Sosial məsafəni gözləməklə film çəkilişlərinə start verilir

Pandemiya aylarında kino sahəsində olan durğunluğa nəhayət ki, son qoyulur, kinematoqrafçılarımız çəkiliş meydançasına dönməyə hazırlaşır. Bu barədə Mədəniyyət  Nazirliyi Apa-nın sorğusuna verdiyi cavabında bildirib.

Qeyd olunub ki, sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub, o cümlədən, insanların kütləvi toplaşması ilə müşahidə olunun sahələrin fəaliyyəti dayandırılıb.

Məlumatda o da bildirilir ki, sözügedən qərarlarda konkret olaraq kino istehsalı ilə bağlı məsələ qeyd edilməsə də, digər sahələrlə yanaşı, kino çəkilişlərində də bir çox insanların toplaşması zərurəti olduğuna görə ölkədə bu istiqamətdə də işlər saxlanılmışdı: “Operativ Qərargah tərəfindən həyata keçirilən yumşalma tədbirlərinə və bir çox qadağaların aradan qaldırılmasına uyğun olaraq, sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”.

aki.az