Xəyyam Mirzəzadənin 85 yaşı tamam olur

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadənin doğulduğu gündür…Yaşasaydı, 85 yaşını qeyd edəcəkdi…

Musiqi aləmində saysız-hesabsız əsərlər yazan, ustad Qara Qarayev məktəbinin layiqli davamçılarından biri olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən də bəhrələnmiş, müxtəlif janrlarda dəyərli  əsərlər yaratmışdır.

Bəstəkarın müxtəlif illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri ona böyük şöhrət qazandırıb.

X.Mirzazadənin Azərbaycan kinosunda gördüyü işlər, yazdığı əsərlər hazırda da baxdığımız həmin filmlərin daha da uğurlu alınmasında böyük rol oynayıb.

Bəstəkar 50-dən artıq filmə musiqi yazıb – “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Güllələnmə təxirə salınır”, “Xatirələr sahili”, “O dünyadan salam”, “Zirzəmi”, “Fransız” və s.

Bəstəkar xatirələrində deyir ki, musiqisini yazdığı ilk filmlərdən biri “Bizim küçə” filmidir, “Yeddi oğul istərəm” filminə isə onu Yusif Səmədoğlu dəvət edib.

“Yeddi oğul istərəm” filminə musiqi bəstələyərkən hansı hissləri keçirdiyini isə belə izah edib: “Yaponlarda belə bir film var “7 samuray”, daha sonra bu film “Möhtəşəm yeddilik” adı ilə Amerika ekranına keçdi. Sonra isə Yusif Səmədoğlunun ssenarisi ilə Azərbaycan filminə ayaq açdı. Əslində Səməd Vurğunun bu adda əsəri olmayıb. Osman Sarıvəlli vaxtında S. Vurğunun şeirlərini yığıb və əsər halına salıb. Qaldı ki, təsirlənməyimə, əsər xoşuma gəldisə, vəssalam”.

Xatirələrə nəzər salaq:

Ahıl-qocalıq dönəmində hərdən gileylənərmiş ki; “Niyə məni daha çox “Yeddi oğul istərəm”dəki musiqimlə tanıyırlar?..”

Həmsöhbətləri cavabında: “ Sizin “Bizim küçə”, “Arxadan vurulan zərbə”, “Birisi gün, gecə yarısı”, “Arxada qalmış gələcək” və sair filmlərə yazdığınız musiqilər də çox sevilir” deyiblər.

O isə: “Yox e, söhbət mənim “zamana sifarişi” ilə komsomolçulara “məhəbbət”i, cümhurçulara “nifrət”i daha da gücləndirən musiqimin bu qədər çox sevilməsindən gedir…” deyib..

Əslində isə onun kino üçün yazdığı bütün əsərlər tamaşaçı auditoriyası üçün böyük həyəcan yaradıb, bəlkə də “Yeddi oğul istərəm” filmi daha çox baxıldığı üçün və ya sevildiyi üçün adı öndə gəlir.

Bəstəkarın “Arxadan vurulan zərbə” filminə yazdığı musiqi tamaşaçını bir başqa duyğuya kökləyir, “Güllələnmə təxirə salınır” filmindəki musiqinin öz yükü, öz çəkisi var və ya “O dünyadan salam” filmi, eləcə də digərləri hər biri öz fərqliliyi ilə seçilir. Sanki bəstəkar ömrünün hər mərhələsində fərqli hiss-duyğularadan çıxış edib ki, bu da onun əsərlərində özünü büruzə verib.

“İnsan həyatı mərhələlərdən ibarətdir və bu mərhələləri bir-bir keçmək lazımdır” deyən bəstəkar, onu da qeyd edir ki, əgər həmin mərhələləri keçmiriksə, təbiətin qanununa əsasən yenidən geri qayıtmaq lazım gəlir…

Azərbaycan musiqi mədəniyyətinin inkişafında, Azərbaycan kinosu üçün yazdığı dəyərli sənət nümunələri ilə müstəsna xidmətlər nümayiş etdirən Xəyyam Mirzəzadəni 85-ci yaşında böyük hörmətlə yad edirik…

Xədicə QİYAS