RAFİQ ƏLİYEV - AMPLUASIZLIQ VƏ ÖZÜNƏMƏXSUSLUQ
Mədəniyyətimizə ağır itki üz verib. Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rafiq Əliyev ömrünün 71-ci ilində dünyasını dəyişib.
“Babamızın babasının babası”nda Reportyor, “Ötən ilin son gecəsi”ndə Süleyman, “Üzeyir ömrü”ndə Əli Terequlov, “Qəm pəncərəsi”ndə General-qubernator, “Əlaqə”də Astrofizik və psixiatr, “Lətifə”də Komsomol rəhbəri, “Cansıxıcı əhvalat”da Ortancıl qardaş, “Ailə dairəsi”ndə Qarif, “Nə gözəldir bu dünya”da Ramiz, “Otel otağı”nda İngilis professor Luis, “Həqiqət anı”nda Əli Ömərov, “Qraf Krestovski”də Həbsxana rəisi, “Hökmdarın taleyi”ndə Vanya yüzbaşı, “Papaq”da Başçı, “Məhkumlar”da Müstəntiq, Məhəmməd Əmin Rəsulzadə haqqında filmdə Stalin, “Cəza”da Kərəm və s.
Rafiq Əliyevin (14 noyabr 1949 – 16 aprel 2020) kinoobrazlarının bu sadalamasını nəzərdən keçirəndə hər bir rolun gözlərimiz önündə canlandığını etiraf etməmək, bu kinopersonajların ayrı-ayrılıqda bir kinotəqdimat olduğunun fərqinə varmamaq mümkünsüzdür. O, hər bir rolunun daxili aləminin “açarını” tapmağı və o “açarı” əlində saxlamağı bacaran sənətkarlardan idi, ən müxtəlif obrazı inandırıcı cizgilərlə tamaşaçıya çatdırırdı. Çəkildiyi filmlərin bədii zəminini təşkil edən əsər və ya ssenaridən əlavə aktyorun özünün yaratdığı, öz dayanıqlığını təmin etdiyi özül, zəmin olmalıdır. Ki, tamaşaya və ya filmə baxandan sonra tamaşaçı yazıçı və ya ssenarist və rejissorla bərabər aktyorun da imzasını görüb-duysun. Təbii ki, Rafiq Əliyevin imzası hər bir rolunu müşayiət etməsəydi yuxarıda sadalanan rolları sadaladıqca o obrazlar gözlərimiz qarşısında canlanmazdı. Rafiq Əliyev son illər bir çox beynəlxalq kinolayihələrdə ikinci rejissor və kastinq direktoru kimi də özünü uğurla sınamışdı. Başqa sözlə, Leninqrad (indiki Sankt-Peterburq) Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsində və Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsində aldığı təhsilin formal olmadığını bütün fəaliyyəti boyunca təsdiq etdi. Rafiq Əliyevin 2015-ci ildə Cavid Təvəkküllə birlikdə Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyinin) dayağı ilə “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gətirdiyi, beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutan və sonrakı festivallar trayektoriyası kifayət qədər uzun və sayalı olan “Dərs” filmi ilə uşaq kinosu janrındakı boşluqda, donuqluqda əhəmiyyətli tərpəniş hadisəsi yaratmış oldu. Uşaq kinosu isə son dərəcə vacib sahədir. Və Rafiq Əliyev kimi ömrünün böyük bir hissəsini Gənc TamaşaçılarmTeatrı ilə məhsuldar və keyfiyyətli şəkildə bağlamış aktyor və rejissorun, eyni zamanda kinonun nə demək olduğunu bilən sənətkar belə bir boşluğa biganə qala bilməzdi. “Dərs” filmi yeniyetmələrin daxili aləminin açılması baxımından filmdəki personajların gerçək həyatdakı yaşıdları və onların valideynləri üçün örnək ola biləcək cəsarətinə görə ayrıca diqqətə layiqdir.
Bəlli faktdır ki, həm teatrda və həm də kinoda eyni dərəcədə müvəffəqiyyət əldə etmək daha çox və ya hətta yalnız istedadlı və bacarıqlı teatr aktyorlarına nəsib olur. Və Rafiq Əliyev məhz belə sənətkarlardan idi. Onun teatrda canlandırdığı Bumbaraşı) (“Bumbsraş”), Aramis (“Dartanyan və üç muşketyor”), , Andrey (“Təmas”), Hatəmxan ağan (“Müsyö Jordan və Dərviş Məstəli Şah”), Karabas-Barabas (“Buratino”), Genan (“Buraxılış gecəsi”), Dobçinskin (“Müfəttiş”), Süleyman (“Ötən ilin son gecəsi”), Akif (“Quyu”) obrazlarını, yaxud quruluş verdiyi tamaşaları görüb alqışlayanlar kino obrazlarını da, kino layihələrini də seviblər və bir an olsa belə fikirləşməyiblər ki, Rafiq Əliyev hansısa işdə özünü ifadə edə bilməyib. Bu sözlər onun Mədəniyyət və İncəsənət Universitetində aktyorluq sənəti üzrə pedaqoji və Teatr Xadimləri İttifaqının sədr müavini olaraq gerçəkləşdirdiyi fəaliyyətə də aiddir, təbii ki…
Aktyorluğunda olduğu kimi adi həyatda da özəl davranışlı, bənzərsiz tərzli şəxs idi. Sanki həmişə ürəyində, beynində hansısa rolun məşqi ilə məşğul idi. Rafiq Əliyevin haqq dünyasına qovuşması ilə Azərbaycan teatr və kinoaktyorluq, rejissorluq sənətləri ampluasızlıq və özünəməxsusluq kimi keyfiyyətlərin daha bir təmsilçisini itirdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.
Azərbaycan Kinematoqrafçılar İttifaqı