Biznes kinonu dəstəkləyəcəkmi?

Dekabrın 16-da  YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Kinematoqrafçılar İttifaqının(AKİ) təşkilatçılığı ilə “Kino və biznes: körpülər” mövsuzunda müzakirə təşkil olunub.

Müzakirədə Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv media şöbəsinin müdiri Rüfət Həsənov, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə, rejissor- prodüser Elvin Aşırov, “Jeykhun İmanov Studio (Jis)” reklam şirkətinin rəhbəri Ceyhun İmanov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov iştirak edib.

Tədbirin moderatoru kinoşünas Sevda Sultanova qonaqlar qarşısında ilk olaraq “Əgər kinonu bir məhsul kimi təsəvvür etsək, bu məhsulu brendə çevirmək  üçün nədən başlamaq lazımdır və bunun inkişaf etdirilməsi prosesi necə olmalıdır, həmçinin, kinonu sahibkarlar üçün cəlbedici etmək üçün nələr etməliyik?” suallarını qoyub.

Marketinq üzrə mütəxəsis Ceyhun İmanov çıxışında bildirib ki, bu sualların cavabı ciddi tədqiqat tələb edir: “Bunun üçün insanları bir yerə toplayıb, sualları düzgün təhlil etməliyik. Çünki çox vaxt sual cavabdan daha vacibdir. Gəlin, sual qoyaq. Bizim elə də böyük marketi olmayan bazarda kinodan qazanc əldə oluna bilər? Mənim beynimdə iki ssenari var: Birincisi, subsidiya məsələsidir. Kino dövlət tərəfindən subsidiya olunmuş sənətdir, ikinci tərəfdən isə bu, həm də bir kommersiya materialıdır. Məncə, biz yerli bazara baxıb, onu tədqiq etməliyik. Həmçinin, qlobal bazara baxmalıyıq ki, bizim mədəniyyətimiz, bizim profilimiz misal üçün Netflix və ya başqa bir platformaya necə düşə bilər? Biz qlobal bazara necə inteqrasiya ola biləcəyimizə baxmalıyıq. Bizim yerli kommersiya bazarımız demək olar ki, yoxdur. Ona görə də ən azından, heç olmasa, Türkiyə bazarına inteqrasiya olmalıyıq. Çünki bizim orada azı 3 milyon insanımız yaşayır, dilimiz də oxşardır. Məncə, bizim filmimiz orada satılar ”

Hazırda Azərbaycanda çəkilən kommersiya filmlərinin özünə müəyyən müştəri tapdığını deyən Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev bu janrdakı filmlərin bir neçə il əvvəl ilə müqayisədə müəyyən inkişaf yolu keçdiyini də qeyd edib: “Əgər biz sosial şəbəkələrdə blogerlər tərəfindən çəkilən filmlərə baxsaq, görərik ki, onların müəyyən kommersiya investisiyaları var. Bu insanlar müəyyən şirkətlər tapıblar və o şirkətlərin brendlərini öz əhvalatları üzərindən reklam edirlər. Doğrudur, bu prosesin nə qədər uğurlu, nə qədər sürətli olacağını zaman göstərəcək. Bir neçə il əvvəl Azərbaycanda daha çox bəsit komediyalar çəkilirdisə, hazırda Covid-19-dan, Vətən müharibəsindən sonra artıq o bəsit komediyalar tamaşaçılarda maraq doğurmur. İndi daha çox blogerlər tərəfindən sosial dramlar çəkilir və bu, insanlar tərəfindən normal qarşılanır. Biz deyə bilmərik ki, proses getmir, gedir, sadəcə çox zəif gedir”.

Orman Əliyev çıxışında həmçinin, Azərbaycan kinosunun təkamülə ehtiyacı olduğuna diqqət çəkib: “Mən hesab edirəm ki, bu gün kinoda baş verənlər təkamüldür və biz bundan keçməliyik. Təkamül heç vaxt iti bucaqlarla baş vermir. Təkamül həmişə dalğavari baş verir. Biz də bu dalğavari prosesə gedirik. Təkamül olmalıdır, tamaşaçı da dəyişməlidir. Məsələn, buradakı  auditoriyanın az olmasının səbəbi Azərbaycanda ciddi kinoya tələbin o qədər də çox olmamasdır. Əgər bu gün Azərbaycanda ciddi kinoya ehtiyac yaransa, biz bu barədə danışa bilərik. Amma hazırda dediyim təkamülün zəif getməsinin səbəbi çoxlu alternativlərin olmasıdır. Çünki türk kinosu, Avropa, Amerika kinosu var. Bu gün Azərbaycan tamaşaçısına ciddi Azərbaycan kinosu lazımdırmı? Əgər biz biznesdən danışırıqsa, deməli, kino alınmalıdır. Əgər kinonu alan olmayacaqsa, onda o kimə lazımdır?  Kinonu satmaq üçün isə bizim müəyyən bir auditoriyamız olmalıdır. Ceyhun bəyin dediyi tədqiqat tamaşaçı üzərində qurulub. Gəlin, biz auditoriyanı tədqiq edək və görək İnstagram, Tik-Tok olan yerdə, Avropa, Amerika, türk kinosu olan yerdə ciddi Azərbaycan kinosuna ehtiyac olacaqmı?”

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin nümayəndəsi Zaur Darabzadə çıxışında bildirib ki, təmsil etdiyi qurum bütün rejissorlarla işləməyə hazırdır: “Biz “CinemaPlus” olaraq bütün rejissorlarla işləyirik və işləməyə hazırıq. Bir çox rejissorlara ilkin olaraq, müəyyən depozit avansı veririk ki, onlar filmlərini çəksinlər. Film yayıma çıxandan iki həftə sonra isə o pulu  götürək. Vətən müharibəsindən sonra bizə hər həftə çoxlu, müxtəlif ssenarilər gəlir. Biz onların bir çoxunu artıq rejissorlara ötürmüşük. Biz inanırıq ki, hər il Azərbaycanda minimum 6 dənə box-office-i çox olan film olacaq”.

Nümayiş etdirdikləri filmlərin box-office-ləri ilə bağlı məsələyə də toxunan Zaur Darabzadə bildirib ki, onlar bu rəqəmləri yalnız rəsmi qurumlara verirlər: “Çünki bizim rejissorlarla məxfilik müqavilələrimiz var. Ona görə də biz hansı filmin box-office-nin nə qədər olduğunu rəsmi qurumlardan başqa heç yerdə açıqlaya bilmərik. Media nümayəndələri, sosial şəbəkə iştirakçıları bizə bu haqda tez-tez sual verirlər, bunun səbəbi məxfilik müqaviləsidir. Amma onu deyə bilərəm ki, pandemiyadan sonra Azərbaycanda ən çox satılan film “Zəhər tuluğu” oldu”.

Çıxışının bu yerində AKİ katibi Əli İsa Cabarrov kinoteatr təmsilçisinə “Maliyyə konfidensiallığını qorumaq şərti ilə gəlin, ad çəkmədən deyək. Pandemiyadan uzaqlaşdığımız 2023-cü ildə yaxşı promo olunan “Zəhər tuluğu” formatında və ya sosial problemləri qoyan bir komediya filmini satmaq imkanı nə qədərdir?” sualını verib.

Zaur Darabzadə sualı belə cavablandırıb: “Sizin super aktyor heyətiniz və super promonuz ola bilər, amma əgər məhsul o məhsul deyilsə, tamaşaçınız olmayacaq. Bizim təcrübəmizdə olub ki, hansısa bir iş adamı gəlib, çox yaxşı pul xərcləyib, super aktyor heyəti yığıb, film çəkib, super proma edib. Amma film o film olmadığı üçün tamaşaçısı olmayıb. Düşünürəm ki, film, ssenari yaxşı olarsa- bunları siz yaradıcı adamlar olaraq daha yaxşı bilirsiniz, biz bir növ məsələyə biznes nöqteyindən yanaşırıq- bu filmi hardasa minimum 80 min tamaşaçı izləyə bilər. Bu isə pis rəqəm deyil, 80 min manat hardasa 600 min manat civarında box-office deməkdir. Bu 600 min manatdan isə əlavə dəyər vergisi (ƏDV) çıxılır, 53 faiz “Cinema Plus”a qalır, yerdə qalan 47 faiz tam olaraq filmin istehsalçısına çatır”.

Kinoteatr nümayəndəsi çıxışında həmçinin bildirib ki, o, dekabrın 13-də Mədəniyyət naziri Anar Kərimovun kino cameəsi ilə baş tutan görüşündə kinonun ƏDV-dən azad olunması məsələsinə diqqət çəkib: “Biz nazirliyin məsul departamentinə də müraciət etmişik, bir neçə gün əvvəl cənab nazirlə müakirədə də bunu qeyd etdik. Sağ olsun, Rüfət də bu məsələdə dəstək olur. Biz istəyirik ki, Azərbaycanda kino həm çəkiləndə, həm də satılanda ƏDV-dən azad olsun. Bu, həmişəlik olmaya da bilər. Sadəcə olaraq, müəyyən bir proqram çərçivəsində, 5-10 il davam edə bilər. Bir məsələni də qeyd edim. Mən bu məsələni nazirlə sonuncu görüşdə də qaldırdım. Bunu hər zaman həm Rüfət bəyə, həm cənab nazirə, həm də media nümayəndələrinə söyləmişəm ki, tamaşaçının çoxalması üçün kinoteatrların sayı da çoxalmalıdır”.

Azərbaycanda ciddi filmlərə maliyyə ayıran yeganə qurumun Mədəniyyət Nazirliyi olduğunu deyən moderator Sevda Sultanova  qurumun Audiovizual və İnteraktiv media şöbəsinin müdiri Rüfət Həsənovdan qeyd olunan istiqaməti dəyişmək üçün hansı prioritetlərinin olduğunu soruşub. O, həmçinin nazirlik təmsilçisinə “Sizcə, ötən il nazirlik tərəfindən çəkilən 3 filmin tamaşaçı gətirmək potensialı varmı?” sualını verib.

Nazirliyin kino sahəsindən məsul olan təmsilçisi Rüfət Həsənov bunu proqnozlaşdırmağın çətin olduğunu bildirsə də, yaxşı nəticə gözlədiyi filmlər olduğunu da deyib: “Mənə elə gəlir ki, xüsusən pandemiyadan sonra, həm Vaqif Mustafayevin filmi, həm də  Asif Rüstəmovun filmi yaxşı nəticə göstərə bilər, çünki o potensialı var. Amma bu filmlərin öz büdcəsindən artıq vəsait qazana biləcəyinə inanmıram. Bunun isə bayaqdan müzakirə etdiyimiz tələbat, insanların kinoya getməsi, bazarın məhdudluğu və kinoteatrların sayı kimi bir neçə səbəbi var.  Yəni, əgər biz kinoya biznes kimi yanaşırıqsa, 21-ci əsrdə məncə, iki yol var: Birincisi, kinoteatrlar çox olmalıdır, 80 min yox, 200-250 min insan kinoya getməlidir və bu, bir kult olmalıdır. Bu mənada mən Zaur bəylə tamamilə razıyam ki, kinoteatrların sayı nə qədər çox olsa, satış da o qədər çox olacaq və bazar böyüyəcək.  İkinci bir yol isə odur ki, ya da ki, biz “La Caca De Papel” və ya “Squid Game” kimi – Amerika və ya İngiltərə yox, Koreya və İspaniyada çəkilən və bu məzmunda film çəkə bilsək və bunu Netflix, Amazon və ya Disneyə sata bilsək, ola bilsin ki, o zaman biz VOD platformalardan hər hansı bir ciddi gəlir əldə edə bilək”.

Rüfət Həsənov onu da qeyd edib ki, ümumiyyətlə kino deyəndə, əsas 3 istiqamət olduğunu anlamaq lazımdır: “Hətta cənab nazirlə olan diskusiyada da çox maraqlı bir hal yaşandı. Kinematoqrafçılar, kino xadimləri, prodüserlərdən ibarət 100 nəfərlik zalda bir qisim deyirdi ki, kommersiya filmləri çəkilməlidir, çünki kino biznesdir, bu da bir sənayeyə çevrilməlidir, pul qazanmalıyıq. Digər qisim deyirdi ki, siz nə danışırsınız? Kino ali incəsənət növüdür. Kinematoqrafiyaya incəsənət nümunəsi kimi yanaşmaq lazımdır. Bunun Bergmanı, Fellinisi, Antonionisi və s. var. Digər tərəf isə deyirdi ki, kino ideoloji bir vasitədir və biz kinodan bu istiqamətdə istifadə edib, dəyərlərimizi, tariximizi, irsimizi qorumalıyıq. Əslində, mənə elə gəlir ki,  buradakı hər 3 mövqe düzgündür. Sadəcə olaraq, həmin bu 3 istiqamət paralel inkişaf etməlidir. Bu mənada, mən Ormanla razıyam, bəli, bu, təkamüldür, prosesdir və istənilən proses zaman tələb edir”.

Azərbaycanda Mədəniyyət Nazirliyinin 45 min nəfər işçisi olduğuna və kinematoqrafiya kimi mühim bir sahənin idarəsinin cəmi 8 nəfər işçinin üzərində qaldığına diqqət çəkən şöbə müdiri “kino haqqında” qanunun yenidən işlənməsinin vacibliyini də vurğulayıb: “1998-ci ildən bəri “kino haqında” qanun təkmilləşdirilməyib. Bu mənada, boşluqların olmasını və prosesin  doğrudan da, həddindən artıq uzun çəkməsini heç kəs inkar etmir. Məhz buna görə də cənab Prezidentin iki fərmanı – Azərbaycan Respublikasının Kino Agentliyinin təsis olunması və Azərbaycan Respublikasının Kino Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi – həddindən artıq böyük, tarixi addımlardır. Demək olar ki, keçmiş postsovet ölkələri arasında kinoya aid xüsusiləşdirilmiş bir institutu olmayan ölkələr Azərbaycan və Belarusiya idi”.

Rüfət Həsənov çıxışında keyfiyyətli kino çəkmək üçün dövlətin kinoya ayırdığı vəsaiti artırmalı olmasına da diqqət çəkib: “Əgər səhv etmirəmsə, Özbəkistanın kinoya ayırdığı illik büdcəsi 10 milyon dollara yaxındır. Özbəkistanın Prezidenti bir neçə il bundan öncə, kinonun inkişafına Daşkənd Beynəlxalq Film Festivalının bərpasına, Özbəkfilm kinostudiyasının bərpasına, yeni avadanlığın alınmasına 30 milyon dollar vəsait ayırmışdı. 2021 ci ildə yeni avadanlığın alınmasına 150 və ya 190 min dollara yaxın vəsait ayrılıb”.

AKİ katibi Əli İsa Cabbarov çıxışında ilk olaraq Rüfət Həsənova təşəkkür edib: Bir az gec də olsa, mən Rüfət bəyə, Mədəniyyət Nazirliyinin kino şöbəsinin rəhbəri olaraq müzakirəyə qatıldığı üçün təşəkkür edirəm. Çünki burada çox vacib bir format odur ki, dövlət tərəfindən maliyyələşən idarənin nümayəndəsi, kinonu yayım edən qurumun nümayəndəsi iştirak edir. Və biz təşkilatçı olaraq, Ceyhun bəyi həm də ona görə dəvət etmişik ki, reklam biznesi kinomuza nisbətən daha da inkişaf edib, qonorarları yüksəkdir və burada həm kino, həm də biznes  elementi var, bu, bizim üçün də maraqlı bir təcrübə ola bilər. Reklam audiovizual elementi olan uğurlu bir modeldir, bəlkə də reklamdan kinoya fikirlərin, kadrların, prodüserlərin transferi olsa, bu, kinonun inkişafına dəstək olar”.

Kino sahəsində satış istedadının önəmini vurğulayan rejissor Azərbaycanda prodüser institutunun inkişaf etmədiyini də bildirib: “Fordun bir sözü var: Müştəri nə bilir ki, o nə istəyir? Ona nə istədiyini mən diktə edirəm. Stiv Cobs da bu konspetdən öz məhsullarını yaradırdı. Və ya kinoda Maykl Duqlasın prodüseri olduğu  “Ququ quşu yuvası üzərindən uçarkən” filmini maliyyələşdirmək qərarəna gələndə ona “Dəlixana mövzusunda o qədər çəkiblər ki, pulu batıracaqsan”,  və ya “Çexiyadan gəlmiş bu əyalət rejissoru Miloş Formana niyə etibar edirsən?” və s. fikirlər deyərək, gülürdülər. Bizdə kino prodüser institutu inkişaf etməyib, parlaq, xarizmatik liderlər yoxdur. Bu işdə loru dildə desəm, pul qamarlamaq istedadı çox vacibdir. Üzr istəyirəm, zibili də investora satmaq bacarığı olan şəxslər reklamda olsa da, kinoda yoxdur”.

Kinematoqrafçılar İttifaqının təmsilçisi onu da qeyd edib ki, indi istehsalçı kimi onların qarşısında dayanan məqsəd hələlik çox aşağıdır: “Mənə elə gəlir ki, biz istehsalçıların qarşısında Qalenvagen yox, Prius düzəltmək dayanır. Biz Prius düzəltməliyik, sonra onu satıb, qazanıb, Qalenvagen düzəltməliyik. Az büdcəli, effektli, hit”.

Rejissor Elvin Aşırov isə çıxışında həmkarı Əli İsa Cabbarovun satış məsələsi ilə bağlı dedikləri ilə razılaşmadığını qeyd edib: “Çünki bizim çox yaxşı satıcılarımız var. Dəfələrlə şirkət prezidentinin yanına gedəndə görmüşük ki, bizim fiasko kimi gördüyümz o “zibili” investora satıblar. “Zibil” olanda isə, kinoteatrlar da onu göstərmir, tamaşaçı da ona baxmır. Belə olan halda nə baş verir? Kinoya zərbə dəyir, istehlakçı da gəlib, 7-8 manat ödəyib, onu alır, çıxanda isə həmin o brendi də söyür, rejissoru da söyür, lazım gələndə, kinoteatrı da söyür. Ona görə də biz istehlaçkını kinoteatrda keyfiyyətli Azərbaycan məhsulunun olduğuna inandırana kimi işləməliyik”.

Çıxışlardan sonra qonaqlar auditoriyanın suallarını cavablandırıblar.

aki.az