə fərqli xaraterlərdə tamaşaçılarının görüşünə gəldi. Qarabağ mövzusunda çəkilən, bəlkə də gündəmin tələbi olan “Dolu” filmindəki komandir obrazı aktyora olan tamaşaçı sevgisini daha da gücləndirdi.

Həyat davam edir, hələ oynanılacaq rollar, yaradılacaq xarakterlər, deyiləcək sözlər çoxdur…

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından ömrün 60-cı zirvəsində, məsuliyyət yükünün daha da artdığı bir məqamı yaşayan dəyərli aktyorumuzu yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir – yaradıcı uğurlarınız bol, tamaşaçılar tərəfindən qazandığınız sevgi sonsuz olsun – deyirik!

Xədicə QİYAS