Möhsün Sənani - 120
Klassik aktyor məktəbinin əvəzsiz nümayəndəsi, teatr və kino aktyoru, Xalq artisti Möhsün Sənaninin 120-ci ad günüdür.
M.Sənani 1900-cü ildə Tiflisdə ruhani ailəsində anadan olub. Həyatın ağır imtahanlarında sınanan, uğaq yaşlarından zəhmətə alışaraq çalışan və bununla yanaşı, teatr aktyorlarının oyununa, eyni zamanda meydanlarda oxuyan dərvişlərin səsinə fikir verməklə onları təqlid edərək sənət sevgisini büruzə vermiş, oxumaq qabiliyyətini inkişaf etdirmişdir. Və Azərbaycan tamaşaçısı günlərin birində səhnədə, daha sonra ekranda gördüyü, gözlərindən od yağan bu gənc aktyorun pərəstişkarına çevrilmişdir. Geniş diapazonlu rolların ifaçısı kimi tanınan, gur səsə malik aktyor teatrla yanaşı kinomuzun da aparıcı aktyorlarından biri olub.
1923-cü il…İlk dəfə 23 yaşında ekranda görünən, kinodakı böyük inqilabların canlı şahidi olan, kinonun səssiz, səsli dövrünü yaşayan, ilk rəngli, az sonra ilk genişformatlı filmə çəkilən aktyorun təbii ifası filmlərə xüsusi bir rəng qatıb.
M.Sənani sənət fəaliyyəti boyunca 30-a yaxın filmdə rol alıb və əsasən ikinci dərəcəli və epizodik rollar oynayıb, ancaq məhz həmin rollarla tamaşaçıların yaddaşında silinməz iz buraxıb. Çəkildiyi filmlərdə (“Arşın mal alan”, “Bayquş”, “Bir məhəllədən iki nəfər”, “Bismillah”, “Bizim küçə”, “Dağlarda döyüş”, “Fətəli xan”, “İsmət”, “Kəndlilər”, “Kölgələr sürünür”, “Koroğlu”, “Qara daşlar”, “O olmasın, bu olsun”, “Səbuhi”, “Səhər”, “Sehrli xalat”, “Yeni horizont” və s.) müxtəlif xarakterli obrazlara ekran həyatı verən aktyor düşündürməyi bacarıb, hətta bir çox rollarda demək olar ki, elə özünün oynayıb.
Aktyorun “Qız qalası” filmində epizodik döyüşçü rolundakı debütü rejissorların diqqətini çəkir və tezliklə “Bayquş” və “Bismillah” filmlərinə dəvət alır.
1934-cü il…rejissor Mikayıl Mikayılov Möhsün Sənaniyə “İsmət” filmində dükançı Qulu rolunu həvalə edir. İlk ekran obrazları epizodik olmasına baxmayaraq, Möhsün Sənani istedadlı kino aktyoru kimi şöhrətlənir.
1939-cu il… “Kəndlilər” filmindəki Eldar Möhsün Sənaninin səsli kinoda ilk roludur. Eldar obrazı qorxmaz və cəsurluğu ilə seçilən, inqilabi mübarizənin genişləndiyi bir dövrdə əqidəsinə sadiq qalan biridir. Filmdə Eldar baş qəhrəman olmasa da, hadisələrin inkişafında diqqəti çəkir, hər dəfə ekranda görünməsi tamaşaçıda xüsusi bir əhval-ruhiyyə yaradır.
Yeri gəlmişkən, filmdə şərab səhnəsi bir neçə dubl çəkilsə də, rejissor Səməd Mərdanov aktyorun oyunundan narazı qalır. Rejissor kamera qarşısında Möhsün Sənanini həqiqətən şərab içməyə məcbur edir. Daima zərərli vərdişlərdən uzaq olan aktyor çarəsiz qalıb rejissorun göstərişini yerinə yetirir ki, nəticədə də sonuncu dubl qənaətbəxş sayılır.
1947-ci il… Lentə alınan “Fətəli xan”da aktyor Məlikməmmədxan obrazında özünəməxsus səs tembri, obrazı duymaq bacarığına görə neçə diqqəti çəkirsə, eləcə də “Qara daşlar” filmindəki epizodik neftçi obrazı ilə qəhrəmanın xarakteri, duzlu zarafatı, işinə ürəkdən bağlılığı ilə yadda qalır.
1956-cı il… “O olmasın, bu olsun” filmindəki qoçu Əsgər obrazı artıq fərqli xüsusiyətləri ilə diqqətdə dayanır. Rejissor Hüseyn Seyidzadənin quruluşunda çəkilən “O olmasın, bu olsun” filmindəki Qoçu Əsgərin təkəbbürü, lovğalığı ilə bərabər, qorxaqlığı, acizliyi də ekran təcəssümünü tapır. Epizodik rol olmasına baxmayaraq aktyorun sənətkarlığı ilə yadda qalır. Digər ekran obrazlarında olduğu kimi, Qoçu Əsgərdə də aktyorun oyunu, obrazın xarakterinə uyğun səsi, danışığı üzvi surətdə bir-birini tamamlayır. Şübhəsiz ki, Qoçu Əsgər ifadəsinin xalq arasında hazırda da yaşamasında Möhsün Sənaninin rolu böyükdür.
1958-ci il…“Kölgələr sürünür” filmində aktyor artıq müasir qəhrəman olan arxeoloq Cavadovun saxta elmi fəaliyyətlə məşğul olmasını, qayınatası Sərdarlının professor nüfuzuna sığınmaq istəməsini ortaya qoyur.
1960-cı il…Hüseyn Seyidzadə lentə aldığı “Koroğlu” filmində də Möhsün Sənaniyə rol verir, onu Həmzə roluna çəkir. Həmzə yüksək ustalıqla dondan-dona, cilddən-cildə girdikcə tamaşaçı gözündə aktyorun ifası, sənətkarlığı təəccüb yaradır. Bir aktyorun obraza hakim olması, elə həmin andır ki, tamaşaçı bu təbiiliyin qarşısında təəccüblənir.
Ümumiyyətlə Möhsün Sənani yaradıcılığı boyu komik və dramatik rolları eyni məharətlə canlandırıb Komik rolları xüsusi ciddiliklə oynayan aktyor, bir çox halda obrazın xarakterini daha qabarıq canlandırmaq üçün qroteskdən istifadə edir. Bu baxımdan da ifasındakı gülüş obraza düzgün sənətkar münasibətindən qaynaqlanır. Və hər obraza yeni bir sənət imtahanı kimi yanaşan aktyor rolun epizodik olmasının fərqinə varmır. Çünki obrazın yaddaşlara həkk olunması üçün sənət palitrasından yeni-yeni ifadə boyaları seçir.
1967-ci il…Möhsün Sənaninin “Dağlarda döyüş” filmindəki Qəmbər rolu onun kino yaradıcılığında əhəmiyyətli yer tutması ilə yanaşı, sanki öz xarakterindən çıxış edərək elə Möhsün Sənani şəxsiyyətini açıb göstərir.
Zəhmli və qısqanc, ailə şərəfini qoruyan ata obrazı, gəlini Ofeliya Sənani(Hicran rolunda) ilə tərəfmüqabil işi, qəhrəmanının ən kiçik xarakterik cizgilərini belə ustalıqla yaratmaqla sahib olduğu xarakterdən çıxış edən Möhsün Sənanini həmkarları məhz belə tanıyırdı.
Böyük sənətkarı 120 illik yubileyində böyük sevgiylə yad edirik!
Xədicə QİYAS