Səbuhi Məmmədov - 50
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktyor seçimi üzrə rejissor Səbuhi Məmmədovun ad günüdür.
S.Məmmədov 28 iyun 1971-ci ildə anadan olub. 1988-1993- cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsində, mədəni-maarif işinin təşkilatçı-metodisti ixtisası üzrə təhsil alib. Tələbəlik illərindən Milli Dram Teatrı, Yuğ Teatrı, Space Tv, İctimai TV və Üns Yaradıcılıq Səhnəsində səhnə maşinisti, səs rejissoru, prodüser, rejissor və beynəlxalq əlaqələr üzrə menecer kimi fəaliyyət göstərməyə başlayıb.
2009-2011-ci illərdə İBRUS Teatrı və Azərbaycan Kinosunun 100 illiyi fondunda direktor müavini vəzifəsində çalışıb.
Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən ilk aktyor agentliyi “Actors Agency” 2013-cü ildə kastinq direktoru və prodüser Səbuhi Məmmədov tərəfindən təsis olunub. Agentlik yarandığı gündən Azərbaycan aktyorlarının milli və xarici kino dünyasına çıxışı, peşəkar hüquqlarının müdafiəsi, yeni istedadlı simaların tanıdılmasında böyük rol oynayır, eyni zamanda teatr-kino sahəsində kastinq və istehsal fəaliyyəti göstərir. “Actors Agency” agentliyinin kastinq və istehsalına dəstək verdiyi filmlər ( “Eliza” q/film, Debüt Film, “Tufanlı səma” TV serial, “Skripkaçı” q/film, Debüt Film, “Ali və Nino” b/film, Pie Pia Films, Böyük Britaniya, “Klimanjara” b/film, “Sreda Studio”, Rusiya, “Sevgi hekayəsi və ya çap maşını ” q/film, Azərbaycan və s.) müxtəlif janrlı olduğu kimi, dünyanın bir çöx ölkələri ilə olan əməkdaşlıq nəticəsində yaranıb.
Rejissor deyir ki, İncəsənət Universitetinin Mədəni-Maarif fakultəsinə daxil olandan sonra Milli Dram Teatrında səhnə fəhləsi kimi işləməyə başlayıb, eyni zamanda səslə maraqlanıb, səs operatoru kimi bir neçə tamaşada çalışıb:“Paralel olaraq YUG teatrında, “SPACE” telekanalında, “ÜNS” yaradıcılıq səhnəsində səs rejissoru, İbrus teatrında direktor müavini işlədim. 2011-ci ildən Şərqi Avropa İfaçılıq Sənəti şəbəkəsinin üzvu olaraq müstəqil teatr prodüseri kimi fəaliyyət göstərirəm. Prodüser kimi müəllifi olduğum ilk tamaşa 2013-cü ildə YUĞ teatrında səhnələşdirilən Polşa və Azərbaycanın müştərək lahiyəsi olan “Sərhəddə” tamaşası idi. 2017-ci ildə isə Actors Agency və İsveçrənin Cənubi Qafqaz Əməkdaşlıq Ofisi ilə müştərək “ERROR” tamaşasının, 2019-cu ildə isə M. A. P festivalı üçün səhləşdirilən “Dəli yığıncağı”tamaşasının prodüseri olmusam”.
Kastinq direktoru kimi fəliyyətə necə başlamasına gəlincə, S.Məmmədov qeyd edir ki, “SPACE” kanalında “Çardaq” adlı bir layihə vardı. Həmin layihə üçün çox vaxt kiçik səhnəciklər çəkirdilər və həmin səhnəciklər üçün hansısa aktyoru dəvət eləmək lazım gələndə mənə müraciət edirdilər: “Əlbəttə ki, teatrda işlədiyimi bildiklərinə görə mənə müraciət edirdilər. Buna kastinq demək olmasa da, kastinqə gedən yol məhz həmin məqamlardan başlayıb”.
Həmin illərdə çəkilən reklam çarxlarında, kliplərdə o, həm prodüser kimi çalışıb, eyni zamanda aktyor seçimi ilə məşğul olub. Onun kinoda kastinq direktoru kimi ilk işi Rusiya kinematoqrafçıları ilə başlayıb. Belə ki, 2007-ci ildə çəkilən “Feniksfilm” kinokampaniyasının “Vəsiyyət əsasında nigah” çoxseriyalı bədii filminin bir çox seriyaları Bakıda lentə alınıb. Həmin seriyalarda ikinci plan və epizodik rollarda çəkilən aktyorlarımızın, kütləvi səhnələrdə çəkilən həvəskarların və tələbələrin seçimində Səbuhi Məmmədovun böyük rolu olub və elə o vaxtdan da castinq direktoru kimi fəaliyyətə başlayıb.
Hələ agentlik yarananda bütün teatrlara gedərək hər yaşda olan aktyor nəslinə müraciət edərək onlara aktyor agentliyinin funksiyası barədə geniş məlumatlar verən S.Məmmədov, bidirib ki, agentliyin məqsədi aktyorların təqdimatı, tanıdılması, menecer-agent xidməti ilə təmin olunması və ən əsası, professional hüquqlarının müdafiəsini təmin eləməkdən ibarətdir.
Kastinq direktoru onu da qeyd edir ki, aktyor agentliyi ilə əməkdaşlıq həm də bir imicdi: “60-cı illərə qədər kastinq direktoru adlı vəzifə olmadığına görə, bu işlə məşğul olan insanların öz fikirləri olmurdu. Sonralar isə bu iş elə bir səviyyəyə qaldırıldı ki, kastinq direktoru funksiyası kinoistehsalat prosesinin son dərəcə vacib bir parçasına çevrildi və artıq kastinq direktorları söz sahibidirlər”.
Uzun zamandır sənətdə öz sözünü deyən və artıq veteran aktyor səviyyəsinə yüksələn sənətkarlara yeri gələndə pulsuz xidmətlər göstərən Səbuhi Məmmədovu yubiley yaşı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
X.QİYAS