SƏDR

null

Rüstəm İbrahimbəyov

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin Sədri

Dramaturq, rejissor, əməkdar İncəsənət xadimi (1976), Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi (1995), Azərbaycan SSR (1980)  və  SSRİ Dövlət mükafatı (1981) laureatı, dörd dəfə Rusiya Federasiyası Dövlət mükafatı  laureatı, Azərbaycanın Xalq yazıçısı (1998), “Vətənə Xidmtlərinə görə” III dərəcəli ordenin sahibi (1999), Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqı Konfederasiyasının sədri, Yəhudi kino festivalının Moskva təmsilçisi, “Feliks” Avropa kino Akademiyasının və Amerika Kino sənəti Akademiyasının, “Nika” Rusiya Kino Elmləri Akademiyasının üzvü.

1981-ci ilin mayında Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin birinci katibi seçildi. 2003-cü ilin yanvarında isə yaradıcı təşkilatın sədri oldu.

TANITIM:

Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov 1939-cu il, fevralın 5-də Bakıda anadan olub. 1963-cü ildə Azərbaycanın Neft və Kimya institutunu, daha sonra Moskvada SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasını bitirib. Avtomobil idarəetməsi  nəzəri sistemi üzrə bir neçə elmi işin müəllifidir.

1967-ci ildə Ali Ssenari kurslarını, 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) Ali rejissorluq kurslarını bitirib.

Rüstəm İbrahimbəyov ədəbiyyata 1962-ci ildə, “Azərbaycan gəncləri” qəzetində çap olunmuş “Mürəbbəsiz çörək” hekayəsi ilə  gəlib.

R.İbrahimbəyov dünyanın müxtəlif ölkələrinin  100-dən artıq teatrında tamaşaya qoyulmuş  15-dən artıq pyes yazıb. “Bağlı qapı arxasında qadın”, “Kaliforniyada dəfn”, “Qum üzərində ev”, “Şirəbənzər” Praqada, Berlində, Sofiyada, Budapeştdə, Nyu-Yorkda (Cirrcle Repertory Theatre, 1987), Bakıda və Moskvada böyük uğurla oynanılıb.

O, 10 kitabın və 500 mindən artıq tirajla çap olunan “Ultimatum” (1983), “Təbəssümlə oyanan” (1985), “Bağ evi” (1988), “Seçilmiş pyeslər” (1989), “Günəş toxuması” (1996) və b. toplularin müəllifidir.

Görkəmli ssenarist Rüstəm İbrahimbəyov “Səhranın bəyaz günəşi” filminin SSRİ ekranlarına çıxmasından sonra şöhrət qazanıb. Xatırladaq ki, filmin ssenarisi Rüstəm İbrahimbəyov tərəfindən, Valentin Yejovun həmmüəllifliyi ilə yazılmışdı.

1970-ci illərin əvvəllərində  Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Müharibənin axırında sakit gün” ilk filmini çəkən Nikita Mixalkovla əməkdaşlığa başladı. Yaradıcı əməkdaşlıq beynəlxalq mükafatlar qazanmış xeyli sayda  kinofilmlərlə nəticələndi: “Urqa.Sevgi ərazisi” (Venesiya festivalının “Qızıl şir”, Rusiya Federasiyasının Dövlət mükafatı); “Günəşdən usanmışlar” (“Ən yaxşı xarici filmə görə” Oskar mükafatı, Kann festivalının Jürinin xüsusi mükafatı, RF-nın Dövlət mükafatı); “Sibir bərbəri” (RF-nın Dövlət mükafatı).

Rüstəm İbrahimbəyov 40-dan artıq bədii və televiziya filmlərinə ssenari yazıb. Bədii əsərlərinin demək olar ki, hamısı ekranlaşdırılıb.

Müxtəlif kinofestivallarda yer tutmuş Bakıda ilk uşaq kino məktəbinin banisi Rüstəm İbrahimbəyovdur.

1989-cu ildə Rüstəm İbrahimbəyov bədii və sənədli filmlərin çəkilişi ilı məşğul olan  “İbRus” (Moskva) kino şirkətinin əsasını qoydu. 2000-ci ildə iki şəhərin Moskva-Bakının eyniadlı teatrı açıldı.