Qorqud Cəfərin ad günüdür

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktyor Qorqud Cəfərin ad günüdür.

Q.Cəfər 6 avqust 1990-cı ildə Bakıda anadan olub. Respublikaa İncəsənət Gimnaziyasında təhsil alıb. Rüstəm İbrahimbəyovun Kino Akademiyasını bitirib. Məmmədkamal Kazımov, Rüstəm İbrahimbəyov, Muxtar Maniyev və b. sənətkarlardan sənətin sirlərini öyrənib.

2008-2012-ci illərdə “İbrus” teatrında aktyor olaraq çalışıb. Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Onun oynadığı rollar sırasında  Xosrov(“Xosrov və Şirin”), Vəzir (“Vaqif”), Şahzadə (“Balaca şahzadə”) xüsusilə seçilir.

Rejissor Çingiz Rəsulzadənin “Kuklalar” bədii filmində Mikki obrazı ilə film debütünü edən aktyor, sonralar bir çox bədii filmlərdə və teleseriallarda (“Kabusun gözüylə”-(bədii film 2010), “Döngələr”(2012, bədii serial), “Son hədd” (2012-2013, bədii serial), “Dəfnə ağacı” (2016, bədii serial), “Qarabağnamə” (2016, bədii serial), “Xənnas” (2017, tammetrajlı bədii film), “Könül yarası” (2018-2019, bədii serial), “Aprel / Kəlbəcər” (2019, qısametrajlı bədii film) və s.) əsas rollara çəkilib.

Aktyor bildirir ki, ilk filmi olan “Kuklalar” onu üçün üçün doğmadır, əzizdir: “Bu illər ərzində təcrübə yığmışam. Həm müəllimlərimdən, həm də filmlərdə birgə çəkildiyim aktyorlardan çox şey öyrənmişəm. Amma hər bir filmimdən sonra fikirləşmişəm ki, daha yaxşısını edə bilərdim”.

Belə bir fikir var ki, əgər aktyor oynadığı roldan tam razı qalmırsa, “Daha yaxşısını edə bilərdim” deyirsə, deməli inkişaf mərhələsindədir. Bu baxımdan Qorqudun oynadığı roldan narazı qalması, onun bir pillə daha yüksəlməsinə işarət edir.

Onun sonuncu çəkildiyi “İkinci pərdə” filmindəki performansı tamaçılar tərəfindən bəyənilsə də ictimai qınaqla da qarşılaşıb. Və aktyor onu da bildirir ki, cəmiyyətin qınağından qorxmur, ən önəmlisi isə hiss etdiyi məqamı doğru qiymətləndirir, düzgün sayır.

Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibi, Gənclərin III Ümumrespublika Teatr Festivalında (ən yaxşı aktyor) nominasiyasının qalibi olan Qorqud Cəfəri ad günü münasibətilə təbrik edir “uğurların bol, şansın açıq olsun” deyirik.

aki.az