Xocalı faciəsi…Unutmadıq!

Son iki gündə olan hava şəraiti-qar, boran, çovqun, külək 29 il öncə baş verən faciəni yada salaraq yenidən o günü bizlərə yaşadır. Əslində o gün həyatımıza elə daxil olub ki, illər keçsə də unudulmayacaq, bu, artıq tarixin yaddaşına həkk olunmuş qanlı səhifədir…

1992-ci ilin fevral ayında-25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım törətdi. Soyqırımda 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Və əsirlərdən 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı soyqırımı Azərbaycanımıza necə təsir etdi, hər sahədə özünü necə göstərdi bu barədə çox danışılıb və hələ uzun illər də danışılacaq. Çünki baş verənləri ekrandan dünyaya yaymaq, dünyanın diqqətinə çatdırmaq özü bir haykırtı idi.

Yeri gəlmişkən,  baş verən hadisəni ilk olaraq lentin yaddaşına köçürən, Milli Qəhrəman Çingiz Mustafayev oldu. Həmin Ç.Mustafayev ki, hərbi jurnalistlik karyerasında Xocalıda törədilən vəhşilikləri lentə almaqla, sağlığında özünə qəhrəmanlıq abidəsi  ucaltmışdı. O, hadisəni sənədləşdirmək üçün bir qrup jurnalistlərlə birlikdə iki dəfə qətliam yerinə səfər etməyə nail olmaqla Ermənistan qüvvələrinin amansız atəşinə məruz qalıb. Buna baxmayaraq Xocalıda, o qarlı gündə, çətin şəraitdə yüzlərlə cəsədi lentə ala bilib. Hələ onun çəkiliş apardığı zaman gördüyü  səhnədən necə təsirləndiyi və hönkürtü ilə baş verənlərə qarşı olan üsyanı elə Xocalı haqqında çəkilən ilk gerçək film idi.

Fotomüxbir İlqar Cəfərovun soyqırımdan lentə aldığı fotolar unikallığı ilə seçilir. Çünki onun çəkdiyi fotolarda baş verən hadisələr dövrün faciəsini özündə geniş şəkildə əks etdirir. Fotoların əksəriyyətində uşaqlara və qadınlara qarşı qəddarlıqlar əks olunub.

Faciə haqqında ilk tammetrajlı bədii film çox ağır bir vaxtda – 1993-cü ildə ekranlarda nümayiş olundu. Rejissor Oruc Qurbanovun quruluş verdiyi “Haray” filmi “Mozalan” studiyasında istehsal olundu.

Film Qurani-Kərimin “Fatihə” surəsinin oxunuşu ilə başlayır və sonra ekranda Xocalı faciəsində ermənilərin vəhşicəsinə qətlə yetirdikləri şəhidlərimizi görürük. Filmin süjet xətti qardaşla bacının düşmən əhatəsindən çıxmaq üçün ağlagəlməz əzab-əziyyətlərə qatlaşmaları üzərində qurulub. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri dəhşətli işgəncələrin şahidi olan bu iki yeniyetmə sonda çıxış yolunu özlərini dağdan atmaqda görürlər.

Müharibələrin başlanması, soyqırımların törədildiyi məqamlarda, bəlkə elə hadisənin baş verdiyi illərdə ona obyektiv qiymət vermək o qədər də asan məsələ deyil. Necə ki, müharibənin nə zaman bitəcəyi və hansı itkilərlə bitəcəyi məlum olmadığı kimi, soyqrımlarda da hadisənin yanğısı, insanın qanını donduran mənzərəsini bir qədər düşünmək lazım gəlir. O mənada ki, necə baş verdi, nələr səbəb oldu, kimdir günahkar kimi suallar çoxluq təşkl edir və cavabı az zamanda tapmaq mümkün olmur. Məhz bu kimi səbəbdən belə hadisələrə ötəri baxışlar, əldə olunan kadrlara arxalanaraq, fotogörüntülərin təsirilə  nəzər yetirməklə kifayətlənmək olur. Yəqin ki, bu baxımdan hadisələrə həsr etdiyi nümunələrə görə, nə rəssamı, bəstakarı, nə də yazıçını, rejissoru qınamaq olmaz.

Xocalı faciəsi ekranlarımıza 1993-cü ildə “Fəryad” filmi ilə də gəldi. “Ögey ana”-nın balaca qəhrəmanı İsmayıl artıq böyüyüb, ailə sahibi olub və batalyon komandiri kimi torpaqlarımızın azad olunması uğrunda döyüşür. O, döyüşlərin birində düşmənlər tərəfindən əsir götürülərək işgəncələrə məruz qalır ki, Ceyhun Mirzəyevin həmin epizodlarda necə təbii ifa nümyiş etdirməsi unudulmayan kadrlardan biridir. Əslində filmdə nümayiş etdirilən hadisələr real faktlara əsaslanır. Və əsas qəhrəman olan İsmayılın prototipi Qarabağ müharibəsində iştirak edən döyüşçülərimizdən biridir. Bəlkə də elə İsmayıl ümumiləşdirilmiş portret obrazlardan biridir.

Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılıları elə Xocalı sakinləri özləri canlandırıblar. Onlar həmin ərəfədə Xocalıdan Goranboya üz tutanlar idi.

Xatırladaq ki, “Fəryad”, filmin rejissoru, baş rolun ifaçısı Ceyhun Mirzəyevin kinoda son işi idi. Baş verən soyqırımın təsirində filmi çəkən, ekran əsərinin inandırıcı çıxması üçün özünü işgəncə kadrlarında döydürən rejissorun bütün dünyaya fəryadı idi.

2012-ci ildə çəkilən tammetrajlı bədii-sənədli televizya filmi – “Günəşin batdığı yer” də Xocalıdan bəhs edir. Rejissor Elşən Zeynallının quruluşunda çəkilən film əsasən

Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıbdı. Filmin  kütləvi səhnələrində 1500 nəfərdən çox insan iştirak edib. Filmin süjet xətti baş verən hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın yaşadığı acının üzərində qurulub. Ekran əsərində Xocalını tərk etmək məcburiyyətində qalan, bütün qırğınları öz gözləri ilə görən şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin beynəlxalq konvensiyalara görə, soyqırım olmasını təsdiq edən faktlar, canlı xronikalar diqqətdə dayanır. Xocalı soyqırımının faktlarla özündə əks etdirən film ingilis, rus, fars və erməni dillərinə tərcümə edilərək nümayiş olunub.

Xocalıya həsr olunmuş “Sonsuz dəhliz” (2014-“Endless Corridor”) filmində isə hadisələrin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra Azərbaycana gələrək hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi təşkil edir.

Litvalı rejissor Aleksandras Brokasın çəkdiyi Xocalı qırğınından söz açan bu sənədli film Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Sənədli filmdə Xocalıya dair məlum olan yeni faktlara, sənədlərə və vaxtilə çəkilmiş videogörüntülərə, fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

2014-cü ildə “Düşmən laylası” adlı qısametrajlı film də çəkildi, Xocalı faciəsinin yaşanmış ağrılarını bir daha yada saldı. Altay Yaşarın ssenarisi əsasında çəkilən filmə rejissor Elxan Cəfərov quruluş verdi. Filmdə Xocalı faciəsinə 5 yaşlı qızın gözü ilə baxılıb. Balaca qəhrəmanın sualları və ona veriləcək cavab, filmin əsas süjet xəttini təşkil edir.

Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən qəhrəmanımız film boyu suallara cavab axtarır. Əslində filmin yaradıcıları belə bir yanaşma tərzilə birbaşa tamaşaçıların qəlbinə təsir edir və onları düşündürür və həmin düşüncə suala çevrilir: “Niyə dünya ictimaiyyəti Xocalı soyqırımına lazımi qiymət verməyib və ya vermək istəmir”!

Xocalı faciəsi bir çox sənədli filmlərdə də öz əksini tapdı. “Dua”, “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri”, “İlk komandir”, “Xocalının zamini”, “Pəhləvan komandir” və s. filmlərdə rejissorların fərqli yozumuna rast gəlmək mümkündür.

Ümumiyyətlə bu illər ərzində Xocalı faciəsinə dəfələrlə müraciət olunsa da, sanki yaşanmışları unutdurmamaq üçün, bəlkə də ürək sızıltılarımızı sakitləşdirmək üçün daha güclü nümunələrə ehtiyac hiss edirik.

Xocalı, əsrin faciəsi idi, Xocalı, bizlərin özümüzə qayıdışı, kimliyimizə, millətimizə sahib çıxmağımıza, düşmənimizi yaxından tanımağımıza bir çağırış idi…

Elə buna görə də Xocalı soyqırımını heç unutmadıq!

X.QİYAS