Ramiz Novruzun 65 yaşı tamam olur

Bu gün Azərbaycan Kİnematoqrafçılar ittifaqının üzvü, Xalq artisti Ramiz Novruzun dünyaya göz açdığı gündür.

R.Novruz 1955-ci ildə Biləsuvarda anadan olub.1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində, Adil İsgəndərovun kursunda təhsil alıb. 1978-1981-ci illərdə Sumqayıt Dövlət Teatrında çalışıb. 1981-ci ildən etibarən Akademik Milli Dram Teatrında çalışır. Aktyorluq fəaliyyəti ilə yanaşı, bir neçə pyes yazıb.  İki pyesi 20 yanvar hadisələrindən bəhs edən “At ilinin birinci ayı” adlı pyes Gəncə Teatrında, “Hələ sevirəm deməmişdilər” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Bəhram Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. Ramiz müəllim Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, eyni zamanda rejissor kimi tamaşaya qoymuş və  bu əsərdə Attillio rolunu ifa edib.

Azərbaycan televiziyasında “Mən azərbaycanlıyam” verilişinin aparıcısı olan aktyor bildirb ki, həmin proqramda uşaqların bilik dairəsi onu çox ruhlandırıb: “Belə bir deyim var: pislər qorxduğumuz qədər çox deyilmiş, yaxşılar da heyfsiləndiyimiz qədər az deyilmiş. Amma məni qorxudan bir məsələ var idi: uşaqların bilikləri daha çox testə yönəlik cavablardan ibarət idi. Mənim üçün çox ağrılı olurdu ki, mədəniyyətə aid əlavə bir sual verəndə cavab tapa bilmirdilər. Məsələn, “Yeddi oğul istərəm” filmi haqqında sual verəndə  rejissoru bilirdilər, bəstəkarı bilirdilər. Amma  əlavə olaraq soruşanda ki, orada Gəray bəyi oynayan aktyor başqa hansı rollarda çıxış edib, bax, bunu bilmirdilər”.

Teatr fəaliyyəti ilə yanaşı kinoda da öz sözünü demiş Ramiz Novruzun kino yaradıcılığı öz fərqliliyi ilə seçilib.  Müxtəlif janrlı filmlərdə (Sizi dünyalar qədər sevirdim -1985 -General Həzi Aslanov, Alman klinikasına şəxsi səfər -1988 – Baba Əliyev, Beşmərtəbəli evin altıncı mərtəbəsi -1996 – Muxtar, Sarı gəlin -1998 –Rasim, “Sui-qəsd” -2004 (rejissor Vadim Ostrovski – Rusiya serialında çeçen komandiri Ramzan Salmanov), Cavid ömrü – 2007- Mir Cəfər Bağırov, Məhkumlar -2007 – mayor, Cavad xan -2008 – Sisianov) müxtəlif səpgili rollarla tamaşaçısını hər zaman düşündürməyi bacarıb.

Aktyor istər teatrda, istər filmlərdə, istər seriallarda çox gözəl ifalar nümayiş etdirməsinə, mənfi rolları belə, dəyərli sənət nümunəsi səviyyəsinə yüksəltməsinə baxmayaraq tamaşaçı onu general Həzi Aslanov obrazı ilə sevdi.

O, deyir ki, Həzi Aslanov haqqında orta məktəb dərsliklərindəki rəsmi məlumatlardan və bir də pərakəndə söhbətlərdən ibarət bilgilərim var idi, amma onun döyüş bacarıqları haqqında tam dərinliyi ilə məlumat yayılmamışd, bütün bunları çox sonralar öyrəndik: “O vaxt “Pravda” qəzetində Həzi Aslanov haqqında “Qalib gəlmək bacarığı” adlı məqalə dərc olunubmuş. Həmin məqalədə “Aslanovskaya podkova” adlandırılan döyüş taktikasından da bəhs olunurdu. Məhz Həzi Aslanovun bu taktikası sayəsində almanların tank döyüşündəki əzmini qırmaq mümkün olub. Mən sonralar dərk elədim ki, əslində nal şəkli ilə əlaqələndirilən bu taktikanın adının özəyi türklərin aypara şəklinə aiddir. Amma sözsüz ki, o illərdə türk, aypara kəlmələrini işlətmək arzuolunmaz idi. Təəssüf ki, sənədli filmlərdə Həzi Aslanovun başçılığı altında aparılan döyüşlərin sayəsində azad olunan yaşayış obyektlərinin xilası tamamilə başqa adamların adına yazılıb. Belə ikili standartlar olub. Halbuki məhz Həzi Aslanovun qeyri-standart hərbçi keyfiyyətləri sayəsində cəbhədə bir çox itkilərdən sığortalanmaq mümkün olub, Onun sürücü-mexaniki filmin məsləhətçisi idi, o danışırdı ki, Həzi Aslanov civə kimi cəld, hərəkətli adam idi, düşmən tərəf heç vaxt bilə bilməzdi ki, o, hansı tankdadır. Çünki komandirin tankının xüsusi nişanı olsa da, Həzi Aslanov döyüş gedə-gedə o tankdan bu tanka keçirmiş. Qeyd edim ki, bu filmlə bağlı mənim yadımda qalan ən parlaq təəssürat Rasim İsmayılovun, türklər demişkən, əsl, ən yaxşı mənada erkək xasiyyəti oldu. Sınaqda çox aktyorlar iştirak edirdilər. Foto sınaqlarına 20 nəfərə yaxın aktyor dəvət olunmuşdu. Bunlar “ələndilər”, kino sınaqlarına 7-8 nəfər qaldı. O 7-8 nəfər də “ələnəndən” sonra seçim 3 nəfərin üstündə dayandı. Onlardan biri Məhəmməd Məmmədov idi, Şəfiqə Məmmədovanın qardaşı, o biri Kamil Zöhrabov idi, kinostudiyanın o vaxtkı direktor müavini Faiq Zöhrabovun qardaşı. Onların arasında kino aləmində ən az tanınanı mən idim – Sumqayıt teatrından təzə gəlmişdim, o vaxta qədər də yalnız “Nizami” və “Qorxma, mən səninləyəm!…” filmlərində epizodlara çəkilmişdim.
Adlarını çəkdiyim digər iki aktyor isə başqa filmlərdə baş rolları oynamışdılar. Amma nədənsə bu rol mənim içimə dolmuşdu. Ssenarini oxuyub, Rasim müəllimlə söhbət edəndə onun gözlərində bir qığılclm görmüşdüm. Və bu qığılcım məni inandırdı ki, bu iş alınacaq”. Hisslərinə güvənən Ramiz Novruz haqlı çıxdı, çünki bu iş alındı və aktyorun həyatında böyük rol oynadı. Filmin çəkildiyi vaxtdan illər keçsə də Həzi Aslanovun şəxsiyyəti məhz aktyor Ramiz Novruzun timsalında yaddaşlarımıza həkk olunur və qəhrəmanımızın Böyük Vətən Müharibəsində hansı çətinliklər hesabına qalib olduğunun şahidi oluruq…

Sadaladığımız obrazlarla daima böyük xalq sevgisilə əhatələnən sevimli aktyorumuzu Azərbaycan Kinematoqrafçılar İttifaqınıln İdarə Heyəti adından  yubley yaşı münasibətilə təbrik edir, “Daima var olun, yaradıcılıq uğurlarınız heç bitib tükənməsin” deyirik.

Xədicə QİYAS