DokuBaku-nun ibrətləri

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından biri olduğu DokuBaku Beynəlxalq Sənədli Film Festivalı(BSFF) başa çatıb.

Əsas mövzusu “Hisslər ±” olan festivalın proqramı 200-dən çox təqdimat arasından seçilmiş 50 filmdən ibarət idi və finalçılar 30 ölkəni təmsil edirdi.

Məşhur sənədli kino ustası Vitali Manskinin rəhbərlik etdiyi münsiflər heyəti noyabrın 7-si qalibləri elan edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən Əli İsa Cabarov bildirib ki, DokuBaku ilə əməkdaşlıqdan məmnundurlar və hər il bu əməkdaşlığa hazırdılar: “Növbəti festivalda daha sıx və daha çox dəstək göstərmək əzmindəyik. Festivalın Azərbaycan sənədli kinosu üçün bir çox ibrətləri var. Bir ibrət budur ki, bədii filmdə olduğu kimi sənədli kinomuzda da beynəlxalq əməkdaşlıq çox vacibdir. Həm ssenari, həm də prodüsserlik sahəsində. Xüsusilə sənədli kino dramaturgiyasında əməkdaşlığa ehtiyac var. Bizdə sənədli film ənənəsi demək olar ki, yoxdu. Bu da dramaturji axsamadan irəli gəlir. Başqa tərəfdən sənədli kino büdcələri artmalıdı, rejissorlara qəhrəmanı aylarla, lazım gəlsə, illərlə müşahidə etmək imkanı verilməlidir”.

Hər kateqoriya üzrə qalib olan filmləri təqdim edirik:

  • “Fantastik” , rej. Maija Blafield (Finlandiya) – Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film. Real və xəyali arasındakı sərhədləri dərin bədii əks etdirdiyinə görə.
  • “Sonuncu” , rej. Fariz Əhmədov (Azərbaycan)– ən yaxşı yerli qısametrajlı sənədli film – Xəzər dənizindəki Kürdili adasının son sakinlərindən biri olan Vitalinin həyatının son fəslini əks etdirən poetik həyat parçalarına görə.
  • “Qonşuluqdan”, rej. Diogo Varela Silva (Portuqaliya) – No Main Competition paralel müsabiqəsində ən yaxşı sənədli film – Köhnə şəhərin itirilmiş şöhrəti, sakinləri tərəfindən qaldırılan xatirələr və uşaqlıqlarından danışan rəvayətçilərin gətirdiyi mistik atmosfer haqqında dialoqlarına görə.

Münsiflər tərəfindən xüsusi qeyd olunan filmlər:

  • (Yerli müsabiqədə) “Qəssab qızı” , rej. Leylaxanım Qənbərli (Azərbaycan) – Atasının gündəlik fəaliyyətini təsvir etmək üçün incə antropoloji yanaşmaya görə.
  • (Beynəlxalq qısametraj müsabiqə) “Unutmanın ritmi” , rej.Ginou Çoueiri (Livan) tərəfindən – bizi rejissorun xatirələri, təcrübələri və qorxularından ibarət maraqlı şəxsi səyahətə çıxardığına görə.
  • (No main competition) “Mənim karantin ayısı” rej. Ueijia Ma (Fransa) tərəfindən – yaradıcı insan üçün karantin həyatının çətinliklərini nümayiş etdirmək, yüngül atmosferi və azadlığı məhdud insanların emosional tərəflərini əks etdirən epizodlara görə.
  • (Beynəlxalq tammetraj müsabiqə) “Bağın əhilləşdirilməsi”, rej. Salome Caşi (Gürcüstan)
  • “Yanında olacağam”, rej. Virginija Vareikyte və Maximilien Dejoie (Litva)
  • “80.000 şnitzel”, rej. Hannah Şveyer (Almaniya)

Hər nominasiya üzrə qaliblər diplomlar və əl işi olan iHuman heykəlciyi ilə mükafatlandırılıblar. Həmçinin, Mirsadiq Ağazadə, Murad İbrahimbəyov, Xamis Muradov, Nizami Abbas və Əli İsa Cabbarov xatirə mükafatlarına layiq görülüblər. Xüsusi nailiyyətlərinə görə Azərbaycan və dünya kinematoqrafiyasının görkəmli nümayəndələri Rüstəm İbrahimbəyov, Vitali Manski, Vaqif Mustafayev və Çingiz Rəsulzadəyə (ölümündən sonra) “iCyborg”un xüsusi mükafatları təqdim edilib.

SON SÖZ ƏVƏZİ: 2017-ci ildə yaradılmış DokuBaku Beynəlxalq Sənədli Film Festivalının məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etmək və yeni müəllifləri aşkarlayaraq yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.

Festivalın tərəfdaşları Azərbaycan Kinematorafçılar İttifaqı, Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi, Colibri Arts, Institut Français d”Azerbaïdjan və YARAT Müasir İncəsənət məkanıdır.

aki.az