İki Teymurun film gecəsi

Sentyabrın 14-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissorlar Teymur Hacıyev və Teymur Qəmbərovun filmlərinin nümayişi baş tutub.

“İki Teymurun gecəsi” adlı tədbirin moderatorluğunu kinoşünas Sevda Sultanova edib.

Əvvəlcə Teymur Qəmbərovun kinoda debütü olan  “Quxuroba” filmi nümayiş olunub.Müəllif bildirib ki, baş rolunu  aktyor-rejissor Elvin Adıgözəlin oynadığı film daha çox onun öz başına gələn real hadisələr əsasında çəkilib: “Demək olar ki, filmin 80 faizi mənim başıma gəlib. Doğrudur, gəlin paltarı geyinməmişəm, amma gəlin paltarı aparmışam. Hətta  yanacaqdoldurma məntəqəsində kimlərisə hansısa kəndə aparmaq  xahişi ilə tez-tez rastlaşmışam”.

Qusarın Quxuroba kəndində çəkilən filmin nümayişindən sonra  rejissor Teymur Hacıyevin  sayca dördüncü –  “Axşama doğru”  filminə baxış keçirilib. Hər iki nümayişdən sonra müəlliflər çəkilişlərlə bağlı təcrübələrini bölüşüb, tamaşaçıların suallarını cavablandırıblar.

“Qərb kino ictimayyətini filmlərinizə cəlb etmək üçün hər hansı bir metodunuz varmı?” sualını Teymur Hacıyev belə şərh edib: “Məncə, burada Qərb, Şərq məsələsi yoxdur. Kino dili anlayışı var və bu, ümumi bir dildir. Fərqi yoxdur qarşınızdakı insan kolumbiyalıdır, almandır, rusdur. Əgər həmin adam çəkdiyiniz kinoya baxıb, valeh olursa, kino özü onunla danışırsa, onda o, sənə deyir ki, bəli, sən bacarırsan, gəl, səninlə söhbət edək. Artıq zaman dəyişib. İnternetin inkişafı ilə hər şey dəyişib. Qısametrajlı filmə baxmaq nə qədər vaxt ala bilər ki? Qulaqcıqla telefonda belə, qısametrajlı filmə baxmaq mümkündür. Əmin olun ki, filmə baxdıqdan sonra film özü sizin üçün komunikasiya yaradacaq və onlar özləri səni axtaracaqlar. Film haqda əcnəbilərlə yalnız texniki məsələləri danışmaq olar. Yoxsa, mən yaradıcılıq məsələsini əcnəbiyə izah etsəm, bu, o deməkdir ki, o, özü filmi hiss etməyib. Təsəvvür edin ki, siz hansısa lətifəni birinə izah edirsiniz. Əgər lətifə danışanda, gülən olmursa, deməli, alınmadı. Bunun izahı olmur axı”.

“Axşama doğru” filminin kommersiya layihəsi olmadığını bildirən rejissor deyib ki, filmə qoyduğu vəsait sadəcə etdiyi tədqiqat üçündür: “Bu,  formanı tapa bilmək üçün qoyulan pullardır. Çünki nə qədər möhtəşəm ssenari yazırsan yaz, onu çəkməsən, olmur. Kinonun qanunlarını anlamaq üçün kino mütləq çəkilməlidir. Əgər sən bunu anlamaq istəyirsənsə, özündə o potensialı görürsənsə, riskə gedib, öz pulun hesabına da olsa, bunu etməlisən, kino çəkməlisən. Bilirsiniz, dünyada on minlərlə filmlər çəkilir. Çoxu da yaxşı keyfiyyətli filmlərdir. Məncə, film çəkməyin ən böyük mənası odur ki, əgər sən nəsə  çəkirsənsə, mütləq ortaya nə isə bir fərq qoymalısan. Bunu da yalnız forma ilə edə bilərsən. Aktyordur, ssenaridir bunlar boş şeylərdir. Sənin yeganə yolun formadır. Əgər nə isə çəkirsənsə, bu, mütləq başqalarının çəkdiyindən fərqlənməlidir”.

Həmkarı  Qəmbərov kimi özünün də kino təhsili almadığını deyən Teymur Hacıyev bildirib ki, onun aktyorla işləmək metodu fərqlidir: “Mən kino oxumadığıma görə, aktyorla işləyə bilmirəm. Bu, mənim ən zəif yerimdir. Ona görə də mən real adamla işləyirəm. Yəni, o,  necədirsə, onunla işləyirəm. Filmin çəkilişləri zamanı  qəhrəman öz şəxsi həyatında müəyyən proseslərdən keçirdi. Yəni, onun halı onsuz da elə idi. Ümumiyyətlə, mən aktyora rejissorluq edib, “Sən bu obraza gir, bunu elə” demək kimi şeylərə inanmıram. Təbii ki, mən aktyora “bu tərəfə get, o tərəfə get” deyirdim. Yəni, ondan nələri isə çıxarırdım. Amma bu, sadəcə onun özündə olan şeylər idi. Ona yad olan nələr isə deyildi”.

Rejissor Teymur Hacıyevin söylədiyinə görə, o, filmlərini çəkərkən maddi yox, mənəvi uğur qazanmağa köklənir: “Siz cavan bir insansınız. Amma hətta siz belə, gəlirin sadəcə maddiyyat olduğunu düşünürsünüz. Sizə görə əgər bu layihənin maddi olaraq geri qayıdışı yoxdursa, deməli, bu, uğursuzdur və ya bu, problemdir. Bizim insanlar fikirləşir ki, sən 5 min və ya 10 min manat pul qoymusan, nə gəlir götürmüsən? Baxın, bu mühasib psixologiyası bu ölkəni dağıdıb, öldürüb! Bu, mühasib fikridir. Amma məncə, buna başqa tərəfdən baxmaq lazımdır. Mənim üçün bunun maddi dəyəri böyükdür”.

Moderatorun “Bir rejissor kimi özünüzü Azərbaycan kinosunun ənənələrinin davamçısı hesab edirsinizmi? Yoxsa, kinoda tamamilə yeni bir başlanğıc tendensiyasını əks etdirmək iddiasındasınız?” sualına rejissor Teymur Qəmbərov belə cavab verib: “Mən özümə hər hansı çərçivə qoymaq istəmirəm. Çox çalışıram ki, yeni bir şeylər edim. Qısametrajlı ssenarini telefonda da qeyd edə bilərəm. Amma doğrudan da, əsas formadır.  Mən hazırda operatorumla sadəcə bunun üzərində çalışıram ki, nə isə yeni bir forma yaradaq. Ənənəyə qayıtsaq, doğrusu, Azərbaycan filminin ənənəsinin nə olduğunu  mən bilmirəm”.

Teymur Hacıyev isə məlum suala cavab olaraq deyib ki, o, yalnız gələcəyin filmini kəşf etmək yolundadır: “Teymur və ya mən bizim hansısa tanınmış rejissorlarımızın tələbələri deyilik və onların əhatəsində olmamışıq. Ona görə də bizim üçün çətindir bu haqda nə isə demək. Biz Teymurla gələcəyin kinosuna baxırıq. Biz retrospektiv deyə bilmərik ki,  kiminsə  ənənəsindəyik, yoxsa, deyilik. Bunu başqa adamlar deyə bilər. Mənim yeganə ideyam odur ki, gələcyi görüm. Görə bilirsəmsə, uğurluyam. Görə bilmirəmsə, vəssalam”.

Teymur  Hacıyev çıxışında  film çəkmək üçün pulsuzluqdan şikayətlənən rejissorları da təndiq edib: “Yaxşı, ola bilər ki, kimsə sənə kino çəkməkçin pul vermir, başına gələn ideya da pulla gəlmir ki? Önəmli olan bizdəki bu xəstəlikdən xilas olmaqdır. Kimlərəsə verilən pulu hesablamaq yerinə, biz çalışmalıyıq ki, ortaya ideya qoyaq.   Yeni kinonu sezmək duyğusu səndə olmalıdır, ya yox? Bu da nazirlikdən asılı deyil ki. Əsas problem  irəli gedən, irəlidə olan kinonu duymaq məsələsidir. Biz sizinlə saatlarla keçmişi müzakirə edə bilərik, amma bu, bizə heç bir şey verməyəcək. Biz bu pulsuz, mövcud şəraitdə ortaya nəsə qoymağın metodlarını tapmalıyıq ki, dünyada da bununla səs gətirə bilək”.

Kinoşünas Sevda Sultanovanın “Filmi sadəcə mənəvi zövq üçünmü çəkirsiniz?” sualına cavabında isə Teymur  Hacıyev deyib  ki, onun üçün kino hələ kəşf olunmayan, gələcəkdə olan məhfumdur: “Bizdə hər kəs,  kino tənqidçiləri, hətta siz də (Sevda Sualtanovanı göstərir- İ.A.L) həmişə arxaya baxırsınız. Mən sizin də, Aygün xanım  (kinoşünas Aygün Aslanlını nəzərdə tutur-İ.A.L.) getdi, onun da yazılarını oxuyanda, görürəm ki, siz həmişə kinonu keçmişdə çəkilən filmlərlə müqayisə edirsiniz. Amma bu dövr artıq bitib. Mən öz ehtiyaclarımı ödəmək üçün xarici mənbələrə üz tuturam və görürəm ki, insanlar elə şeylər çəkirlər ki, baxanda  xəcalət çəkirəm. Amma buna rəğmən çəkirəm, çünki mən onlarla rəqabət aparıram. Çünki onlar gələcəkdir. Kino keçmiş deyil, kino gələcəkdir”.

Tədbir rejissorların moderator və tamaşaçıların suallarını cavablandırması ilə davam edib.

İzolda Lalə Ağayeva