Nizami Abbas yeni sənədli film çəkir
Azərbaycanda yaşayan azsaylı xalqlarla bağlı sənədli filmlər çəkilişi davam edir. Bu dəfə yəhudilər haqqında sənədli film çəkilişlərinə start verildiyini eşitdik və filmin rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü Nizami Abbasla bağlantı qurduq.
Xatırladaq ki, N.Abbas operator-rejissor kimi bir çox filmlərə quruluş verib. “Meydan” (1989), “Sərhəd” (1990), “El bir olsa (1989), “Axırıncı addım” (1989),“Azadlığa gedən yollar (1990), “Qəm karvanı” (1990), “Ağ-qara dünya” (1991), “Azadlıq elçisi” (1993), “Elan olunmamış müharibə” (1994), “Əzablı yollar” (1995), “Kinorejissor Arif Babayev” (2000), “Şəhidlik zirvəsi” (2001), “Kinorejissor Həsən Seyidbəyli” (2002), “Pəhləvan komandir” (2015) və b. müxtəlif janrlarda – xronika, tarixi-bioqrafik və portret janrlarında filmlər lentə alıb.
Rejissor bildirir ki, bu dəfə yəhudi mövzusuna müraciət edib: “Film Quba rayonunun dağ yəhudilərinə həsr olunub. Xatırladım ki, “Salnamə” studiyası azsaylı xallarla bağlı filmlər çəkilişinə start verib. Təklif aldım və mən yəhudilərə həsr olunan filmi çəkməyə qərar verdim. Yəhudilərə həsr olunmuş və indiyə kimi çəkilən filmlərdən fərqli bir film çəkməyi düşünürəm. Ümumiyyətlə isə mən yəhudilərə bir başqa cür yanaşıram. Məsələn, Mirzə Xəzər(dağ yəhudisi, jurnalist/publisist Mirzə Xəzər nəzərdə tutulur) 20 Yanvar hadisələrində ən böyük azərbaycanlı idi. Çünki bizim səsimizi dünyaya çatdırırıdı. 1993-cü ildə onunla Almaniyanın Münxen şəhərində görüşümüz zamanı bir daha şahid oldum ki, onun ürəyində necə böyük Azərbaycan sevgisi var. Hətta ona deyirdim ki, “Mirzə, sən türksən”. Demək istədiyim odur Azərbaycanda yaşayan xalqları özümüzdən ayıra bilmərəm. Yəhudiləri seçməyimin başlıca səbəblərindən biri də odur ki, onların içində Qarabağ müharibəsində bizimlə çiyin-çiyinə mübarizə aparanları gördüm. Bu baxımdan da düşünürəm ki, Quba dağ yəhudiləri daxil olmaqla, Avropa yəhudiləri haqqında da söz deməyin vaxtıdır. Telman İsmayılovu az qala hamı unudub, biz gözləyirik ki, Rusiya hökuməti ona bəraət versin, sonra bu insanı yada salaq. Azərbaycan sevgisi böyük olan insanlardan biri də məhz AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovdur, Rejissor Yuli Qusmandır. Onların hər birini bu sənədli filmdə yada salmağı, fəaliyyətlərindən bəhs etməyi düşünürəm. Adlarını çəkdiyim bu şəsxlərin Azərbaycan üçün gördükləri işləri diasporamız görə bilməyib”.
Qeyd edək ki, “Salnamə” studiyasında çəkiləcək filmin tezliklə tamaşaçıların baxışına təqdim olunacağı gözlənilir.Filmin ssenari müəllifi və rejissoru Nizami Abbas, prodüseri Nazim Hüseynov, operatoru Üzeyir Abbasdır.