Şamil Nəcəfzadə - 60

13 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor,
kino rəssamı, əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin ad günüdür, 60 yaşı tamam olur.
Ş.Nəcəfzadə 13 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb.
1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1984-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib.
O, 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında bir sıra bədii filmlərdə quruluşçu rejissor, quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor kimi calışmış, əsərləri ölkəmizdə və beynəlxalq sərgilərində nümayiş etdirilib.

Ş.Nəcəfzadənin quruluş verdiyi filmlər mövzu baxımından fərqli təhlilə ehtiyacı olan nümunələr sırasında yer alır.

Rejissor Stalin repressiyasına və repressiya qurbanlarına həsr etdiyi “İthaf” animasiya filmini 1990-cı ildə lentə alıb. Film 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalının diplomuna layiq görülüb. Bundan başqa, eyni ildə Kiyevdə “KROK-91” Beynəlxalq Animasiya filmləri federasiyasının (ASİF) festivalı rejissora ən uğurlu debüt üçün Mükafat verib.

1991-ci ildə çəkdiyi “Ağ-qara dünya” qısametrajlı sənədli filmində Azərbaycanın ilk peşəkar fotoqrafı  Mircavad Axundzadənin sənət dünyasını ekrana köçürüb. Maraqlı ekran əsərində kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadənin mətbəədə işləyən atasının yanına getdiyi zaman orada Lifşits soyadlı bir almanla tanışlığı diqqəti çəkir. Alman bu balaca oğlanın marağını nəzərə alaraq ona fotoaparat bağışlayır. 9 yaşlı Mircavad ( 1918 -ci ildə) ermənilərlə vuruşan bir qrup maştağalının şəklini çəkib ki, həmin şəkillər, eləcə də fotoqrafın digər şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur.
Şamil müəllim 2000-ci ildə çəkdiyi “Ağ kətandakı adam”
tammetrajlı sənədli filmini atası, Xalq rəssamı Kamil Nəcəfzadəyə həsr edib. Filmdə Kamil Nəcəfzadənin həyat və yaradıclığı öz əksini tapıb. Bəlkə də bu filmi övladın ataya olan borcu kimi də və ya böyüdüyü ailədə atanın getdiyi yola olan dəqiq baxış ifadəsi kimi də xarakterizə etmək olar.
Ümumiyyətlə Şamil Nəcəfzadənin yaradıcılığında əsas yeri İnsan faktoru tutur. Çətin yoldan keçən, ömrün mərhələli dövründə həyata olan münasibəti, həyatla olan mübarizəsi və ya sadəcə həyatın qismət etdiyi yaşamaq kimi nüanslar onu seçdiyi qəhrəmanların ömür yoluna salınan işıqdır ki, tamaşaçı da bu işıqdan həmin istiqamətə nəzər yetirə bilsin.

Rejissor 2003-cü ildə quruluş verdiyi “Səma şairi” filmində Azərbaycanın görkəmli şairi və dramaturqu  Hüseyn Cavidin  həyat və yaradıcılığına diqqəti çəkib. Film 1918-ci ilin  martında  ermənilərin Bakıda törətdikləri soyqırım hadisələri ilə başlanır və sənədli kadrlarda Hüseyn Cavidin Bakı nümayişçiləri arasında olan görüntüsü əsas yer alır.
Onu da qeyd edək ki, H.Cavidin nümayişçilər arasında olan kadr, şairin arxivdə qalan nadir sənədli kadrdır. Və o da təsadüfi deyil ki, filmin məsləhətçisi şairin qızı Turan Cavid olub.
Şamil Həcəfzadə 2008-ci ildə çəkdiyi “Qala” filmində isə hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdəki qala obrazı, bütün hadisələrin şahididir. Və bu qala bir vaxtlar düşmənlərin hücumuna məruz qalıb, ancaq heç vaxt təslim olmayıb.
Yeri gəlmişkən, “Qala” filmi “Oskar” mükafatına təqdim olunub.
Ş.Nəcəfzadə bu barədə deyib ki, Azərbaycanda 2008-ci ildən Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə “Oskar” komitəsi fəaliyyət göstərməyə başlayıb: “Bir neçə film arasında “Qala” filmi seçilərək Amerika Kino Akademiyasına-xarici filmlər nominasiyasında yarışma üçün təqdim olunmuşdu. Amerika Kino Akademiyasının seçimində iştirak etmək özü Azərbaycan kinosu üçün böyük göstərici idi”.
Azərbaycan kinosunun dünya ölkələrində nümayişində maraqlı olan, ümumiyyətlə isə kinonun təbliğat vasitəsi kimi bir xalqın, millətin tanınmasında böyük rol oynadığını diqqətə çəkən deyən rejissor, hələ illər öncə həyəcan təbili çalırdı ki, Azərbaycan ərazisində kinoteatrlar şəbəkəsi yenidən qurulmalıdır, yenidən bərra olunmalıdır: “ Və bunun da iki vacib məqsədi olmalıdır. Birincisi, kino tamaşaçı üçün çəkilir, bu bir mesaydır və kino tamaşaçıya mütləq çatdırılmalıdır. Kinonunu tamaşaçıya çatdırmaq üçünsə yeganə vasitə kinoteatrdır. Əgər kinoteatrlar yoxdursa, o zaman bu mesaylar sadəcə havadan asılı qalır.
İkincisi, kino biznesdir. Kinoteatrlar olan yerdə kino vasitəsilə filmə qoyulan sərmayənin bütöv, bir hissəsini və yaxud da əlavə gəlirlər qazanmaq mümkündür”.

Şamil müəllim onu da qeyd edib ki, kino vasitəsilə biz müəyyən ideyaları, hətta dövlətin maraqlarını da aşılaya bilərik. Çünki başqa incəsənət sahələrindən fərqli olaraq kinonun ictimai fikrin formalaşmasında çox güclü, təsirli vasitələri var.
Uzun illərdir vətəndən kənarda yaşayan, fəaliyyət göstərən rejissorun ürəyi hər zaman Azərbaycanla döyünür.
Bir zamanlar Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olan sənətkar, kinorəssam və kinorejissor kimi fəaliyyətində sənət fikrini yüksək səviyyədə aşılamağı bacaran yaradıcılardandır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Şamil Nəcəfzadəni yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcılığında uğurlar arzulayırıq.

X.QİYAS