Qurban İsmayılov - 60
Bu gün teatr və kino aktyoru, xalq artisti Qurban İsmayılovun dünyaya göz açdığı gündür, 60 yaşı tamam olur.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu”(1985) fakültəsini bitirən aktyorun əsas fəaliyyəti teatrla bağlı olub, Və illər sonra – 40-45 yaşdan sonra kinoda çəkilməyə başlayıb, bir-birindən maraqlı obrazlarla tamaşaçılarının görüşünə gəlib.
Qurban İsmayılov bu barədə deyir ki, cavanlığımda bilirdim ki, 40-45 yaşında çəkiləcəyəm kinoya, elə də oldu: “Çünki cavan sevgi qəhrəmanı obrazının məndə olmadığına əmin idim. Bizdə universitetə gəlirdilər, kinoya çəkiliş üçün yoxlanışa adətən klassik üz cizgiləri olan tələbələri çağırırdılar”.
Aktyor etiraf edir ki, buna görə, hərdən bir studiyada tanıdığı adamlarla mübahisə edib və “mənim kimi sifət quruluşu olan adam sevə bilməz bəyəm?” sualı ilə etiraz edib. Ancaq onu da etiraf edib ki, knoda bəzən aktyorun aktyorluğuna o qədər fikir verilmir, onun həmin obraza görə sifət quruluşuna diqqət edilir.
Bəlkə də aktyor sadəcə üz cizgilərinə görə deyil, zamanını gözləyirmiş, axı kino kimi möcüzəli dünya aktyorun ekran həyatını heç də asanlıqla həll etmir və qərar verincə də rolların ardı-arası kəsilmir.
Qurban İsmayılov artıq kino üçün önəmli simalardan birinə çevrilib və daha çox müdrik ata rolları ilə ekranlarda görünür. Ömür dediyin bu olsa gərək, vaxt gəlincə yaşla hesablaşırsan, rejissorların seçiminə qarşı çıxa bilmirsən. Əslində başqa cür də mümkün deyil, çünki rejissorun aktyordan üstün cəhətləri var. Əsas üstün cəhətlərdən ən önəmlisi isə aktyor öz obrazı ətrafında düşündüyü zaman, əlahəzrət rejissor ümumi rakursdan çıxış edir, yaratdığı sənət nümunəsinin bütün görüntülərini düşünür, hətta filmin illər sonra belə hansı mesaj verəcəyinə qərar verir. Bu baxımdan sakit təbiəti, təmkinli davranışı ilə seçilən Qurban İsmayılov rejissorlarla problem yaşamaz, onların gördüklərinə, görmək istədiklərinə tabe olmağı seçər. Yəqin bunun nəticəsidir ki, onun obrazları maraqlı olduğu qədər də, düşündürücüdür.
Bu məqamda rejissor Ələkbər Muradovun quruluş verdiyi “Güllələnmə təxirə salınır” (2002”) filmini yada salmaq yerinə düşər. Filmə baxanlar bilir ki, maraqlı aktyor komandasının bir araya gəldiyi ekran işində hadisələr 1941-1945-ci il müharibəsindən sonrakı dövrü əhatə edir.
O dövr ki, bir qrup gənc xalqın malını mülkünü talamış “varlıların” zorla sahib olmaq istədikləri mal-dövləti əllərindən alaraq kasıblara paylayır, eyni zamanda ərləri cəbhəyə getmiş ana və bacıların, ümumiyyətlə isə qadınların namusunu qoruyurlar. Doğrudur, hüquqi baxımdan bu cavanlara “oğru” damğası vurulur, ancaq xalqın gözündə qəhrəman səviyyəsinə yüksəliblər. Bu qəhrəmanların arasında başçı kimi Fuad Poladovun duruşu, ifaçılıq qabiliyyəti, hətta möhtəşəmliyi o səviyyədə görünür ki, onun ətrafında bir araya gələnlərin obraza zəif yanaşması mümkün deyil.
Qurban İsmayılov da həmin komandada doğrudan aktyor komandasının gücünə inanıb, bütün sənət ehtirası ilə rola sarılıb. O cür qəhrəman obrazları, tamaşaçını ardınca aparmağa qadirdi və filmin tərbiyəvi-əhəmiyyəti məhz ondadır ki, xalqın malını talan etmək olmaz, çünki millətinə sahib çıxacaq oğullar olub və hər zaman da olacaq.
Filmin titrlərində də maraqlı bir fikir diqqəti cəlb edir: “Həyat onları özgə cür yaşamağa və inanmağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər”.
“Güllələnmə təxirə salınır” filmi aktyorun kinoda ilk rolu olmasa da, sənət həyatında mühüm rol oynadı. Sonralar ardıcıl olaraq(Girov”, “Yalan”, “Günaydın, mələyim”, “Qala”, “İstanbul reysi”, “Əli və Nino”, “Nar bağı”, “Son iclas”, “Əlvida Şmidt” və s.) filmlərə çəkildi və müxtəlif xarakterli obrazlar oynadı.
Ömrünü həm teatra, həm də kinoya bağlayan, teatrın canlı səhnəsi ilə kino dünyasını müqayisə edən aktyor deyir ki, səhnədə oynamaq çox çətindir, çox böyük məsuliyyətdir, tamaşaçıyla birbaşa ünsiyyətə girirsən: “Səhnədə bir balaca səhv eləsən, obrazın halını tuta bilməsən, daxilən narahatçılıq keçirirsən. Amma kino elədir ki, bir səhnə alınmadısa, yenidən çəkə bilərsən”. Artıq seriallarda öz sözünü deməyə başlayan, xüsusilə “Ata ocağı” bədii serialındakı əsas obrazla tamaşaçılar tərəfindən sevilən aktyor bildirir ki, bütün rollarına böyük sevgi ilə yanaşır eyni maraql ifa edir və onu da qeyd edir ki, aktyor oynadığı rola uşaq evcik-evcik oyununa inandığı qədər inanmalıdır.
Son illər Qurban İsmaylovun aktyorluq qabiliyyəti Azərbaycandan kənarda da diqqət mərkəzində dayanır. Onun İlqar Nəcəfin “Nar bağı” filmində yaratdığı ata obrazı, koloriti, səmimiliyi və dramatizmi ilə seçirlir. Bu filmdəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.
Bundan başqa, Belarusun paytaxtı Minskdə keçirilən 24-cü “Listopad” Beynəlxalq Kino festivalının əsas jürinin diplomuna layiq görülüb.
“Rol alınanda yaşayırsan, alınmayanda oynayırsan” deyən Qurban İsmayılov yubiley yaşı münasibətilə Azərbaycandan Kinematoqrafçılar İttifaqı adından səmimi qəlbdən təbrik edir, arzusunda olduğu rolları oynamağı arzulayırıq.
Xədicə QİYAS