Nazim Rza İsrafiloğlu – 80

Sənədli kino rejissoru olmaq, tarixi faktlara əsaslanmağı, həmin faktları dərindən təhlil etməyi, öyrənməyi və bütün əldə etdiyi məlumatlarla çəkiliş meydançasında olmağı tələb edir. Bu, hələ işin başlanğıcıdır, sonrakı prosesdə çəkilişlər, lentə alınan hər bir kadr üzərində yüz ölçüb, bir biçmək, ardıcılığı qoruyaraq mərhələli şəkildə hadisələrin ekranda əks etdirmək bacarığını ortaya qoymaq kimi məqamlar bağlanğıcdan sonrakı mərhələdir. Nəhayət ki, filmi geniş tamaşaçı auditoriyasına təqdim etmək, film haqqında müxtəlif fikirləri dinləmək, bu da növbəti mərhələ rolunu oynayır. Əsl rejissor, yaradıcı odur ki, çəkdiyi sənət nüminəsilə illər sonra da düşündürməyi bacarsın, mövzunun nə qədər önəmli olduğunu, illər keçsə də aktuallığını qoruyub saxladını diqqətə çəkə bilsin…Sənədli filmlər rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqınıln üzvü Nazim Rza İsrafiloğlu kimi…
Azərbaycan televiziya sənədli kinosunun inkişafında xüsusi xidmətləri olan Nazim Rza İsrafiloğlu 11 yanvar 1941-ci ildə Gəncədə ziyalı ailəsində doğulub.1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, orta təhsilə paytaxtda başlamışdır. Orta məktəb illərində musiqi təhsili də almış, 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir.
N.Rza 1959-1964-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində, 1966-1971-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (indiki Sankt-Peterburq İncəsənət Akademiyası) televiziya rejissorluğu fakültəsində təhsil alıb. Diplom işi “İnsan Xəzəri xilas edir” televiziya filmi Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlarına layiq görülüb. Gənc rejissor ilk fəaliyyətinə televiziyada dublyaj şöbəsində başlamış, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq etmişdir. 1969-cu ildə təşkil olunan “Ekran” yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunan Nazim Rzanın yaradıcılıq fəaliyyəti elə bu birliklə sıx bağlı olub. Belə ki, 2000-ci illərə qədər 45-dən artıq sənədli film çəkmiş, 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilən 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olub.
Onu da qeyd edək ki, Nazim Rza bir rejissor kimi daima öz üzərində çalışan, mütaliəyə geniş yer verən, çalışdığı mövzu üzərində araşdırmalara geniş yer verən, mövzuya tam hakim olduqdan sonra çəkiliş meydançasına qədəm qoyan və önəmlisi isə öz sözü, öz fikri, öz düşüncəsi olan rejissorlardan biridir.
O, bir rejissor kimi yaradıcılığı boyunca Azərbaycanın tarixini əsas mövzu olaraq seçib ki, bu da təsadüfi deyil. Çünki istənilən sahədə mənsub olduğun ölkənin, millətin tarixinin bilməyin vacib olduğunun tərəfdarıdır. Bu baxımdan rejissor Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində çox geniş elmi araşdırmalar aparıb.Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edən N.Rza, 1992-1997-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində “Rejissorluq və aktyorluq sənəti” fənni üzrə kurs rəhbəri vəzifəsində çalışıb. Bundan başqa, Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır.
N.Rza tərkibində 12 hissə olan, 7 müstəqil filmi özündə birləşdirən kinoepopeyanın (“Odlu məmləkət”) müəllifi və quruluşçu rejissorudur.
DRAMATURGİYANI, DRAMATURJİ QANUNLARI YAXŞI BİLƏN REJİSSOR
Nazim Rzanın bir rejissor kimi Azərbaycan kinosunda öz yeri, öz dəst-xətti var. Əsasən tarixi keçmişimizlə bağlı filmlər (“Əsrlərin yadigarı” “Qız Qalası”, “Atəşgah”, “Göylər sonsuz bir dənizdir” kinotrilogiyası, “Həyat romansı”və s.)çəkən rejissor öz yaradıcılığında ölkəmizin qlobal problemlərini əsas götürüb. Bəlkə də rejissorun əsas mövzularından birincisi elə neft-qaz problemi olmuşdur. Uzun illər apardığı gərgin axtarışlar nəticəsində , yuxarıda bəhs etdiyimiz “Odlu məmləkət” kinoepopeyası buna canlı misaldır. Rejissor tarixi faktlarla sübut edib ki, Abşeron dünyada neftin ilk vətənidir və onu da tarixi dəlillərlə göstərir ki, Sovet İttifaqının İkinci Dünya müharibəsində güclü, ən müasir hərbi texnika ilə silahlanmış alman ordusunu məğlub etməsində Bakı nefti həlledici rol oynayıb. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Nazim Rza dramaturgiyanı, eyni zamanda dramaturji qanunlara dərindən bələd olan rejissorlardan biridir. Rejissorun kinoda ilk işi 10 dəqiqəlik “Əsrlərin yadigarı” sənədli film(kurs işi olub) olub. Filmdə “Qız Qalası”nın tarixindən bəhs edilir. Film yüksək qiymət aldığı üçün gənc rejissor bundan daha da ruhlanaraq Araz Dadaşzadənin ssenarisi əsasında 1969-cu ildə 2 hissəlik “Vaqif” telefilmini yaradır. Rejissorun yaradıcılığında ən önəmli yerlərdən birini tutan “İnsan Xəzəri xilas edir” adlı 2 hissəlik sənədli filmi isə yəqin böyük bir müzakirə obyekti ola bilər. Çünki zamanında müzakirələrə səbəb olmuşdu.
Kinoşünas Aydın Kazımzadə “Nazim Rza İsrafiloğlu” kitabında yazır: “1969-cu ildə “Ekran” Yaradıcılıq Birliyində nəinki respublika, hətta keçmiş Sovet İttifaqında televiziya tamaşaçılarının və kino mütəxəssislərinin heyrətinə səbəb olan bir sənədli televiziya filmi çəkildi: “İnsan Xəzəri xilas edir”. İnsan Xəzəri kimdən xilas edir? Xəzərə nə olub ki? Bu suala cavab verməzdən əvvəl onu deyim ki, 1971-ci ildə Leninqradda İnstitutu bitirəndə “İnsan Xəzəri xilas edir” sənədli filmi Nazimin diplom işi idi. Cəsarətli fikirləri və aydın müəllif mövqeyi ilə fərqlənən bu film – diplom işi əla qiymətə layiq görülmüşdü. Sənədli filmi komissiya üzvləri müzakirə edərkən qocaman televiziya rejissoru İvan Yermakov hamının rəyini ifadə edərək demişdi: “Sorğu-suala ehtiyac yoxdur. Çünki yeganə diplom işidir ki, hər şey gün kimi aydındır. Filmin ana xətti də düzgündür, rejissorun qarşıya qoyduğu ali məqsəd də. Telefilmdə ən diqqət çəkən epizodlardan biri rejissor Nazimin balıqçı qadından aldığı müsahibədir. Öncə adi laboratoriya təcrübəsi göstərilir. Akvariumda kiçik balıqlar üzür. Suya tökülən iki-üç damcı neft qarışığı bir neçə dəqiqədə balıqları öldürür. Sonrakı kadrlarda Xəzərin ekoloji durumu və dənizin xilası problemlərindən bəhs edilir. Fəqət rejissorun yuxarıda xatırlanan olduqca uğurlu dialoqu əsl tapıntı idi”.
Yeri gəlmişkən, filmdəki bu epizod filmin ideya – məzmununun açılmasını, demək olar ki, məharətlə təmin edir. O da təsadüfi deyil ki, “İnsan Xəzəri xilas edir” sənədli filmi Moskva Ali Kinematoqrafiya İnstitutunun tədris proqramına da salınmışdı.
QARABAĞ MÖVZUSU VƏ YA ERMƏNİ RİYAKARLIĞINA REJİSSOR BAXIŞI
Nazim Rza yaradıcılığında Dağlıq Qarabağ mövzusu xüsusi yer tutur.
Rejissor ilk dəfə 1977-ci ildə “Dağlıq Qarabağ” adlı televiziya filmi çəkib.
70-ci illərdə Qarabağ mövzusu bəlkə də o qədər aktual deyildi, ancaq bu mövzulara müraciətlərdə daha çox Dağlıq Qarabağın tarixinə, mədəni həyatına, sənaye və kənd təsərrüfatına, sakinlərinin həyat tərzinə diqqətə çəkilirdi.
Nazim müəllim deyir ki, filmdə Dağlıq Qarabağda yaşayan azərbaycanlı və ermənilərin həyatını göstərmişəm: “Orda da ideologiya yoxdur. “Dağlıq Qarabağ” filminin ssenarisini “Vışka” qəzetində işləyən erməni jurnalist yazmışdı. Filmi çəkməyi mənə təklif edəndə əvvəl istəmədim, sonra dedilər ki, ssenarist ermənidir, başqa rejissor birdən xaraktercə zəif olar, erməni onu üstələyər. Sən prinsipial adamsan, imkan verməzsən erməni ssenarist öz istəyini yeritsin. Doğrudan da düzgün hərəkət edib filmi götürdüm. Çünki filmin çəkilişi zamanı gördüm ki, ssenarist öz istəyini yeritmək istəyir. 1988-ci il hadisələri olanda bizim televiziya rəhbərliyinə dəfələrlə təkid elədim ki, “Dağlıq Qarabağ” filmini efirdə göstərsinlər, göstərmədilər. Çünki o filmdə ermənilərin Dağlıq Qarabağda asudə yaşayışlarını, uşaq bağçalarını, rəqs ansambllarını göstərmişdim, yaşlı erməniləri danışdırmışdım. Axı ermənilər deyirdilər bizi burda əzirlər, günümüz-güzəranımız yoxdur. O film ermənilərin Dağlıq Qarabağda firavan yaşaması haqqında əyani sübut idi. Qoy dünya da ermənilərin Dağlıq Qarabağda necə xoşbəxt yaşadıqlarını görsün”. Sonralar rejissor ermənilər haqqında “Ermənilər: Riyakarlığın anatomiyası”(2008) kinodilogiyasında (“Forpost əməliyyatı” və “Əsrin qanlı avanmtürası”), “1915-ci il erməni saxtakarlığının başlanğıcı”(2009), “Timsahın göz yaşları”(2010) filmlərini də çəkir. Bu filmlər artıq müstəqillik illərinə təsadüf edir və həmin filmlərə görə rejissora qarşı erməni saytlarından hücumlar olub, hətta onu erməni düşməni elan ediblər. Bunun səbəbini rejissor belə izah edir: “Araşdırmalar aparıb, faktlarla ermənilərin bu coğrafiyaya gəlmə illərini qeyd etmişəm. Hərə I Pyort vaxtından ermənilər rus məmurlarını rüşvət müqabilində ələ alır və öz siyasətlərini gerçəkləşdirirdilər. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra ermənilər kütləvi şəkildə İran və Türkiyədən Qarabağa, Naxçıvan xanlığına, İrəvan xanlığına, bir də Ordubada köçürüldülər. Mən bunların hamısını faktlarla qeyd etmişəm”.
Qeyd edək ki, bəhs etdiyimiz hər üç filmin ssenarisi və rejissor işi Nazim Rzaya aiddir. Rejissor bu tarixi hadisələrə saxtakar erməni rakursundan deyil, tarixi həqiqətlər rakursundan baxmağa çalışır və əsl həqiqətlər üzə çıxarmağa çalışıb və buna nail olub da.
Nazim Rza 70-ə yaxın film çəkib, son illər isə fərdi yaradıclıqla məşğuldur. Araşdırmalar aparır, kitablar yazır, bir sözlə, görüləcək işlər çoxdur…
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından 80 yaşın zirvəsinə yüksəlmiş, ömrün müdrik çağına qədəm qoymuş rejissor Nazim Rza İsrafiloğlunu yubiley yaşında səmimi qəlbdən təbrik edir, yaradıclıq uğurları arzulayır, “Daima var olun, ustad” deyirik.
Xədicə QİYAS