Noyabrın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə prodüserlər Lino Karl Lui Rettingerin (Almaniya) və Jül Qranjenin (Fransa) iştirakilə ustad dərsi baş tutdu. Dərsdə iştirak edən “Kinomexanikin qayıdışı” tammetrajlı bədii filminin quruluşçu rejissoru Orxan Ağazadə və quruluşçu operatoru Daniel Quliyev ekran işinin ərsəyə gəlməsinin özünəməxsusluqlarından danışdılar. Gedişatda tədbirə onlayn formatda fransız prodüser Jeron Baron və alman prodüser Piter Stokhauz da qoşuldular.
Beləliklə, avropalı kino mütəxəssislərinin müzakirə, tövsiyə və təhlildən ibarət olan ustad dərsində nələrdən danışıldığına diqqət yetirək.
Quruluşçu rejissor Orxan Ağazadə bildirdi ki, bu ekran işini əvvəlcə “Oturacaqlar” adı ilə sənədli film kimi nəzərdə tutubmuş və bu barədə Lino Karl Lui Rettingerə danışanda, prodüser ona gələcək filmin tritmentini yazmağı tövsiyə edib. O.Ağazadə sənədli filmə tritmentin gərəksiz olduğunu düşünsə də, bir müddətdən sonra bu tövsiyəyə görə Linoya minnətdar olduğunu etiraf etdi. Lino Karl Lui Rettinger qeyd etdi ki, filmin reallaşması birbaşa prodüser fəaliyyətindən asılıdır. “Mən başa düşürəm ki, Azərbaycanda prodüser tapmaq sizin üçün çətindir. Bu axtarışı internet vasitəsilə çox uğurla icra edə bilərsiniz”.
“Kinomexanikin qayıdışı” bədii film olsa da, sənədli elementlərlə də zəngindir. Jül Qranje fikirlərinə görə, sənədli filmdə nəticənin necə olacağını təxmin etmək çətindir. “Fransa ilə Almaniyanın bu sahədəki iş prinsipləri fərqlidir. Orxanla Danielin çəkilişlərə hazırlıq mərhələsində kəndə gedib test çəkilişləri etməkləri çox təqdirəlayiqdir. Xüsusən nəzərə alsaq ki, onlar bunu öz hesablarına ediblər”.
Orxan Ağazadə bu məqamı incələyərək tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, həmin test çəkilişlərini edəndə elə bir film çəkməyi vacib saydıq ki, sonra həmin kadrlardan filmdə istifadə edə bilək. “Əcnəbi tamaşaçılara Azərbaycanın müstəqillikdən əvvəlki dövrünün xüsusiyyətlərini çatdırmaq üçün vacib olduğu üçün müvafiq mətnlərin hazırlanması vacib idi”.
Lui Qranje, filmi böyük ekrana aparan yolun növbəti “cığırının” maliyyələşdirmə olduğunu diqqətə çatdırdı və vurğuladı ki, bu mərhələdə kino yaradıcısı əminlik içində olur ki, onun gözləntiləri cavabsız qalmayacaq. Lino Rettinger bu prosesdə bütün tərəflərin öz maraqlarını güdmək hüququna malik olduğunu, lakin gözləmə mövqeyində donub qalmağın düzgün olmadığını dedi.
Dərsə fransız prodüser Jeron Baron və alman prodüser Piter Stokhauz da onlayn qoşuldular.
Jeron Baron: “Seçim mərhələsi çox çətin mərhələdir. Çünki filmin müəyyən tələblərə cavab verib-verməsi var. Seçim prosesində baxdığımız filmlər bizdə müəyyən anlayış formalaşdırır. Bizim, film istehsalçılarına müəyyən edilmiş tövsiyələrimiz yoxdur. Çünki kino istehsalı ilə məşğul olanların sayı və üsulu hədsiz çoxalıb və muxtəlifləşib. 2008-ci ildə biz yekdil fikrə gəldik ki, sənədli və bədii filmləri birlikdə qəbul edək. Filmlər sənədli olsalar da təhkiyəli olmağa iddialı idilər. Ola bilər ki, qətiyyən tanınmayan bir kinematoqrafçının işi Kann, Lokarno, Berlin festivallarına gedib çıxır və bu, tendensiya halını alır. Filmi bir orqanizm kimi qəbul etsək o, bir çox amillərin təsirinə məruz qalan varlıq kimidir. Tövsiyə olaraq deyim ki, film çəkərkən əsas öz məmləkətinizi, öz mədəniyyətinizi düşünün. Hər hansı imitasiya dünya üçün maraqlı deyil. Və filmin səs atmosferinə xüsusi diqqət yetirin.
Gənc kinorejissor Səməd Ağayevin Azərbaycan cəmiyyətində Fransa ilə Azərbaycan arasındakı siyasi fikir ayrılıqlarının kinofilmlərin seçiminə də təsir etməsinə aid fikrə fransalı prodüserin cavabı belə oldu: “Şəxsən mənim üçün belə bir halın baş verməsi sonun çatması deməkdir”.
Orxan Ağazadənin filmlərini Almaniyada kinoteatrlara çıxaran Piter Stokhauz toplantı iştirakçılarına xitabən qeyd etdi ki, “Kinomexanikin qayıdışı” filmini görəndə qətiyyən fikirləşmədim ki, bu film hansı ölkəni təmsil edir. Filmdə təbiəti, insanları, sinemanı gördüm və bu mənim üçün birinci yerdə idi. Almaniya tamaşaçısı filmə subtitrlə baxmağı sevmir. Ona görə dublyaj mütləqdir. Mən film seçərkən üç məqama fikir verirəm: Film yaxşı və ya pis filmdirmi? Şəxsən mənim xoşuma gəlirmi və filmin gələcəyinə inanırammı? “Kinomexanikin qayidışı” filminin seçilməsində əsas amil istehsalçı şirkət idi. Ola da bilər ki, bu seçimdə mənimlə, mənim ölkəmlə həmin film arasında bağların, əlaqələrin olması həlledici rol oynadı.
Səməd Ağayevin Piter Stokhauzu “Kinomexanikin qayıdışı” filminə diqqət ayırmasının ruhlandırıcı məqamının nədən ibarət olmasına dair sualına alman prodüser dedi ki: “Mən kino aşiqiyəm və bu film kino haqqındadır”. Filmlərə dayaq olan hər hansı distribütor şirkətinin olub-olmamasına Stokhauzun cavabından aydın oldu ki, distribütor çox vacib amildir. “Bu olmasa, film ekran üzünə həsrət qalacaq. “Kinomexanikin qayıdışı”na Berlin, Köln kimi festivallar dayaq oldular. Əlavə olaraq başqa bir qurumlara xahiş müraciətinə ehtiyac qalmadı və bu çox doğru addım idi”.
Dərsin ikinci hissəsi Lino Rettingerin belə bir replikası ilə başladı: “Təsəvvür edin ki, artıq bütün imkanları əldə etmisiniz və çəkilişlərə başlamaq məqamı çatıb”. Orxan Ağazadə dedi ki, mərhələli çəkiliş üsulunu seçdik: “Mən əvvəldən belə nəzərdə tutmuşdum. Və belə də etdim. Filmdə dörd fəslin dördü də əks olunub”.
L.Rettinger vurğuladı ki, burada heç kim, heç kimi məcbur edə bilməz: “Ümumi fikir, ortaq qənaət ola bilər yalnız. Və “Kinomexanikin qayıdışı” az sayda heyətlə genişmiqyaslı çəkilisin numunəsi idi. Bu zaman əsas odur ki, tritmenti unudasınız. Bundan sonrakı vacib məqam, baş qəhrəmanı canlandıracaq şəxsi tapıb onun daxili aləmini açmaqdır. Və bir də çəkiliş komandasının özünün qanun-qaydaları olmalıdır”.
Çəkilişin xüsusiyyətlərindən danışarkən, quruluşçu operator Daniel Quliyev dedi ki, kəndin yollarının çətin olması çəkiliş müddətini planlaşdırmağa imkan vermirdi, lakin bu çətinliyin yaxşı tərəfi də var idi – məkanı daha yaxşı öyrənmək imkanı. O, çəkiliş prosesində hekayənin içində itməməyin öhdəsindən gəlməyin vacibliyini qeyd etdi.
L.Rettinger: “İki cür film var: telefilmlər və arthaus filmləri. Birincidə ardıcıllıq vacibdir, ikincidə bu vacib deyil. Əsas odur ki öz ifadə dilinizi tapasınız”.
Səməd Ağayevin bu filmə prodüserlik etmək qərarından sonra şübhə, qorxu hisslərinin olub-olmamasına aid suala Rettinger dedi ki: “Şübhə hər zaman var və bu normaldır. Əsas qorxum çəkiliş komandasının sonrakı mərhələlərə enerji və motivasiyasının qalıb-qalmamasına aid idi”.
Gənc prodüser Sərxan Cəfərovla mükaliməsində Rettinger onun üçün yaradıcı prosesdə iştirakın çox vacib məqam olduğunu, montaj mərhələsinin bitkini əkib, onun böyümə prosesini müşahidə etməyə bənzədiyini dedi. “Bu film əvvəl üç saatlıq nəzərdə tutulmuşdu. Hazırolma müddəti isə sənədli kinonun tələb etdiyi kimi səkkiz ay çəkməli idi, amma bizdə iki dəfə az müddət çəkdi. Belə bir fikir var ki, filmin müəllifi rejissordur. Mən belə düşünmürəm. Film sanki bütün yaradıcı komandanın övladıdır. O, bu övladını tamaşaçılar üçün böyüdür. Filmin montajdan əvvəlki mərhələsində filmə baxarkən keçirdiyiniz hiss montajdan sonrakı ilə üst üstə düşüb-düşməməsi çox vacibdir. Bu mənada fotolarla montaj ən məqsədəuyğun bir üsuldur.
Orxan Ağazadə bir az əvvəlki qeydini davam etdirərək dedi ki, müəyyən mərhələdən sonra filmə münasibəti sırf texniki ovqata keçib və yalnız onu fikirləşib ki, hansı kadrları kəsməliyəm ki, ən uğurluları qalsın. L.Rettinger ümumi tövsiyə olaraq bildirdi ki, yalnız bütün heyətin fikri ortaq qənaət təşkil edəndən sonra filminizi fokus qrupa göstərə bilərsiniz, həm də bu zaman filminizin hansı dəyəri kəsb etdiyini dəqiq müəyyənləşdirməlisiniz.
Ustad dərsindən sonra gənc azərbaycanlı kinematoqrafçılara layihə təqdimatlarına aid tövsiyələrində Rettinger qeyd etdi ki, layihəni hazırlayıb tamamlayandan sonra, öncə bir dosta göstərmək qənaətbəxş olar. Xronometrajı dəqiqliyi ilə qeyd etməyə ehtiyac yoxdur. Çünki prodüserlə fikir ayrılığı yarana bilər. Filmin adı, tamaşaçının diqqətini cəlb etməlidir. Konflikt, münaqişə məqamı varsa, bu mütləq konkretləşdirilməlidir. Sinopsisdə bütün məqamlar qalxan xətt üzrə getməlidir. Dilin sadəliyinə və sərrastlığına fikir vermək lazımdır. Hekayənin nə dərəcədə, hansı xassədə təsirli olmasını tamaşaçı özü hiss etməlidir, siz bunu ona filmin adı və ya izahedici yarımbaşlıq vasitəsilə diqtə etməməlisiniz.
Ustad dərsi və ya qonaqlarımızın təbirincə desək, “vörkşop”, kino dalğasına koklənmiş insanların fikir mübadiləsi, tövsiyələrdən faydalanmaq ruhunda keçdi.
Samirə Behbudqızı