Mübariz Nağıyev - 50

Ömür insana sadəcə yaşamaq üçün verilmir, həm də yaratmaq üçün, taleyinə yazılan missiyanı həyata keçirmək üçün, bəzən bacardığın qədər, bəzən də bacardığından daha artıq var-qüvvənlə çalışaraq özünü təsdiq etmək üçün verilir. Bir ömrə nə qədər iş, arzu, istək sığdırmaq olar, onu demək çətindir, ancaq bir ömrü dolu-dolu yaşamaq da elə insanoğlunun öz əlindədir. Məhz buna görə deyirlər ki, bir ömrə sığdırılan hər yaşın öz hesabatı olur. Ən önəmlisi isə hər yaşın onillik müddəti hesabat xarakteri daşıyır və istər-istəməz düşünürsən ki, yola saldığın onillikdə nələr etmisən və ya əksinə nələr yarımçıq qalıb.

50 yaşını tamamlayan dəyərli rejissorumuz Mübariz Nağıyevin yubiley yaşında onun keçdiyi ömür yoluna səyahət etməyə çalışdıq və səyahət yolçuluğunda öyrəndiklərimizi sizlərlə paylaşmağa qərar verdik.

M.Nağıyev 28 noyabr 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 96 nömrəli orta məktəbi, 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini,  1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirib.Xaricdə təhsil almış rejissorun xarici dillərə də böyük həvəsi var – Azərbaycan, rus, ingilis dillərini bilir. Uzun illər Rabitə Nazirliyində – beynəlxalq şöbədə fəaliyyət göstərib. Sənət sevgisi güclü olan, dünya kinosunu daima izləyən Mübariz müəllim özünü eyni zamanda savadlı və zövqlü tamaşaçı hesab edir və onu da xüsusilə qeyd edir ki, zövqü formalaşdırmaq lazımdır.

Özünü sənədli film rejissoru hesab etməyən, ancaq sənədli kino ilə məşğul olan insanlara böyük rəğbət bəsləyən, daha çox bədii filmlərə bağlı olan, aktyorla işləməyi daha rahat hesab edən rejissor günlərin birində silsilə sənədli filmlər çəkməyə başlayıb və bu durumdan heç də təəccüblənməyib. Çünki rejissor rejissordu, istər sənədli filmdə, istərsə də bədii filmdə fərqi yoxdur, əsas olan odur ki, yeni yaranan sənət nümunəsini kamera qarsısında görüntüyə çevirən elə əlahəzrət rejissorun özüdür.

Mübariz Nağıyev 2000-ci illərdə dövlət sifarişi ilə “Yaddaş” sənədli studiyasında xalq rəssamları haqqında silsilə filmlərin çəkilişinə start verib. Və rejissor elə şəxslərin yaradıclığını işıqlandırmalı idi ki, onların hər biri rəngkarlıqda sözünü demiş böyük sənətkarlar idi – Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Oqtay Sadıqzadəyə həsr olunmu sənədli filmlər silsiləsi məhz həmin ərəfədə yaranıb.

Maraqlı məqamlardan biri də odur ki, Mübariz Nağıyev eyni mövzuda çəkəcəyi filmlərin bir-birinə bənzəməməsi üçün rejissor düşüncələrindən çıxış edib, sənətkarların keçdiyi yaradıcılıq yoluna fərqli prizmadan yanaşıb.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiy bir çox filmlərdə ssenarist, rejissor, montaj rejissoru kimi çalışıb – “Narahat adam”(2005-sənədli film), “Rəssam ömrünün palitrası.Xalq rəssamı Böyükağa Mirzəzadə”(2006-cı il-sənədli film), “Arzularını çəkən rəssam”(2007-ci il-sənədli film), “Rənglərin sehrli dünyası”(2007-ci il, sənədli film), “Ömrün rəngləri,Xalq rəssamı Oqtay Sadıqzadə”(2007-ci il, sənədli film), “Şuşa-Azərbaycan”(2010-cu il, sənədli film), “Naməlum dahi(2019-cu il, qısametrajlı bədii film), “Şəkinin naxışları”(2019-cu il, sənədli film) kimi filmlər rejissorun yaradıcılığında önəmli yer tutur.

Rejissor, Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edən “Arzularını çəkən rəssam” qısametrajlı sənədli filmində rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, eyni zamanda rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisini diqqətə çəkib. Filmdə rəssamın əsərləri də əks etdirilir, eyni zamanda onun haqqında həmkarlarının, sənət dostlarının səmimi fikirlərini çatdırır. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın keçdiyi həyat yoluna səyahət etdirir.

2009-cu ildə çəkdiyi “Dünən qəfildən gəldi” qısametrajlı bədii filmində isə artıq başqa bir mövzu diqqətimizə çatdırılır. Filmdə 40 yaşı haqlamış iki insanın həyatda özünə yer tapa bilməməsi,  təsadüfi görüşü və başqa bir təsadüf nəticəsində həmişəlik ayrılması mövzunun əsas süjet xəttini təşkil edir.

Yeri gəlmişkən, bu filmdə ana rolunda rejissor Cənnət Səlimova və onun oğlu rolunda müğənni, dünyasını vaxtsız dəyişmiş Rüfət Mehdiyev tərəfmüqabildir və etiraf edək ki, süjet xəttində olan psixoloji məqamlar ailə-məişət mövzisunun fonunda dayanır. Əslində elə film sosial dram janrında olduğu üçün tamaşaçını düşündürür. Düşüncələrə qərq olan tamaşaçı özlüyündə bir sual ətrafında düşünür- necə etməli, necə yaşamalı və çalışmalı ki, belə bir böhranı, faciəni yaşamamalı –

Mübariz Nağıyevin yaradıcılığı ilə tanış olarkən bir məqamın şahidi olursan – rejissor üçün portret obrazların arxasında qalan insan həyatı çox dəyərlidir və həmin şəxsin yaradıcılığında keçdiyi keşməkeşli yollar bu dəyərin bir parçasıdır.

Yubiley yaşında Mübariz müəllimin yaradıcılığın bir parçasından bəhs edərək  onun rejissor kimi çəkmək istədiyi filmlərin hələ qarşıda olduğunu yada salmaq istədik. Mövzular çox, rejissor arzuları sonsuzdur, bircə qalır kamera arxasına keçmək…

Dəyərli rejissorumuz Mübariz müəllim!

Sizi yubiley yaşınız münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından bütün səmimiyyətimizlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

X.QİYAS