Sadiq Əhmədov - 60

Hər yaşın öz hesabatı olur, ancaq yubiley yaşlarının hesabatı, məsuliyyəti bir başqadır. Sadə insanlardan fərqli olaraq, sənət dünyasında olanlar üçün bu məsuliyyət yükü birə beş artır. Çünki sənət yaşa baxmaz, aktyor hər yaşında oynadığı rollara böyük məsuliyyətlə yanaşmaq məcburiyyətindədir. Bu baxımdan da gənc yaşlarda yaşlı obrazı, yaşlı dövründə gənc obrazları oynamaq da qaçınılmazdır.

60 yaşın zirvəsinə yüksələn, teatr və kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Sadiq Əhmədov məhz o aktyorlardandır ki, hər yaşında öz-özünə hesabat verir, oynadığı rolları təbii ifa tərzi ilə cilalamağı bacarır ki, bu da təsadüfi deyil. Çünki o, məsuliyyət hissi, duyğusu güclü olan bir nəslə mənsubdur, əslən Vəkilovlar nəslindəndir. Aktyor bu barədə deyir: “Ana tərəfdən də, ata tərəfdən də babalarım repressiyaya məruz qalıb, güllələniblər. Vəkilovların tarixçəsi Türkiyədən başlayıb: Alxan Vəkilov polk rəhbəri olub, şücaətli insan olub. Sonralar bura gəlmişik, bir sözlə, harada Vəkilov varsa bizim nəsildəndir. Xatırladım ki, babam Səməd Vurğunla əmioğlu olub”.

Kinoda əsasən kriminal xarakterli obrazlar oynayan, bəlkə də rejissorlar tərəfindən məhz bu xarakterli rollara dəvət alan aktyor İncəsənət İnstitutunda görkəmli sənətkar Mehdi Məmmədovun kursunda təhsil alıb. Və kriminal xarakterli rollara dəvət almağının da maraqlı tarixçəsi var: “Uşaqlıq illərində hündürlükdən yıxılmışdım, nəticədə də burnum əzilmişdi. Əməliyyatla əvvəlki görünüşümü bərpa etmək olardı. Amma o zaman Mehdi müəllim dedi ki, əgər əməliyyat etsən, səni kursdan çıxaracam, çünki bu görkəm sənin üçün ən gözəl fürsət olacaq, xarakter rollar oynaya bilərsən. Elə sonralar Rüstəm İbrahimbəyov da əməliyyat olunmağıma etiraz etdi”. İki ustadın sözünə qulaq asan aktyor üz görünüşü ilə fərqli obrazlar oynayaraq tamaşaçını düşündürməyi bacardı.

S.Əhmədov Rus Dram Teatrında, İbrus Teatrında və b.çalışıb, bir-birindən maraqlı obrazlara imza atıb, eyni zamanda kinodakı fəaliyyəti, yaratdığı rollar (“Dronqo (serial, 2002), “Əlvida, cənub şəhəri” (film, 2006), “Cavid ömrü” (film, 2007), “Qafqaz” (film, 2007), “Məhkumlar” (film, 2007), “Səhərə inan”(film, 2011), “Dolu” (film, 2012), “Hakim” (ORT, Rusiya) və s.) hər zaman seçilib. Aktyor artıq müdrik yaşa qədəm qoyub, hələ qarşıda neçə-neçə sənət nümunələrində önəmli rollar oynayacaq.

Azərbaycan Kinematoqrafaçılar İttifaqının İdarə Heyəti, həmkarları arasında sadəliyi ilə, məsuliyyəti ilə seçilən Sadiq Əhmədovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıclıq uğurları arzulayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı